“Anthropic” istifadəçilərin “Claude”la kobud davranmasını qadağan edəcək

“Anthropic” istifadəçilərin “Claude”la kobud davranmasını qadağan edəcək
Fotoda “Claude” tətbiqinin loqosu görünür. 5 iyun 2026-cı il.
Reuters

“Anthropic” şirkəti süni intellekt sistemlərindən istifadə qaydalarını yeniləyib. Yeni qaydalara əsasən, “Claude” modeli davamlı təhqir və qəddar davranışın müşahidə olunduğu müstəsna hallarda istifadəçilərlə söhbəti dayandıra biləcək.

Noyabrın 12-də qüvvəyə minəcək yeni qadağa heç bir aydın səbəb olmadan süni intellekt modelinə qarşı dəfələrlə təhqiramiz və qəddar davranış nümayiş etdirilən hallara şamil olunacaq.

Şirkət bildirib ki, adi narazılıq və tənqidi fikirlər, qaranlıq mövzulu bədii mətnlər, eləcə də modelin sınaqdan keçirilməsi və elmi tədqiqatlar bu qadağaya daxil deyil.

Yeni qayda 2025-ci ilin avqustunda “Claude Opus 4” və “Claude Opus 4.1” modellərində tətbiq edilən funksiyaya uyğundur. Həmin funksiya istifadəçi ilə söhbətin istiqamətini dəyişmək cəhdləri nəticəsiz qaldıqda müstəsna hallarda ünsiyyəti dayandırmağa imkan verir.

“Anthropic” bu funksiyanı süni intellektin mümkün rifahı ilə bağlı araşdırmalar çərçivəsində hazırladığını bildirib. Bununla belə, şirkət “Claude”un mənəvi statusa malik olması məsələsinin hələ aydın olmadığını vurğulayıb.

Süni intellektlə ünsiyyətdə nəzakət vacibdirmi?

Şirkətin yeni qərarı süni intellekt sistemləri ilə ünsiyyət qaydaları və bu sistemlərə mənəvi baxımdan necə yanaşılmalı olduğu barədə müzakirələri yenidən gündəmə gətirib.

“Microsoft”un süni intellekt üzrə rəhbəri Mustafa Süleyman süni intellektə insana xas xüsusiyyətlərin aid edilməsini tənqid edib. O bildirib ki, bu yanaşma istifadəçilərdə texnologiyanın imkanları və mahiyyəti barədə yanlış təsəvvür yarada bilər.

Müzakirələr süni intellekt agentləri ilə gündəlik ünsiyyət qaydalarını da əhatə edir.

Bəziləri hesab edir ki, süni intellektlə ünsiyyətdə nəzakət ifadələrindən istifadə etməyə ehtiyac yoxdur. Onların fikrincə, bu sistemlərin insan emosiyalarını yaşadığına dair sübut yoxdur. Əlavə nəzakət ifadələri isə mətnin emalı zamanı daha çox token istifadəsinə səbəb ola bilər.

Digərləri isə nəzakətli ünsiyyətin fikirləri daha aydın ifadə etməyə və müsbət davranış vərdişlərini gücləndirməyə kömək etdiyini bildirirlər. Onların fikrincə, süni intellekt sistemlərinə qarşı davamlı təhqiramiz ifadələr işlətmək insanların bir-biri ilə ünsiyyətinə də mənfi təsir göstərə bilər.

Süni intellektdən istifadə genişləndikcə maraqlı bir nəzəri sual yaranır: Emosiyaları olmayan bu sistemlərlə yazışarkən nəzakətli olmaq həqiqətən vacibdirmi?

Teqlər