Günün icmalı: İqlim və ətraf mühitlə bağlı son xəbərlər

Günün icmalı: İqlim və ətraf mühitlə bağlı son xəbərlər
Qoruyucu maska taxan motosikletçilər körpüdən keçirlər. Palembanq şəhəri, Cənubi Sumatra əyaləti, İndoneziya, 15 oktyabr 2026-cı il.
Reuters

AnewZ “Günün icmalı” rubrikasında əsas yenilikləri təqdim edir. Oktyabrın 15-də dünyanın müxtəlif yerlərində baş verən iqlim və ətraf mühit hadisələri ilə bağlı əsas xəbərlərə nəzər salırıq.

İqlim dəyişikliyi və “El Nino” fenomeni “Polo” qasırğasını gücləndirib

Yeni araşdırmaya görə, iqlim dəyişikliyi və “El Nino” təbii fenomeni Sakit okeanda indiyədək qeydə alınmış ən uzunmüddətli 5-ci kateqoriyalı qasırğa olan “Polo”nun güclənməsinə səbəb olub.

İnsan fəaliyyəti nəticəsində baş verən qlobal istiləşmə qasırğa zamanı küləyin sürətini təxminən 10 km/saat, “El Nino” isə əlavə 8 km/saat artırıb.

Araşdırmaya əsasən, iqlim dəyişikliyi qasırğanı gücləndirən hava şəraitinin yaranma ehtimalını 23 dəfə, “El Nino” isə 14 dəfə artırıb.

İndoneziyada son 11 ilin ən ağır meşə yanğınları baş verir

İndoneziya 2015-ci ildən bəri ən şiddətli meşə yanğınları mövsümünü yaşayır. Səlahiyyətlilər yanğınların kəskinləşməsinə səbəb kimi keçmiş ərzaq layihələri ilə bağlı torf sahələrinin deqradasiyasını və “El Nino” fenomeninin yaratdığı quraqlığı göstərirlər.

Yaranan sıx tüstü dumanı havanın çirklənməsini təhlükəli həddə çatdırıb. Mərkəzi Kalimantan vilayətinin Katinqan rayonunda hava keyfiyyəti indeksi (AQI) rekord səviyyəyə – təxminən 1 600-ə yüksəlib.

Yeddi vilayətdə yüz minlərlə insan tənəffüs yolları xəstəliklərindən əziyyət çəkir. Tüstü dumanı qonşu ölkələrə də yayılaraq Şərqi Timor və Malayziyanın bəzi bölgələrində məktəblərin fəaliyyətinin dayandırılmasına səbəb olub.

Atlantik okeanındakı cərəyan sistemi yenidən bərpa oluna bilər

Danimarka Meteorologiya İnstitutunun araşdırmasına görə, qlobal istiləşmə nəticəsində zəifləyən Atlantik okeanının meridional dövran sistemi (AMOC) qlobal temperaturun azalacağı təqdirdə bərpa oluna bilər.

“Science Advances” jurnalında dərc edilən tədqiqatın nəticələrinə əsasən, istifadə olunan modeldə sistemin geri dönməz şəkildə çökməsinə səbəb olacaq kritik hədd aşkar edilməyib. Bununla belə, tam bərpa prosesi bir neçə əsr çəkə bilər.

AMOC-un zəifləməsi dünyada yağıntıların paylanmasını dəyişdirə və sahilyanı ərazilərdə dəniz səviyyəsinin yüksəlməsini sürətləndirə bilər.

Alimlər Qrenlandiyanın buz örtüyünün əriməsinin isə geri dönməz prosesə çevrilə biləcəyini bildirirlər.

İstanbulda daşqın nəticəsində 14 yaşlı oğlan ölüb

Oktyabrın 14-də Türkiyənin İstanbul şəhərində yağan leysan yağışları geniş ərazilərdə daşqınlara səbəb olub. Nəticədə 14 yaşlı oğlan həyatını itirib, şəhərin bir neçə rayonunda xilasetmə əməliyyatları aparılıb.

Rəsmi məlumatlara görə, 1277 subasma və 15 torpaq sürüşməsi hadisəsi qeydə alınıb. Daşqınlar nəticəsində 808 yaşayış evi, 280 iş yeri və 76 nəqliyyat vasitəsi zərər görüb.

Fəsadların aradan qaldırılmasına təxminən 8 min əməkdaş, həmçinin 2 min nəqliyyat vasitəsi və tikinti texnikası cəlb olunub.

Xilasedicilər köməksiz vəziyyətdə qalan sakinləri və heyvanları təhlükəsiz ərazilərə təxliyə ediblər.

Beykoz rayonunun Ömərli ərazisində yağıntının miqdarı 193,84 millimetrə çatıb.

Yunanıstanın Rodos adasında daşqın nəticəsində bir nəfər ölüb

Oktyabrın 14-də Yunanıstanın Rodos adasında güclü yağışların yaratdığı daşqın nəticəsində 62 yaşlı kişi həyatını itirib.

Sel suları kişinin avtomobilini sahilə sürükləyib. Sahil mühafizəsinin məlumatına görə, onun meyiti Rodos şəhərindən təxminən 30 kilometr aralıda yerləşən sahilyanı yaşayış məntəqəsinin yaxınlığında tapılıb.

Güclü yağışlar zamanı daha üç avtomobil də sel sularına qapılıb.

Sosial şəbəkələrdə yayılan görüntülərdə palçıqlı sel sularının avtomobili sürüklədiyi, küçələri su basdığı və çayların məcrasından çıxdığı görünür.

Rəsmilər əlverişsiz hava şəraitinin davam etməsi səbəbindən Rodos və Egey dənizindəki digər adaların sakinlərini zəruri olmadıqca səfərə çıxmamağa çağırıblar.

Teqlər