İsveç Çindən asılılığı azaltmaq üçün dağ-mədən sektorunu genişləndirir

İsveç Çindən asılılığı azaltmaq üçün dağ-mədən sektorunu genişləndirir
İsveçin “LKAB” mədən şirkətinin rəhbəri Yan Mostryom və energetika naziri Ebba Buş Kirunada, 12 yanvar 2023-cü il.
Reuters

İsveç Çindən asılılığını azaltmaq məqsədilə yeni mədənlərin açılması üçün icazə prosesini sadələşdirib. Lakin bu qərar yerli sami xalqı ilə gərginliyə səbəb olub. Samilər bildirirlər ki, mədənçiliyin genişləndirilməsi onların min illərdir istifadə etdikləri miqrasiya marşrutlarını kəsəcək.

İsveçin sahibkarlıq naziri və Baş nazirin müavini Ebba Buş mədənçilik sahəsinin milli təhlükəsizlik marağı elan edildiyini bildirib. Bu addım mineral resurslar baxımından Çindən asılılığın azaldılmasına doğru mühüm dönüş nöqtəsidir.

Çin yaşıl enerji, müdafiə sənayesi və elektrik avtomobillərinin istehsalı üçün həyati əhəmiyyət kəsb edən nadir torpaq elementlərinin həm hasilatında, həm də emalında üstünlüyə malikdir. Pekin tətbiq etdiyi ixrac məhdudiyyətlərindən Vaşinqtonla ticarət müharibəsində və digər münaqişələrdə güclü rıçaq kimi istifadə edir.

Buş "X" sosial şəbəkəsində yazaraq bildirib ki, mədənlərin planlaşdırılmasını və icazələrin verilməsini sürətləndirəcək yeni strategiya ölkənin rəqabət qabiliyyətini və müstəqilliyini gücləndirəcək.

Mətbuat konfransında çıxış edən nazir qaydalardakı dəyişikliklərin həm İsveçin, həm Aİ-nin, həm də NATO-nun müdafiə qabiliyyətinə mühüm töhfə verəcəyinə inandığını qeyd edib və Avropa sənayesinin Çindən asılılığını risk adlandırıb.

Ölkə daxilində zəngin mineral ehtiyatlar

İsveç zəngin faydalı qazıntı ehtiyatlarına malikdir. Ölkənin şimalındakı Kiruna şəhəri yaxınlığında yerləşən və 2023-cü ildə dövlətə məxsus "LKAB" mədən şirkəti tərəfindən kəşf edilən "Per Geijer" yatağı Avropada məlum olan ən böyük nadir torpaq elementləri yatağıdır.

Ümumi mineral ehtiyatı 1,2 milyard ton olan (bunun 2,2 milyon tonunu nadir torpaq oksidləri təşkil edir) "Per Geijer" Avropanın maraqları üçün kritik əhəmiyyət daşıyır.

Samilərin miqrasiya marşrutları ilə bağlı etirazı

İsveçin köçəri yerli sami icmasının nümayəndələri xəbərdarlıq edirlər ki, "Per Geijer"də mədənin salınması Şimal Qütb dairəsindən 200 kilometr məsafədə yerləşən Qabna sami kəndinin maral miqrasiya marşrutlarını tamamilə kəsə bilər.

Sami nümayəndələrinin sözlərinə görə, bu marşrutların kəsilməsi onların min illərdir davam edən həyat tərzinə faktiki olaraq son qoyacaq.

Teqlər