Tramp “Süni intellekt qüvvələri” yaradacağını açıqlayıb

Tramp “Süni intellekt qüvvələri” yaradacağını açıqlayıb
ABŞ Prezidenti Donald Tramp Ağ Evin Oval kabinetində açıqlama verir. Vaşinqton, ABŞ, 18 sentyabr 2026-cı il.
Reuters

ABŞ Prezidenti Donald Tramp sentyabrın 19-da süni intellektə nəzarət məqsədilə “Süni intellekt qüvvələri” yaradacağını və bu sahə üzrə məsul şəxs təyin edəcəyini açıqlayıb.

Tramp bildirib ki, yeni struktur onun ilk prezidentliyi dövründə yaradılan ABŞ Kosmik Qüvvələri nümunəsində formalaşdırılacaq.

“Bu məqsədlə, Kosmik Qüvvələri yaratdığım kimi, ‘Süni intellekt qüvvələri’ni də yaradıram”, – Tramp “Truth Social” platformasında yazıb. O, süni intellekt üzrə məsul şəxsin adını yaxın vaxtlarda açıqlayacağını bildirib.

Tramp “Süni intellekt qüvvələri”nin necə fəaliyyət göstərəcəyini, hansı dövlət strukturuna daxil olacağını və konkret hansı səlahiyyətlərə malik olacağını açıqlamayıb.

Tramp süni intellektə əlavə məhdudiyyətlərin əleyhinədir

Tramp bildirib ki, süni intellektə əlavə məhdudiyyətlərin tətbiqi Çinlə texnologiya rəqabətində ABŞ-nin mövqeyini zəiflədə bilər.

“Biz bu sahənin inkişafına mane olmayacağıq və əlavə məhdudiyyətlər qoymayacağıq”, – Tramp deyib. Onun sözlərinə görə, süni intellektdən zərərli məqsədlərlə istifadə hallarına qarşı mövcud cinayət və mülki qanunvericilik çərçivəsində tədbir görülə bilər.

Trampın mövqeyi texnologiya sektorunun bəzi aparıcı nümayəndələrinin çağırışlarından fərqlənir. “Anthropic” şirkətinin baş direktoru Dario Amodei və “OpenAI”ın baş direktoru Sem Altman da daxil olmaqla bir sıra texnologiya rəhbərləri daha güclü süni intellekt sistemlərinin sürətli inkişafı ilə bağlı risklərə diqqət çəkərək təhlükəsizlik tədbirlərinin gücləndirilməsinə çağırıblar.

Tramp sentyabrın 14-də süni intellektin bəşəriyyət üçün təhlükə yarada biləcəyi ilə bağlı xəbərdarlıqları “uydurma” adlandırıb və texnologiyaya əlavə məhdudiyyətlərin qoyulmasına qarşı çıxıb.

ABŞ prezidenti süni intellekti böyük iqtisadi imkan kimi də qiymətləndirib. O bildirib ki, bu texnologiya gələcəkdə ABŞ-nin ümumi daxili məhsulunun 25 faizinə qədərini təşkil edə bilər. Tramp bu rəqəmi əsaslandıran məlumat təqdim etməyib.

“Biz Çini və dünyanın qalan hissəsini qabaqlayırıq və mən bunun belə qalmasını istəyirəm”, – Tramp bildirib.

Teqlər