“Microsoft” yeni Sİ təhlükəsizlik texnologiyasını və “Surface” notbukunu təqdim edib

“Microsoft” yeni Sİ təhlükəsizlik texnologiyasını və “Surface” notbukunu təqdim edib
“NVIDIA”nın baş direktoru Censen Huanq və “Microsoft”un baş direktoru Satya Nadella “Microsoft Windows and Surface” tədbirində. San-Fransisko, ABŞ, 7 oktyabr 2026-cı il.
Reuters

“Microsoft” süni intellekt agentlərinin məlumatlara icazəsiz çıxışının qarşısını almaq üçün nəzərdə tutulan yeni təhlükəsizlik alətlərini, həmçinin qabaqcıl süni intellekt modellərini birbaşa cihazda işlədə bilən “NVIDIA” texnologiyalı “Surface” notbukunu təqdim edib.

Şirkət proqram kodu yazmağa kömək edən və birbaşa fərdi kompüterlərdə işləyən yeni süni intellekt modelini də təqdim edib.

Yeniliklər oktyabrın 7-də San-Fransiskoda keçirilən tədbirdə açıqlanıb. Burada “NVIDIA” texnologiyası ilə təchiz edilmiş “Surface Laptop Ultra” modeli də nümayiş etdirilib.

Tədbirdə “Microsoft”un baş direktoru Satya Nadella və “NVIDIA”nın baş direktoru Censen Huanq iştirak ediblər. Bu, iki texnologiya şirkəti arasında uzun illərdir davam edən əməkdaşlığın növbəti mərhələsi kimi təqdim olunub.

Şirkətlər proqramlaşdırma köməkçiləri və avtomatlaşdırılmış biznes tətbiqləri də daxil olmaqla süni intellekt alətlərini birbaşa fərdi kompüterlərə gətirməyə çalışırlar. Məqsəd bu texnologiyaların bulud xidmətlərindən tam asılılığını azaltmaqdır.

Huanq bildirib ki, bu texnologiyalar proqram təminatının hazırlanması üsullarını dəyişə bilər və yeni nəsil proqramçılar tətbiq, model və proqram təminatı hazırlayarkən süni intellektdən getdikcə daha çox istifadə edəcəklər.

“Tamamilə yeni nəsil proqram tərtibatçıları yetişəcək. Onlar süni intellektdən istifadə edərək proqram hazırlayacaqlar”, – Huanq bildirib.

“Microsoft” süni intellekt agentləri üçün yeni təhlükəsizlik alətləri təqdim edib

Yeni texnologiyalar süni intellekt agentlərinin təhlükəsizliyi ilə bağlı narahatlıqların artdığı bir dövrdə təqdim olunub. Bu agentlər fayllara çıxış əldə edə, tətbiqlərdən istifadə edə və insanın daimi nəzarəti olmadan tapşırıqları yerinə yetirə bilirlər.

Ənənəvi çatbotlardan fərqli olaraq, belə sistemlər istifadəçi adından əməliyyat həyata keçirə bilir. Bu isə məlumatlara çıxış və nəzarətlə bağlı əlavə risklər yaradır.

“Microsoft” süni intellekt agentlərinin fəaliyyətini təcrid olunmuş mühitdə məhdudlaşdıran “Microsoft Execution Containers” (MXC) təhlükəsizlik sisteminin “Windows”da ümumi istifadəyə verildiyini açıqlayıb. Sistem agentlərin fayllara, şəbəkələrə və həssas məlumatlara çıxışını məhdudlaşdırmaq üçün nəzərdə tutulub.

Huanq bildirib ki, texnologiya təşkilatlara süni intellekt agentlərinin hansı məlumat və sistemlərə çıxış əldə edə biləcəyini dəqiq müəyyən etməyə imkan verəcək və avtonom sistemlərin daha təhlükəsiz istifadəsinə şərait yaradacaq.

Huanqın sözlərinə görə, MXC süni intellekt agentlərinin ayrıca, təcrid olunmuş icra mühitində işləməsini təmin edir.

“Microsoft”un məlumatına görə, sistem süni intellekt agentlərinin həyata keçirdiyi əməliyyatları qeydə ala bilir. Bu, təhlükəsizlik komandalarına onların fəaliyyətini izləməyə, şübhəli davranışları araşdırmağa və zərurət yarandıqda çıxışı məhdudlaşdırmağa imkan verir.

Bununla belə, bu təhlükəsizlik mexanizmlərinin real istifadə şəraitində nə dərəcədə effektiv olacağı hələ məlum deyil.

Şirkət, həmçinin “OpenAI” və “Anthropic”in süni intellekt agentlərinin təhlükəsizliyini artırmaq üçün “MXC” texnologiyasından istifadə edəcəyini açıqlayıb.

Texnologiya “Windows”, “macOS” və “Linux” əməliyyat sistemlərində işləmək üçün nəzərdə tutulsa da, “Microsoft” “Windows”da daha dərin inteqrasiyanın mümkün olacağını bildirib.

“Microsoft” süni intellekti bulud texnologiyalarından kənara çıxarır

Yeni təqdimatlar “Microsoft”un süni intellekt əsaslı yeni nəsil əməliyyat sistemləri yaratmaq strategiyasının bir hissəsidir.

Şirkət bu yanaşmanı “hibrid intellekt” adlandırır. Bu yanaşma fərdi cihazların hesablama gücünü bulud hesablama xidmətləri ilə birləşdirir.

Süni intellekt modellərinin birbaşa fərdi kompüterlərdə işlədilməsi internet bağlantısından asılılığı azalda və bəzi həssas məlumatların cihazdan kənara çıxmamasına imkan verə bilər. Bu yanaşma bulud hesablama xərclərini də azalda bilər. Lakin performans istifadə olunan avadanlıqdan və modellərin mürəkkəbliyindən asılı olacaq.

Nadella bildirib ki, gələcəkdə istifadəçilər süni intellekt funksiyalarının cihaz və bulud arasında problemsiz işləməsini gözləyəcəklər və hansı prosesin lokal, hansının isə buludda həyata keçirildiyini fərqləndirməyə ehtiyac qalmayacaq.

“Mənim üçün gələcək istiqamət aydındır. Hansı funksiyanın cihazda, hansının isə buludda işlədiyini düşünməyə ehtiyac qalmayacaq. Hibrid intellektin hər yerdə əlçatan olmasını gözləyəcəyik”, – Nadella bildirib.

Bu yanaşma süni intellektlə bağlı daha çox əməliyyatın birbaşa fərdi kompüterlərdə yerinə yetirilməsinə imkan verərək “Microsoft”un bahalı bulud infrastrukturundan asılılığını azalda bilər.

“Microsoft”un “Surface Laptop Ultra” modelinin böyüdülmüş təsviri “Windows & Surface” tədbirində nümayiş etdirilir. San-Fransisko, ABŞ, 7 oktyabr 2026-cı il.
Reuters
“NVIDIA” texnologiyalı “Surface Laptop Ultra” təqdim olunub

“Microsoft” proqram təminatı yenilikləri ilə yanaşı, proqram tərtibatçıları və kontent yaradıcıları üçün yüksək məhsuldarlıqlı “Surface Laptop Ultra” notbukunu da təqdim edib.

Notbuk “NVIDIA”nın “RTX Spark” texnologiyası ilə təchiz olunub və 128 giqabayta qədər vahid yaddaş, “PixelSense” sensor ekranı və müəyyən hesablama şəraitində bir petaflopadək nəzəri süni intellekt məhsuldarlığı təklif edir.

Bu göstəricilər mürəkkəb süni intellekt modellərinin birbaşa notbukda işlədilməsi və hazırlanması kimi yüksək hesablama gücü tələb edən tapşırıqlar üçün nəzərdə tutulub.

“Microsoft”un məlumatına görə, cihazın istiliyi idarəetmə imkanları rəqib notbuklardan 2,5 dəfə yüksəkdir. Notbukun çəkisi təxminən 4,5 funt, yəni iki kiloqramdan bir qədər çoxdur.

Cihazda “Magnetic Connect” adlı maqnitli “USB-C” enerji doldurma sistemi də mövcuddur.

“Surface Laptop Ultra”nın qiyməti 2 599 dollardan başlayır, ən yüksək komplektasiyanın qiyməti isə 5 899 dollara çatır.

“Microsoft”un rəsmi məlumatına görə, “Surface Laptop Ultra” oktyabrın 16-dan satışa çıxarılacaq. “RTX Spark” texnologiyalı digər kompüterlərin də çatdırılmasına həmin tarixdən başlanması nəzərdə tutulur.

“Microsoft”, həmçinin “Meta”nın “Muse” süni intellekt modelinin “Windows”da əlçatan olacağını, “Call of Duty” videooyununun isə 2027-ci ildə “RTX Spark” sistemlərinə gələcəyini açıqlayıb.

Bu yeniliklər süni intellektin birbaşa fərdi kompüterlərdə işlədilməsi istiqamətində daha geniş texnoloji dəyişikliklərin göstəricisidir. “Microsoft” və “Apple” birbaşa cihazlarda işləyən süni intellekt texnologiyalarını inkişaf etdirmək üçün rəqabət aparırlar.

Bu texnologiyalar sürət, məxfilik və xərclər baxımından üstünlüklər vəd etsə də, daha müstəqil fəaliyyət göstərən süni intellekt sistemlərinin məhsuldarlığı və təhlükəsizliyi ilə bağlı suallar hələ də açıq qalır.

Teqlər