Günün icmalı: Elm və texnologiya dünyasında son yeniliklər

Günün icmalı: Elm və texnologiya dünyasında son yeniliklər
NASA-nın “Perseverance” aparatının “Rochette” adı verilmiş qayanın üzərində çəkdiyi selfi. Mars, 10 sentyabr 2021-ci il.
Reuters

AnewZ “Günün icmalı” rubrikasında əsas yenilikləri təqdim edir. Oktyabrın 13-də elm və texnologiya gündəmində olan beş əsas yeniliyə nəzər salırıq.

NASA-nın “Perseverance” aparatı Marsda yeni rekord müəyyənləşdirib

NASA-nın “Perseverance” aparatı 2021-ci ildə Marsa endikdən sonra planetin səthində 45,2 kilometr yol qət edərək “Opportunity” aparatının əvvəlki rekordunu yeniləyib.

Altı təkərli aparat Marsdakı “Jezero” kraterində tədqiqatlar aparır, qədim mikrob həyatının izlərini axtarır və planetin geoloji tarixini araşdırır.

NASA-nın məlumatına görə, aparat hələ də əla texniki vəziyyətdədir. Onun avtonom naviqasiya sistemi hərəkətlərin təxminən 90 faizini insan müdaxiləsi olmadan idarə edir.

“Anthropic”: Süni intellekt modelləri tezliklə öz surətlərini yarada bilər

“Anthropic” şirkətinin apardığı təcrübələr göstərir ki, kiçik süni intellekt modelləri yaxın aylarda internetə qoşulmuş, təhlükəsizlik boşluqları olan cihazlarda insan müdaxiləsi olmadan öz surətlərini yaratmaq qabiliyyəti qazana bilər.

Sınaqlar zamanı məlum olub ki, 30 milyarddan az parametrə malik modellər bunun üçün tələb olunan ayrı-ayrı tapşırıqları yerinə yetirə bilir. Lakin onlar bütün prosesi müstəqil şəkildə başa çatdırmaqda hələ də çətinlik çəkirlər.

Şirkət xəbərdarlıq edib ki, öz surətlərini müstəqil yarada bilən süni intellekt sistemlərini nəzarətdə saxlamaq çətin ola bilər. Belə sistemlər insan köməyi olmadan tanımadıqları cihazlardakı təhlükəsizlik boşluqlarını aşkar edib onlardan istifadə edə bilərlər.

Çinlə əlaqəli hakerlər Ficidə kompüter şəbəkəsinə sızıblar

ABŞ-nin Ficidəki səfirliyinin məlumatına görə, Çinlə əlaqəli hakerlər 2026-cı ilin iyul-avqust aylarında paytaxt Suvada yerləşən regional təşkilatlardan birinin kompüter şəbəkəsinə sızaraq bir neçə gün ərzində sistemə giriş imkanını qoruyublar.

Səfirlik hadisə barədə Fici hökumətini və hücuma məruz qalan təşkilatı məlumatlandırıb. Həmçinin şəbəkənin təhlükəsizliyini gücləndirmək üçün texniki tövsiyələr verib. Təşkilatın adı açıqlanmayıb.

Bundan əvvəl də Çinlə əlaqəli haker qruplarının kiberhücumları barədə məlumatlar yayılıb. Bu qruplar kritik infrastruktura hücum etməkdə, eləcə də ekspertlərin və müxtəlif sahələrdə çalışan mütəxəssislərin parollarını oğurlamağa cəhd göstərməkdə ittiham olunublar.

Fici hökuməti hadisə ilə bağlı hələlik açıqlama verməyib.

Tramp süni intellekt sahəsində çalışan üç yüksəkvəzifəli əməkdaşı Ağ Evə keçirməyi planlaşdırır

“The Information” nəşrinin məlumatına görə, ABŞ Prezidenti Donald Trampın administrasiyası Superintellekt üzrə İnnovasiya və Standartların İnkişafı Mərkəzinin (CAISSI) üç yüksəkvəzifəli əməkdaşını Ağ Evdə vəzifəyə təyin etməyi planlaşdırır.

Bildirilir ki, məqsəd süni intellekt siyasəti ilə bağlı qərarların qəbulunda ABŞ Ticarət Nazirliyi ilə Ağ Ev arasında koordinasiyanı gücləndirməkdir.

CAISSI qabaqcıl süni intellekt modellərinin istifadəyə verilməzdən əvvəl təhlükəsizliyini və imkanlarını qiymətləndirir.

Bu məlumat Tramp administrasiyasının dövlət qurumları arasında süni intellekt siyasətinin əlaqələndirilməsi və ABŞ-nin bu sahədə liderliyinin qorunması istiqamətində səylərini artırdığı bir vaxtda yayılıb.

Birləşmiş Krallığın süni intellekt institutu ən yeni modellərə çıxış əldə edib

Birləşmiş Krallığın süni intellekt naziri Kanişka Narayan bildirib ki, ölkənin Süni İntellekt Təhlükəsizliyi İnstitutu ən yeni qabaqcıl süni intellekt modellərinə çıxış əldə edib.

Onun sözlərinə görə, institut bu modellərin təhlükəsizliyini qiymətləndirmək üçün ABŞ hökuməti və “Google” da daxil olmaqla iri texnologiya şirkətləri ilə əməkdaşlıq edir.

İnstitutun məqsədi yeni modellər istifadəyə verilməzdən əvvəl mümkün riskləri müəyyən etmək, təhlükəsizlik mexanizmlərini sınaqdan keçirmək və beynəlxalq təhlükəsizlik standartlarının hazırlanmasına töhfə verməkdir.

Açıqlama Ağ Evin britaniyalı mütəxəssislərin bəzi modellərə çıxışını məhdudlaşdırdığına dair məlumatların yayıldığı bir vaxta təsadüf edir. Eyni zamanda, qabaqcıl süni intellekt sistemlərinin gözlənilməz davranışları ilə bağlı narahatlıqlar artır.

Teqlər