"Amazon"a məxsus "Zoox" şirkəti ilk sürücüsüz robot taksini təqdim edib

"Amazon"a məxsus "Zoox" şirkəti ilk sürücüsüz robot taksini təqdim edib
Zoox robot taksisi ABŞ-ın Texas ştatının Ostin şəhərinin mərkəzi küçələrində hərəkət edir, 31 mart 2026-cı il.
Reuters

"Amazon" şirkətinə məxsus "Zoox" ABŞ-da sükan və pedalları olmayan, xüsusi olaraq hazırlanmış robot taksilərlə sərnişin daşımaq və ödənişli xidmət göstərmək üçün federal icazə alan ilk şirkət olub. Bu, avtonom nəqliyyat sənayesi üçün mühüm mərhələ hesab olunur.

ABŞ Milli Avtomobil Yolları Hərəkəti Təhlükəsizliyi Administrasiyası (NHTSA) "Zoox"a insan idarəetməsi üçün nəzərdə tutulan bəzi təhlükəsizlik qaydalarından istisna verib. Bu icazə şirkətə növbəti iki il ərzində hər il 2 500-ə qədər robot taksi istifadəyə verməyə imkan yaradır.

"Zoox" bildirib ki, yaxın zamanda Las-Veqasda sərnişinlərə ödənişli xidmət göstərməyə başlayacaq. Şirkət digər şəhərlərdə fəaliyyət göstərmək üçün də yerli icazələr almağı planlaşdırır.

Şirkətin elektrikli robot taksisi xüsusi olaraq sürücüsüz idarəetmə üçün hazırlanıb. Avtomobildə qarşı-qarşıya yerləşən iki sıra oturacaq var və nəqliyyat vasitəsi saatda 120 kilometrədək sürətlə hərəkət edə bilir.

"Zoox" avtonom taksi bazarında "Alphabet"ə məxsus sürücüsüz avtomobil şirkəti "Waymo" və elektrik avtomobil istehsalçısı "Tesla" ilə rəqabət aparır. Təhlükəsizlik məsələsi diqqət mərkəzindədir

NHTSA bildirib ki, "Zoox" avtomobilləri sükan və pedal olmamasına baxmayaraq, adi nəqliyyat vasitələri ilə eyni təhlükəsizlik standartlarına cavab verir. Bu avtomobillər ictimai satış üçün nəzərdə tutulmayıb.

İcazə şərtlərinə əsasən, "Zoox" qəza və digər təhlükəsizlik hadisələri barədə məlumat verməlidir. Avtomobillərə uzaqdan nəzarət edən operatorlar isə ABŞ-da yerləşməlidir. NHTSA ciddi təhlükəsizlik problemləri yaranacağı halda icazəni ləğv edə bilər.

Qərar avtonom nəqliyyat texnologiyalarının inkişafı fonunda qəbul edilib. Tənzimləyici qurumlar sürücüsüz avtomobillər üçün yeni qaydalar hazırlayarkən təhlükəsizlik məsələlərinə xüsusi diqqət yetirirlər.

NHTSA bu ay sürücüsüz avtomobillərin fövqəladə hallar zamanı xilasedicilərin fəaliyyətinə mane olması ilə bağlı istehsalçılara xəbərdarlıq edib.

Bu xəbərdarlıqdan sonra "Zoox" proqram təminatındakı problemi aradan qaldırmaq üçün 105 avtonom avtomobilini geri çağırıb. Şirkət sistemin fövqəladə hallarda güclü tüstünü aşkar etməsində problem yarana biləcəyini bildirib.

Teqlər