“Meta” istifadəçiləri aldatdığına görə 25 milyard dollar cərimələnib

“Meta” istifadəçiləri aldatdığına görə 25 milyard dollar cərimələnib
“Meta” loqosu və klaviaturanın əks olunduğu illüstrasiya. 19 oktyabr 2026-cı il.
Reuters

ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə “Cambridge Analytica” qalmaqalı ilə bağlı iş üzrə “Meta” şirkətinə 25 milyard dollar cərimə kəsib. 

Qərar münsiflər heyətinin şirkətin istehlakçıları aldatdığı qənaətinə gəlməsindən sonra çıxarılıb.

Hakim Frensis Metyu bildirib ki, müəyyən edilmiş qanun pozuntularına görə cərimənin məbləği ştat qanunvericiliyinə əsasən 219 milyard dolları keçə bilərdi. Lakin o, məbləği 25 milyard dollara endirib.

Ştat şirkətə 35–40 milyard dollar cərimə kəsilməsini tələb edirdi. “Meta” isə cərimənin 3,45 milyard dollarla məhdudlaşdırılmasını istəyirdi və daha yüksək məbləğin onun konstitusiya hüquqlarını poza biləcəyini bildirirdi.

Nyu-Meksikonun baş prokuroru Raul Torrez qərarı ABŞ tarixində bir ştatın bir şirkətə qarşı əldə etdiyi ən böyük məbləğli məhkəmə qərarlarından biri kimi qiymətləndirib.

“Böyük texnologiya şirkətlərinin məsuliyyətə cəlb edilməsi çoxdan gözlənilirdi”, – deyə Torrez mətbuat konfransında bildirib.

“Meta” qərarla razı deyil

“Meta” apellyasiya mərhələsində qalib gələcəyinə əmin olduğunu açıqlayıb. Şirkətin baş hüquq inzibatçısı Si Cey Mahoni qərarı və baş prokurorun mövqeyini tənqid edib.

“Bu qərar və baş prokurorun məsələyə bu cür yanaşması Nyu-Meksiko ştatında bizneslə məşğul olmağı demək olar ki, qeyri-mümkün edir”, – deyə o bildirib.

İşin əsasında şəxsi məlumatlar qalmaqalı dayanır

Nyu-Meksiko ştatı “Meta”ya qarşı iddianı 2021-ci ildə qaldırıb. İş “Cambridge Analytica” siyasi konsaltinq şirkətinin üçüncü tərəfə məxsus tətbiq vasitəsilə 87 milyonadək “Facebook” istifadəçisinin şəxsi məlumatlarını toplaması ilə bağlıdır. Sonradan fəaliyyətini dayandıran “Cambridge Analytica” Donald Trampın 2016-cı il prezident seçkiləri kampaniyasında çalışıb. Şirkət həmin məlumatlardan seçicilərin profillərini yaratmaq və onları hədəfləmək üçün istifadə edib.

Ştat “Meta”nı istifadəçi məlumatlarına kimin çıxışının olduğu, nifrət nitqi və yanlış məlumatlarla necə mübarizə apardığı, eləcə də daxili siyasətləri barədə istifadəçiləri aldatmaqda ittiham edib. Sentyabrın 25-də münsiflər heyəti şirkət və rəhbərliyi tərəfindən verilmiş 29 bəyanatdan 26-sını aldadıcı hesab edib. Ümumilikdə istehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunların 43 milyondan çox dəfə pozulduğu müəyyən edilib.

Ştat qanunvericiliyi hər pozuntuya görə 5 000 dollaradək cərimə nəzərdə tutur. Cərimədən əldə ediləcək vəsait Nyu-Meksikonun məktəb sisteminə yönəldiləcək. Bu, “Cambridge Analytica” işi üzrə “Meta”ya tətbiq edilən ən böyük cərimədir. ABŞ Federal Ticarət Komissiyası 2019-cu ildə eyni qalmaqala görə şirkətə 5 milyard dollar cərimə kəsmişdi.

Bir ildə ikinci məğlubiyyət

“Meta” bu il Nyu-Meksikoda başqa bir məhkəmə işini də uduzub. Mart ayında Santa-Fedə münsiflər heyəti şirkətin “Facebook”, “Instagram” və “WhatsApp” platformalarında gənclərin təhlükəsizliyi barədə istifadəçiləri yanıltdığı qənaətinə gəlib. Həmin iş üzrə şirkətə 375 milyon dollar mülki cərimə kəsilib.

Bununla belə, analitiklər 25 milyard dollarlıq cərimənin “Meta”nın bazar dəyərinə təsir göstərəcəyini gözləmirlər.

“D.A. Davidson & Co.” şirkətinin texnologiya araşdırmaları rəhbəri Qil Luriya bildirib ki, “Meta”nın dəyəri təxminən iki trilyon dollardır. Onun fikrincə, şirkət apellyasiya şikayətləri verməyə və məhkəmə proseslərini uzatmağa davam edəcək.

Teqlər