Nadir dəniz tısbağası iki il sonra ABŞ-yə qaytarılıb

Nadir dəniz tısbağası iki il sonra ABŞ-yə qaytarılıb
Reuters

Kemp ridley dəniz tısbağası 2023-cü ildə Uels sahillərində ağır vəziyyətdə tapılıb. İki ildən çox davam edən müalicə və reabilitasiyadan sonra tısbağa ABŞ-nin Texas ştatına qaytarılıb.

Tısbağanı 2023-cü ilin dekabrında Anqlsi adasının Rhosneigr sahilində Meg adlı it tapıb. O, soyuqdan donmuş və huşsuz vəziyyətdə olub.

Meksika körfəzi sularında yaşayan Rossinin Qolfstrim axını ilə Atlantik okeanını keçərək Uels sahillərinə çatdığı güman edilir.

Tısbağa Anqlsi Dəniz Zooparkına aparılıb və burada təxminən iki il yarım müalicə və qulluq altında saxlanılıb. Sağaldıqdan sonra Rossi zooparkın direktoru Frenki Hobro ilə birlikdə London–Hyuston reysi ilə 8 min kilometrdən çox yol qət edərək ABŞ-yə aparılıb.

Tısbağa Meksika körfəzinə buraxılmazdan əvvəl Hyuston Zooparkında qan analizləri, rentgen və kompüter tomoqrafiyası da daxil olmaqla ətraflı tibbi müayinədən keçirilib.

Rentgen müayinəsi Rossinin ağciyərlərində müəyyən dəyişikliklər olduğunu göstərib. Bunun səbəbini müəyyən etmək üçün baytarlar əlavə müayinələr aparıblar.

Nəticələrdə ciddi problem aşkarlanmasa, Rossinin avqustun 18-də Cənubi Texasdakı Padre Aylend Milli Dəniz Sahili yaxınlığında Meksika körfəzinə buraxılması planlaşdırılır.

Frenki Hobronun sözlərinə görə, Rossi Uelsdəki reabilitasiya dövründə canlı xərçənglərlə qidalanıb və sağlam şəkildə inkişaf edib.

Kemp ridley dünyanın ən kiçik və nadir dəniz tısbağalarından biridir. Bu növün nəsli kəsilmək təhlükəsi altındadır.

Teqlər