Dünya liderlərini təqlid edən robot ictimaiyyətə təqdim olunub

Dünya liderlərini təqlid edən robot ictimaiyyətə təqdim olunub
Reuters

İyulun 7-də Cenevrədə keçirilən “AI for Good” Qlobal Sammitində dünya liderləri və biznes rəhbərlərinin üzlərini yamsılaya bilən robot nümayiş etdirilib.İsveçrə istehsalı olan insanabənzər robot dünya liderləri və biznes rəhbərlərinin simalarını canlandıra bilir.

Tərtibatçıların fikrincə, bu texnologiya insanlarla maşınlar arasındakı qarşılıqlı əlaqəni daha təbii və ifadəli edə bilər. Cenevrədə yerləşən “RB Labs” startapının hazırladığı Robert adlı robotun üz hissəsində rəqəmsal ekran yerləşdirilib. Təqdimat zamanı ekranda ABŞ Prezidenti Donald Trampın, “Meta” şirkətinin baş icraçı direktoru Mark Zukerberqin və ABŞ-nin keçmiş prezidenti Barak Obamanın simaları əks etdirilib.

Robert hərəkətsiz və ifadəsiz üzə malik digər robotlardan fərqlənir. Onun üz hissəsində yerləşdirilən rəqəmsal ekran müxtəlif simaları və emosiyaları əks etdirir. Robot gülümsəyir, reaksiyalar verir və istifadəçilərlə sözsüz ünsiyyət qura bilir.

“Ünsiyyətin böyük hissəsi sözsüz siqnallar vasitəsilə baş verir. Robotla qarşılıqlı əlaqə zamanı bu xüsusiyyət xüsusilə vacibdir”, — “RB Labs”ın həmtəsisçisi Robin Krambrukers bildirib.

Robotun sima cizgiləri saniyələr ərzində dəyişir

Robert Birləşmiş Millətlər Təşkilatının dəstəyilə keçirilən “AI for Good” sammitində ictimaiyyətə təqdim olunub. Tədbir iştirakçıları robotla şəkil çəkdirib və onunla ünsiyyət qurublar. Bütün bu bacarıqlarına baxmayaraq, Robert robot olaraq qalır.

Robotlaşdırılmış mebel yaşlı insanlara dəstək olmalıdır

Sammitdə İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin (EPFL) tədqiqatçıları yaşlılar və sağlamlıq imkanları məhdud şəxslər üçün hazırlanan robotlaşdırılmış mebeli də nümayiş etdiriblər.

Bu texnologiya onların gündəlik hərəkətlərini asanlaşdırmaq və müstəqil yaşamalarına dəstək vermək məqsədi daşıyır. Layihə çərçivəsində masa və digər məişət əşyaları otaqda sərbəst şəkildə hərəkət edə bilmələri üçün mobil robot platformalarına quraşdırılıb. İstifadəçilər planşet vasitəsilə otaqdakı düzülüşü dəyişə və ya mebelə keçid üçün yer yaratmaq göstərişi verə bilərlər.

Konsepsiya “hərəkətli yardımçı robotlar”la bağlı tədqiqatlar əsasında hazırlanıb. Bu sistemlər mebelin istifadəçini izləməsinə, lazım olan əşyaları gətirməsinə və ehtiyaclara uyğun olaraq yerini dəyişməsinə imkan verir.

Teqlər