Sudoçye gölü: Özbəkistanda yox olmaqda olan su-bataqlıq ərazisinin xilası

Sudoçye gölü: Özbəkistanda yox olmaqda olan su-bataqlıq ərazisinin xilası
Sevil Radjapova

Bu, “AnewZ”un Özbəkistanla Qazaxıstan arasında yerləşən Aral dənizinə dəymiş ziyanın aradan qaldırılması və ekosistemin bərpası istiqamətində görülən işlərə həsr olunmuş dörd hissəli silsilə məqalənin sonuncusudur.

Vaxtilə Aral dənizi ilə əlaqəsi olan Sudoçye göllər sistemi Aşağı Amudərya deltasında vəhşi təbiət üçün mühüm sığınacağa çevrilib. Bu gün su qıtlığı regionun təbii şəraitini dəyişməkdə davam edir. Alimlər və təbiəti mühafizə mütəxəssisləri bildirirlər ki, beynəlxalq səviyyədə qorunan bu ərazilərin gələcəyi su ehtiyatlarının daha səmərəli idarə olunmasından asılıdır.

Böyük bir göldən su-bataqlıq əraziləri şəbəkəsinə

Özbəkistanın muxtar respublikası olan Qaraqalpaqıstanın Muynak rayonunda yerləşən Sudoçye vaxtilə Amudərya deltasının ən böyük göllərindən biri olub. O, təbii kanallar şəbəkəsi vasitəsilə Aral dənizi ilə birləşib.

Sevil Radjapova

Çay axınlarının azalması və Aral dənizinin geri çəkilməsi nəticəsində ilkin su hövzəsi tədricən bir-biri ilə əlaqəli göllər sisteminə parçalanıb. Buraya bir sıra göllər, o cümlədən Akkuşpa, Böyük Sudoçye, Karateren və Beqdulla-Aydın daxildir.

Bu kəskin dəyişikliklərə baxmayaraq, su-bataqlıq əraziləri Özbəkistanın biomüxtəliflik baxımından ən zəngin məkanlarından biri olaraq qalır. Yerli təbiəti mühafizə qurumlarının məlumatına görə, hazırda göllər sistemində 290-dan çox quş növü qeydə alınıb. Onlar arasında flaminqolar, qutanlar və çoxsaylı köçəri su quşları da var. Yaz miqrasiyası dövründə quşların sayı 100 mindən çox ola bilər.

Su-bataqlıq əraziləri Özbəkistanın “Qırmızı Kitab”ına daxil edilmiş 21 heyvan növünün yaşayış məskənidir.

Siyahıya ceyran, Türkmən qulanı, karakal və ağquyruq qartal da var.

Qlobal ekoloji əhəmiyyəti nəzərə alınaraq, Sudoçye 2023-cü ildə dünyanın su-bataqlıq ərazilərinin qorunmasına yönəlmiş beynəlxalq müqavilə — Ramsar Konvensiyası çərçivəsində beynəlxalq əhəmiyyətli su-bataqlıq ərazisi elan edilib.

Unudulmuş Ürgə qəsəbəsi

Su-bataqlıq ərazilərinin yaxınlığında vaxtilə Aral dənizinin sahilində inkişaf edən Ürgə qəsəbəsinin qalıqları yerləşir. XX əsrin əvvəllərində salınan Ürgə zamanla balıqçılıq və nəqliyyat mərkəzinə çevrilmişdi. Burada dəmiryol stansiyası, məktəb, xəstəxana, çörəkbişirmə müəssisəsi və kinoteatr fəaliyyət göstərirdi. Qəsəbə göllər sistemi və ətraf su hövzələrindən asılı olan icmalara xidmət edirdi.

Sevil Radjapova

Bu gün qəsəbədən yalnız bir neçə tikili qalıb. Onların arasında keçmiş yaşayış məntəqəsinin xatirəsinə ucaldılmış kiçik abidə və yerli sakinlərin sözlərinə görə, tarixi əsrlər əvvələ gedib çıxan mayak da var. Bu qalıqlar Aral dənizinin geri çəkilməsi və su səviyyəsinin azalması nəticəsində regionda həyatın nə dərəcədə kəskin dəyişdiyini əyani şəkildə göstərir.

Sevil Radjapova

Qəsəbə 1960-cı illərdə tamamilə tərk edilib. Buna səbəb ətraf mühitdə baş verən dəyişikliklərin landşaftı yenidən formalaşdırması və ənənəvi nəqliyyat marşrutlarının yoxa çıxmasıdır.

Artan təzyiq altında kiçilən göl

Sudoçye Dövlət Müəssisəsinin baş mütəxəssisi Aymurad Qutlimuradın sözlərinə görə, son iyirmi ildə qoruqda qeydə alınan biomüxtəliflik göstəriciləri əhəmiyyətli dərəcədə artıb. Lakin ekosistem ciddi su çatışmazlığı ilə üzləşməkdə davam edir.

“2001-ci ildə müəssisəmiz yaradılarkən burada 230 quş növü qeydə alınmışdı. Bu gün onların sayı 290-a çatıb”, — o, bildirib.

Sevil Radjapova

Eyni zamanda, gölün sahəsi kiçilməkdə davam edib.

“Əvvəllər göl təxminən 52 min hektar, yəni 520 kvadratkilometr ərazini əhatə edirdi. Bu gün isə yalnız doqquz min hektara, başqa sözlə, 90 kvadratkilometrə yaxın ərazi su altında qalıb”.

Qutlimurad bildirib ki, su  gölə yalnız mövsümi olaraq daxil olur. Su təchizatı kanalının altı kilometrlik hissəsinin tutulması isə bataqlıq ərazilərinə kifayət qədər suyun çatmasına mane olur:

“Bu hissə bərpa edildikdən sonra su yenidən gölə çata biləcək. Su təchizatının yaxşılaşdırılması suyun keyfiyyətinə, bitki örtüyünə və quş populyasiyasına müsbət təsir göstərəcək”.

Təbiətin mühafizəsinin əsasını təşkil edən su idarəçiliyi

Alimlər bildirirlər ki, Sudoçyenin bərpası yalnız su həcminin artırılması ilə məhdudlaşmır. Əsas məsələ məhdud su ehtiyatlarının daha səmərəli idarə olunmasıdır.

Ekoloji monitorinqin nəticələrinə görə, suyun minerallaşma səviyyəsi ərazidən asılı olaraq hər litr üçün təxminən 4-8 qram dəyişir. Suyun şəffaflığının aşağı olması və üzvi maddələrin yüksək konsentrasiyası isə ekoloji təzyiqin artdığını göstərir.

Sevil Radjapova

Bu ayın əvvəlində Özbəkistan həmin problemlərin həlli istiqamətində daha bir addım atıb:  Səmərqənddə keçirilən “Eco Expo 2026” sərgisi çərçivəsində Aşağı Amudərya hövzəsi üzrə İnteqrasiyalı Su Ehtiyatlarının İdarə Edilməsi Konsepsiyasını imzalanıb.

Sevil Radjapova

Aral dənizinin su-bataqlıq əraziləri layihəsi çərçivəsində hazırlanan təşəbbüs ölkənin iqlim dəyişikliklərinə ən həssas bölgələrindən birində ekoloji, kənd təsərrüfatı və su təsərrüfatı qurumları arasında koordinasiyanı gücləndirməyi qarşıya məqsəd qoyub.Eyni zamanda su ehtiyatlarından daha səmərəli və dayanıqlı istifadənin təşviqi hədəflənir.

Sudan asılı gələcək

Mütəxəssislərin fikrincə, Sudoçye həm Aral dənizi böhranının ekoloji nəticələrini, həm də əlaqələndirilmiş mühafizə tədbirləri vasitəsilə bərpa imkanlarını əks etdirir. Sağlam su-bataqlıq ekosistemləri köçəri quşlar üçün yaşayış mühiti yaradır, biomüxtəlifliyi qoruyur və Aşağı Amudərya hövzəsində ekosistemlərin dayanıqlığını gücləndirir.

Mənbələr və reportaj

Səfər Özbəkistanın Ekologiya və İqlim Dəyişmələri üzrə Milli Komitəsinin Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı və Qlobal Ekologiya Fondu ilə birgə həyata keçirdiyi “Aral dənizinin su-bataqlıq əraziləri” layihəsi çərçivəsində təşkil olunub.

Teqlər