“NVIDIA”nın rəhbəri Qazaxıstanın süni intellekt mərkəzinə çevrilmək planını dəstəkləyib

“NVIDIA”nın rəhbəri Qazaxıstanın süni intellekt mərkəzinə çevrilmək planını dəstəkləyib
Qazaxıstanın dövlət bayrağı və “NVIDIA” loqosunun əks olunduğu şəkil.
Anewz

“NVIDIA” şirkətinin baş direktoru Censen Huanq Qazaxıstanın süni intellekt sahəsindəki planlarını yüksək qiymətləndirib. O, ölkənin fiziki süni intellekt üzrə qlobal mərkəzə çevrilmək, yeni startaplar yaratmaq və sənayenin müxtəlif sahələrini inkişaf etdirmək potensialına malik olduğunu bildirib.

Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinin məlumatına görə, Huanq bu fikirləri oktyabrın 23-də Astanadakı “alem.ai” Beynəlxalq Süni İntellekt Mərkəzinə ilk səfəri zamanı səsləndirib.

Səfər zamanı ona Qazaxıstanın fiziki süni intellekt üzrə beynəlxalq mərkəzə çevrilmək planları təqdim edilib. Fiziki süni intellekt süni intellekti robototexnika və real mühitdə fəaliyyət göstərən sistemlərlə birləşdirir.

Qazaxıstan süni intellekt strategiyasını təqdim edib

Qazaxıstanın strategiyası əlverişli institusional mühitin yaradılması, müasir texnoloji infrastrukturun qurulması və insan kapitalına sərmayə qoyulması olmaqla üç əsas istiqaməti əhatə edir.

“İstənilən ölkənin ən dəyərli sərvəti xalqının mədəniyyəti və intellektual potensialıdır. Bu gün Qazaxıstanlı proqramçılar, sahibkarlar və tələbələr özlərinə məxsus Qazaxıstan süni intellektini yaratmaq üçün nadir fürsət əldə ediblər. Belə böyük hədəflər, güclü elmi və mühəndislik bazası sayəsində Qazaxıstan yeni startaplar yarada, bütöv sənaye sahələrini dəyişdirə və gənc nəsil üçün yeni imkanlar yarada bilər”, – deyə Huanq bildirib.

Huanq süni intellekt sahəsində yeniliklərlə tanış olub

Huanq süni intellektin inkişaf tarixini əks etdirən Sinqulyarlıq Muzeyini ziyarət edib. Burada süni intellektin ilk ideyalardan müasir neyron şəbəkələrə və generativ süni intellektə qədər keçdiyi inkişaf yolu nümayiş etdirilir.

O, həmçinin “NVIDIA”nın 1998-ci ildə istehsal etdiyi “RIVA TNT” qrafik kartını imzalayıb. Kart muzeyin kolleksiyasına daxil ediləcək.

Daha sonra Huanq süni intellekt vasitəsilə hazırlanmış video və digər materialların nümayiş olunduğu “AI Cinema” məkanına baş çəkib.

Süni intellektlə işləyən dövlət xidmətləri təqdim edilib

Huanqa istifadəçilərin dövlət, biznes və digər xidmətlərdən yararlana bildiyi Özünəxidmət Mərkəzi də təqdim olunub.

Mərkəzdə istifadəçilərin gündəlik danışıq dilində suallar verə və cavab ala bildiyi “alem.gpt” adlı süni intellekt köməkçisi fəaliyyət göstərir.

Sistem “NVIDIA” H200 prosessorları ilə təchiz edilmiş “Alem.Cloud” qrafik prosessor klasterlərinin dəstəklədiyi süni intellekt modelləri əsasında işləyir.

Rəsmilər “eGov Mobile” tətbiqinin imkanlarını da nümayiş etdiriblər. Tətbiq rəqəmsal sənədlərə, “eGov QR” xidmətinə və rəqəmsal ipoteka da daxil olmaqla, müxtəlif bank xidmətlərinə çıxış imkanı yaradır.

Qazaxıstan dünyada süni intellekt liderlərindən biri olmaq istəyir

Qazaxıstan Baş nazirinin müavini, süni intellekt və rəqəmsal inkişaf naziri Jaslan Madiyev bildirib ki, süni intellekt texnologiya sahəsini dəyişdirir və dünya iqtisadiyyatında qüvvələr balansına təsir göstərir.

“Qazaxıstan bu sahənin gələcəyini formalaşdıran ölkələr arasında yer almaq niyyətindədir. Bizim üstünlüyümüz enerji potensialımızı, inkişaf etmiş sənayemizi və sayı artan istedadlı mühəndis və proqramçılarımızı bir araya gətirə bilməyimizdir”, – deyə o bildirib.

Madiyevin sözlərinə görə, “NVIDIA” kimi texnologiya şirkətləri ilə əməkdaşlıq Qazaxıstanın fiziki süni intellekt üzrə qlobal mərkəzə çevrilməsinə kömək edə bilər.

Bu əməkdaşlıq ağıllı sistemlərin və robotların sənaye müəssisələrində hazırlanmasına, sınaqdan keçirilməsinə və istifadəsinə şərait yarada bilər.

“Startup City” startapların xarici bazarlara çıxışını asanlaşdıracaq

“Astana Hub”ın baş direktoru Maqjan Madiyev “Startup City” layihəsinin təfərrüatlarını açıqlayıb.

Layihə startapların beynəlxalq bazarlara çıxmasına kömək etmək üçün hazırlanmış rəqəmsal platformadır. Burada iştirakçılar bir-biri ilə birbaşa əməkdaşlıq edə və oyunlaşdırma üsullarından istifadə edə biləcəklər.

Qazaxıstan və “NVIDIA” əməkdaşlığı genişləndirmək istəyir

Səfər zamanı Qazaxıstanla “NVIDIA” arasında süni intellekt infrastrukturu, yeni texnologiyaların inkişafı və fiziki süni intellekt sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.

Qazaxıstan bu əməkdaşlıq sayəsində dünya süni intellekt bazarında mövqeyini gücləndirməyi hədəfləyir.

Teqlər