Avropanın Mars tədqiqat aparatının prototipi İspaniya səhrasında sınaqdan keçirilib

Avropanın Mars tədqiqat aparatının prototipi İspaniya səhrasında sınaqdan keçirilib
Altıtəkərli Mars roverinin prototipi sınaqdan keçirilir. Tabernas, İspaniya, 1 oktyabr 2026-cı il.
Reuters

Avropa Kosmik Agentliyi (ESA), “Airbus” və avropalı tərəfdaşlar altıtəkərli Mars roverinin prototipini İspaniyanın Tabernas səhrasında sınaqdan keçiriblər. Sınaq zamanı gələcək Mars missiyası üçün nəzərdə tutulan şərait simulyasiya edilib.

“Charlie” adlanan prototip oktyabrın 1-də peyk vasitəsilə İtaliyanın Turin şəhərində yerləşən Rover Əməliyyatlarını İdarəetmə Mərkəzindən uzaqdan idarə olunub.

Sınaqlar ESA-nın “ExoMars Rosalind Franklin” missiyası üçün nəzərdə tutulan texnologiya və prosedurları yoxlamaq məqsədi daşıyıb. 2030-cu ildə Marsa enməsi planlaşdırılan rover Marsda keçmişdə və ya hazırda həyatın mövcudluğuna dair dəlillər axtaracaq.

“Bu sahə sınağının məqsədi İtaliyanın Turin şəhərindəki idarəetmə mərkəzinin əməkdaşlarını roveri Mars şəraitində idarə etməyə hazırlamaqdır”, – “Airbus Defence and Space” komandasının rəhbəri Vinsent Şeffer bildirib.

Avtonom tədqiqatlara hazırlıq

Əsas çətinliklərdən biri Yer ilə Mars arasında siqnalın ötürülməsində yaranan gecikmədir. Bu gecikmə 45 dəqiqəyə çata bilər və operatorların roveri real vaxt rejimində idarə etməsinə imkan vermir.

Buna görə “Charlie”nin əvvəlcədən müəyyən edilmiş nöqtələr arasında avtonom hərəkət imkanları sınaqdan keçirilir. Rover operatorların əvvəlcədən görə bilmədiyi relyef sahələri də daxil olmaqla, gündə təxminən 60–70 metr məsafə qət edə bilir.

“Əsas məqsəd elmi tədqiqat aparmaqdır”, – Şeffer bildirib. O qeyd edib ki, rover sürət üçün deyil, uzun məsafələri təhlükəsiz qət etmək üçün hazırlanıb.

Komandalar həmçinin “Rosalind Franklin” roverinin Marsda həyata keçirməsi nəzərdə tutulan elmi fəaliyyətləri sınaqdan keçirib və onun avtonom naviqasiya sisteminin son versiyasını qiymətləndiriblər.

Marsın öyrənilməsi Yer haqqında yeni məlumatlar verə bilər

ESA bildirir ki, Marsın öyrənilməsi alimlərə Yeri daha yaxşı anlamağa da kömək edə bilər.

ESA-nın kəşfiyyat missiyalarına hazırlıq, tədqiqat və texnologiya üzrə rəhbəri Benua Puffari bildirib ki, Marsın iqlimi və atmosferinin zamanla necə dəyişdiyini öyrənmək tədqiqatçılara Yerdəki iqlim mexanizmlərini daha yaxşı anlamağa kömək edə bilər.

Avropalı tədqiqatçılar daha dəqiq eniş texnologiyasının hazırlanması üzərində də işləyirlər. Bu texnologiya gələcəkdə kosmik aparatların Marsın daha mürəkkəb ərazilərinə enməsinə imkan verə bilər.

“Eniş nə qədər dəqiq olarsa, bir o qədər mürəkkəb ərazilərə enmək mümkün olar”, – Puffari bildirib.

Daha Ətraflı:

Teqlər