Xamenei: “Təhdidlərə cavab coğrafi sərhədlərlə məhdudlaşmayacaq”

Xamenei: “Təhdidlərə cavab coğrafi sərhədlərlə məhdudlaşmayacaq”
İran İslam Respublikasının Ali rəhbəri Müctəba Xamenei. Tehran, İran, 18 iyul 2024-cü il.
Reuters

İran İslam Respublikasının Ali Rəhbəri Ayətullah Müctəba Xamenei oktyabrın 31-də sosial şəbəkələrdə yayımlanan açıqlamasında ölkənin silahlı qüvvələrinə istənilən təhdidə dərhal və coğrafi məhdudiyyət olmadan cavab verməyi əmr edib.

“İstənilən təhdidə, onun səviyyəsindən və növündən asılı olmayaraq, dərhal, təsirli və coğrafi məhdudiyyət olmadan cavab verilməlidir”, – Xameneinin “Telegram” kanalında yayımlanan bəyanatında bildirilib.

Bəyanatda həmçinin qeyd olunub ki, İrana qarşı hərbi əməliyyatlar yenidən başlayarsa, cavab hücumlarının nə vaxt və hansı şərtlərlə dayandırılacağını Tehran müəyyən edəcək.

“İranın düşmənləri hərbi və ya terror hücumlarını yenidən başladarsa, bu hücumların nə vaxt və hansı şərtlərlə sona çatacağını İran İslam Respublikasının silahlı qüvvələri və xalqı müəyyən edəcək”, – göstərişdə bildirilib.

Bəyanata görə, Xamenei eyni məlumatı İran silahlı qüvvələrinin yüksək rütbəli komandirlərinə də çatdırıb. Bu məlumat Xameneinin “X” sosial şəbəkəsindəki hesabında da bir neçə paylaşım şəklində yayımlanıb.

Göstərişə əsasən, Xamenei ordu komandirlərinə İsrailə və ABŞ-yə aid hədəflərin siyahısını yeniləməyi də əmr edib.

Bundan əvvəl İran ordusunun sözçüsü, briqada generalı Məhəmməd Əkrəminiya ABŞ Prezidenti Donald Trampa xəbərdarlıq edib ki, Vaşinqtonun yeni hərbi hücumları münaqişənin daha geniş əraziyə yayılmasına səbəb ola bilər.

Tramp İranla müharibənin tezliklə başa çatacağını bildirib

ABŞ Prezidenti Donald Tramp oktyabrın 30-da İranla müharibənin tezliklə başa çatacağına inandığını bildirib, lakin bunun necə baş verəcəyini açıqlamayıb.

“Müharibə tezliklə başa çatacaq”, – Tramp ABŞ-nin KCMO radiostansiyasına müsahibəsində deyib.

ABŞ Prezidenti Donald Tramp aralıq seçkilərlə bağlı keçirilən təşviqat mitinqində çıxış edir. Daytona-Biç, Florida ştatı, ABŞ, 30 oktyabr 2026-cı il.
Reuters

“Bizə nüvə silahının heç vaxt olmayacağına dair təminat lazımdır”, – Tramp əlavə edib.

Qətərli vasitəçilər İran və ABŞ arasında müzakirə olunan sülh sazişi üzrə razılığın əldə edilməsinə kömək etmək məqsədilə oktyabrın 30-da Tehrana qayıdıblar.

Daha ətraflı: 

Teqlər