Türkiyədə 15 yaşdan kiçiklərə sosial media qadağası tətbiq olunacaq

Türkiyədə 15 yaşdan kiçiklərə sosial media qadağası tətbiq olunacaq
Şagirdlər 16 yaşdan kiçiklərə sosial media qadağasını müzakirə edərkən telefonları ilə poz verirlər. London, Böyük Britaniya, 23 fevral 2026-cı il.
Reuters

Türkiyədə 15 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan edilib. Oktyabrın 10-da dərc olunan yeni qaydalara əsasən, sosial media şirkətləri bu yaş qrupundakı uşaqlara xidmət göstərə bilməyəcək.

Şirkətlər 15–17 yaşlı yeniyetmələr üçün əlavə təhlükəsizlik tədbirləri görməli və onların yaşına uyğun xüsusi xidmətlər təqdim etməlidirlər.

Bu yaş qrupundakı istifadəçilərin hesabları məxfi saxlanılmalı, izlədikləri şəxslər və izləyiciləri isə başqalarına görünməməlidir.

Yeni qaydalar telefon kontaktlarının sinxronlaşdırılmasını, videoların avtomatik oynadılmasını və paylaşımların fasiləsiz göstərilməsini də qadağan edir. Ekran görüntüsü almaq imkanı da məhdudlaşdırılmalıdır.

Yeni qaydalar apreldə qəbul edilən qanuna əsaslanır

Qaydalar Türkiyə Böyük Millət Məclisinin apreldə qəbul etdiyi sosial media haqqında qanun əsasında hazırlanıb.

Sosial şəbəkə istifadəçiləri yaşlarını Türkiyə hökumətinin elektron portalı vasitəsilə təsdiqləməli olacaqlar. Mövcud hesab sahiblərinə yaşlarını təsdiqləmək üçün 2027-ci il martın 31-dək vaxt verilib.

İllüstrativ fotoda smartfonun ekranında “Facebook”, “TikTok”, “Twitter”, “YouTube” və “Instagram” tətbiqləri görünür. 13 iyul 2021-ci il.
Reuters

Türkiyənin ailə və sosial xidmətlər naziri Mahinur Özdemir Göktaş bildirib ki, yeni qaydaların dərc olunması uşaqların internetdə təhlükəsizliyinin təmin edilməsi istiqamətində yeni mərhələnin başlanğıcıdır.

Avstraliya 2025-ci ilin dekabrında 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsini qadağan edən dünyada ilk ölkə olub.

Bundan sonra digər ölkələrdə də oxşar addımlar gündəmə gəlib. Azərbaycan, Kanada, Qazaxıstan, Malayziya və Yeni Zelandiya da daxil olmaqla, bir sıra ölkələrdə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırmaq üçün qanunvericilik təşəbbüsləri irəli sürülüb.

Teqlər