Kanadada meşə yanğınları: Torontonu tüstü bürüyüb

Kanadada meşə yanğınları: Torontonu tüstü bürüyüb
Reuters

Ontario əyalətinin şimal-qərbində davam edən meşə yanğınlarının tüstüsü Torontoda hava keyfiyyətini kəskin pisləşdirib.

Tüstü görmə məsafəsini azaltdığından səhiyyə qurumları sakinlərə açıq havada fəaliyyəti məhdudlaşdırmağı tövsiyə edib.

Kanadanın Ətraf Mühit Nazirliyi şəhərdə Hava Keyfiyyəti Sağlamlıq İndeksinin ən yüksək risk səviyyəsi olan 10+ həddinə çatdığını bildirib.

İsveçrənin hava keyfiyyətinin monitorinqi şirkəti “IQAir” Torontonu həmin gün dünyanın hava keyfiyyəti ən pis olan iri şəhəri kimi qiymətləndirib.

Yanğınlar Torontodan yüzlərlə mil uzaqda davam etsə və iri şəhər mərkəzlərini birbaşa təhdid etməsə də, tüstü Kanadanın geniş ərazilərinə və ABŞ-nin şimal-şərqinə yayılıb.

Hazırda Kanadada 835 aktiv meşə yanğını ilə mübarizə aparılır. Onlardan 112-si nəzarətdən çıxmış yanğın kimi təsnif edilir. Bu mövsüm indiyədək təxminən 1,9 milyon hektar ərazi yanıb. Yanğınların böyük hissəsi Manitoba, Saskaçevan və Ontario əyalətlərində qeydə alınıb.

Kanada hökuməti bildirib ki, 2026-cı il meşə yanğınları mövsümü 2023 və 2025-ci illərdəki dağıdıcı mövsümlərlə müqayisədə daha zəif başlayıb. Bununla belə, normadan yüksək temperaturun yeni yanğınların baş verməsi üçün əlverişli şərait yaratdığı barədə xəbərdarlıq edilib.

Kanada və ABŞ-də hava çirkliliyi ilə bağlı xəbərdarlıq edilib

Kanada və ABŞ rəsmiləri meşə yanğınlarının tüstüsü səbəbindən əhaliyə açıq havada uzun müddət qalmamağı tövsiyə ediblər. Xüsusilə uşaqlar, yaşlılar, eləcə də ürək və ağciyər xəstəlikləri olan şəxslərin daha ehtiyatlı olmaları bildirilib.

Tüstü ABŞ-nin şimal-şərqinə də yayılıb və Nyu-Yorkda hava keyfiyyəti sağlamlıq üçün zərərli səviyyəyə çatıb. Sakinlərə açıq havada ağır fiziki fəaliyyətdən çəkinmək və mütəmadi fasilələr vermək məsləhət görülüb.

ABŞ Milli Meteorologiya Xidməti tüstülü hava şəraitinin həftənin sonunadək davam edə biləcəyi barədə xəbərdarlıq edib.

Qadın Ontarionun şimal-qərbindəki meşə yanğınlarının tüstüsü və güclü isti dalğası fonunda yerüstü keçiddə hərəkət edir. Toronto, Kanada, 15 iyul 2026-cı il
Reuters
Tüstü Dünya Kuboku tədbirlərinə də təsir edib

Hava keyfiyyətinin pisləşməsi FIFA Dünya Kuboku ilə bağlı bir sıra kütləvi tədbirlərin keçirilməsinə mane olub.

Toronto şəhər rəhbərliyi sağlamlıqla bağlı riskləri nəzərə alaraq FIFA Azarkeş Festivalını və Neytan Fillips meydanında keçirilməsi planlaşdırılan İngiltərə–Argentina matçının ictimai yayımını ləğv edib.

Kanada meşələrində qalan uşaqlar xilas edilib

Meşə yanğınları Ontarionun ucqar ərazilərində yaşayan insanların təxliyəsinə də səbəb olub.

Minnesota ştatından olan və YMCA təşkilatının təbiət düşərgəsində iştirak edən iki kiçik uşaq qrupu irəliləyən alovların əhatəsində qalıb. Qruplardan biri Kanada ordusunun dəstəyi ilə helikopter vasitəsilə təhlükəsiz əraziyə təxliyə edilib. Daha sonra hər iki qrupdakı uşaqlar sağ-salamat evlərinə qaytarılıb.

Armstronq yaxınlığında dəmir yolu hərəkəti dayandırılıb

Ontarionun Armstronq şəhəri yaxınlığında “Canadian National” şirkətinə məxsus yük qatarı alovların əhatəsində qalıb.

Şirkət əməkdaşları və yerli sakinləri təxliyə edib, dəmir yolu hərəkətini müvəqqəti dayandırıb.

İki nəfər parkda lövhəni oxuyur. Myanğınlarının tüstüsü güclü isti dalğası ilə birlikdə səmanı bürüyüb. Toronto, Ontario, Kanada, 15 iyul 2026-cı il.
Reuters
 
Sakinlər iqlim dəyişikliyindən narahatdır

Toronto sakinləri çərşənbə günü səhər havada qalın tüstü və yanıq qoxusu hiss etdiklərini bildiriblər.

Şəhər sakini Paula Oreskoviç deyib ki, meşə yanğınlarının tüstüsünün son illərdə tez-tez təkrarlanması iqlim dəyişikliyinin artıq gələcəyin deyil, bu günün problemi olduğunu göstərir.

Teqlər