Fransa və İspaniyada meşə yanğınları səbəbindən kütləvi təxliyələr davam edir

Fransa və İspaniyada meşə yanğınları səbəbindən kütləvi təxliyələr davam edir
Fransanın Jironda regionunda meşə yanğını fonunda DFCI mütəxəssisi. Le-Porj, 22 iyul 2026-cı il.
Reuters

Fransa və İspaniyada tüğyan edən kütləvi meşə yanğınları səbəbindən on minlərlə insan təxliyə edilib. Yerli hakimiyyət orqanları xəbərdarlıq edir ki, yüksək temperatur, güclü külək və quraqlıq alovun nəzarətə alınmasını daha da çətinləşdirir.

Fransada 110 min insan təxliyə olunub

Fransanın cənub-qərbində meşə yanğınlarının Atlantik okeanı sahilindəki evlərə, düşərgələrə və turizm zonalarına təhlükə yaratması səbəbindən Kap-Ferre yarımadasının tamamilə boşaldılması barədə göstəriş verilib.

Təhlükəli zonadan 110 minə yaxın insan təxliyə olunub, sakinlərin və turistlərin daşınması üçün gəmilərdən də istifadə edilib. Som yaxınlığındakı yanğınlardan biri 14 min hektardan çox meşə sahəsini yandıraraq 100-dən çox evi və bir düşərgəni külə döndərib.

Fransa Prezidenti Emmanuel Makron yanğınla mübarizəyə ordunun cəlb olunmasınına göstəriş  verib. Hazırda yüzlərlə yanğınsöndürən alovun qarşısını almağa çalışır.

İspaniyada ilk dəfə milli fövqəladə vəziyyət elan edilib

İspaniyada Madrid və qonşu Avila vilayətində bir neçə yanğın ocağının genişlənməsindən sonra hökumət milli fövqəladə vəziyyət elan edib.

Paytaxt ətrafında yanğın ocaqlarının birləşməsi nəticəsində 10 mindən çox insan təxliyə edilib. Alovla mübarizəyə minlərlə xilasedici və çoxlu sayda hərbi-mülki aviasiya cəlb olunub.

Səlahiyyətlilər bildiriblər ki, bu qərar yanğının miqyası, kəskin hava şəraiti və regional resursların koordinasiya olunması zərurətindən irəli gəlib. İspaniya Daxili İşlər Nazirliyinin məlumatına görə, bu, ölkə tarixində meşə yanğınları ilə bağlı elan edilən ilk milli fövqəladə vəziyyətdir.

İsti və quraqlıq böhranı dərinləşdirir

Yanğınlar Cənubi Avropada davam edən anomal istilər fonunda baş verir. Alimlər xəbərdarlıq edir ki, iqlim dəyişikliyi aşırı istilərin, quraqlığın və meşə yanğınlarının intensivliyini artırır.

Quru bitki örtüyü, güclü külək və uzun sürən yüksək temperatur fəlakətin bütün qitə boyunca sürətlə yayılmasına şərait yaradıb. Əziyyət çəkən Avropa ölkələri qonşu dövlətlərdən kömək istəyib və bir neçə ölkə artıq xüsusi yanğınsöndürmə təyyarələri və şəxsi heyətlə dəstək göndərib.

Mütəxəssislər xəbərdarlıq edirlər ki, regionun bəzi hissələrində temperaturun yenidən artacağı gözlənildiyindən yanğın təhlükəsi yüksək olaraq qalır.

Teqlər