Anewz
Canlı
About Us

Haqqımızda

İDARƏETMƏ KOMANDAMIZ

RÜFƏT HƏMZƏYEV

RÜFƏT HƏMZƏYEV

İcraçı direktor

Rüfət Həmzəyev televiziya yayımı, redaksiya rəhbərliyi və media idarəçiliyi sahəsində 16 ildən artıq təcrübəyə malik media rəhbəri və jurnalistdir.

ANEWZ-un İcraçı direktoru kimi o, Azərbaycanın beynəlxalq ingilisdilli xəbər və analitika kanalının strateji inkişafına rəhbərlik edir, onun redaksiya, əməliyyat və beynəlxalq fəaliyyət istiqamətlərini idarə edir. Kanalın 2024-cü ildə fəaliyyətə başlamasından etibarən ANEWZ-un çoxplatformalı beynəlxalq media qurumu kimi inkişafına, qlobal şəbəkəsinin və tərəfdaşlıqlarının genişləndirilməsinə cavabdehdir.

ANEWZ-dan əvvəl Rüfət Həmzəyev “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-də (AzTV) müxtəlif redaksiya və rəhbər vəzifələrdə çalışıb. Reportyor və redaktor kimi başladığı televiziya karyerasında Xəbərlər departamentinin direktoru vəzifəsinədək yüksəlib, 2020–2024-cü illərdə isə Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə AzTV sədrinin müavini vəzifəsində çalışıb.

İdarəçilik fəaliyyəti ilə yanaşı, Rüfət Həmzəyev siyasi və ictimai mövzulu televiziya proqramlarının müəllifi və aparıcısı olub, bir sıra mühüm sənədli layihələrə imza atıb. Onların sırasında “Prezident. Suverenliyin bərpası” (2023), “Konfidensial” sənədli silsiləsi (2023) və “Yaşıl – sadəcə rəng deyil” (2024) filmləri yer alır.

Rüfət Həmzəyev Bakı Dövlət Universitetində jurnalistika ixtisası üzrə bakalavr və magistr, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında isə beynəlxalq münasibətlər ixtisası üzrə ali təhsil alıb. O, həmçinin Bakı Dövlət Universitetində müəllim kimi fəaliyyət göstərib.

2025-ci ildə Azərbaycan mediasının inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin Sərəncamına əsasən “Tərəqqi” medalı ilə təltif edilib.

GUY SHONE

GUY SHONE

Qlobal baş redaktor

Guy Shone 2024-cü ilin avqustunda ANEWZ beynəlxalq televiziya kanalına baş redaktor kimi qoşulub və hazırda qlobal baş redaktor vəzifəsində çalışır. Bundan əvvəl “Euronews”un Qətər bürosuna rəhbərlik edib, həmçinin “The Exchange” beynəlxalq biznes proqramının və “The Dialogue” müsahibə proqramının aparıcısı olub.

“Euronews”dakı fəaliyyətindən əvvəl Guy Shone Birləşmiş Krallıqda BBC-nin müxtəlif televiziya və radio xidmətlərində çalışıb, “SABC News”da isə siyasi analitik kimi fəaliyyət göstərib. Bununla yanaşı, Birləşmiş Krallığın “Metro” və “The Sun” qəzetləri üçün iqtisadi mövzularda məqalələr yazıb.

Jurnalistika sahəsinə keçməzdən əvvəl Guy Shone iqtisadçı kimi fəaliyyət göstərib və bir sıra rəhbər vəzifələrdə çalışıb. O, “Old Mutual plc” şirkətində qlobal tədqiqatlar üzrə rəhbər, Birləşmiş Krallığın MPAS dövlət qurumunda isə tədqiqatlar üzrə rəhbər vəzifəsində çalışıb.

FİKRƏT DOLUXANOV

FİKRƏT DOLUXANOV

Xəbərlərin inkişafı və innovasiyalar üzrə direktor

Fikrət Doluxanov 2024-cü ilin avqustundan ANEWZ beynəlxalq televiziya kanalında xəbərlərin inkişafı və innovasiyalar üzrə direktor vəzifəsində çalışır. Bundan əvvəl Azərbaycanın İctimai Televiziyasının (İTV) Xəbərlər departamentinə rəhbərlik edib.

Onun rəhbərliyi dövründə redaksiyada xəbər planlaşdırılması sistemləri və mobil jurnalistika üsulları tətbiq edilib, televiziya və rəqəmsal platformalar arasında inteqrasiya gücləndirilib.

Jurnalist kimi Fikrət Doluxanov Dünya İqtisadi Forumu (Davos), Münhen Təhlükəsizlik Konfransı, Avropa Siyasi Birliyinin sammitləri, COP28, eləcə də Azərbaycan, Rusiya və Ermənistan arasında keçirilmiş üçtərəfli danışıqlar da daxil olmaqla, bir sıra mühüm beynəlxalq tədbirləri işıqlandırıb.

Onun peşəkar fəaliyyəti media istehsalı, beynəlxalq əlaqələr, eləcə də yayım üçün materialların və yayım hüquqlarının əldə edilməsi sahələrini əhatə edir. O, EBU, BBC, AP, “Reuters”, “Al Jazeera” və “Anadolu” kimi qurumlarla əməkdaşlıq təcrübəsinə malikdir.

ANEWZ-da Fikrət Doluxanov redaksiya strategiyalarının və sistemlərinin, eləcə də xəbərlərin hazırlanmasında texnologiyaya əsaslanan yanaşmaların inkişafına rəhbərlik edir.

PATRICIA PEREIRA

PATRICIA PEREIRA

İstehsal əməliyyatları üzrə direktor

Patricia Pereira ANEWZ-da istehsal əməliyyatları üzrə direktor vəzifəsində çalışır. O, istehsal proseslərinin idarə edilməsi və əməliyyatların koordinasiyası ilə yanaşı, məzmunun hazırlanması və təqdimatına nəzarət edir.

Patricia Pereira televiziya, jurnalistika, rəqəmsal media və kommunikasiya sahələrində 20 ildən artıq peşəkar təcrübəyə malikdir. Karyerası ərzində prodüser, jurnalist, aparıcı və redaktor kimi fəaliyyət göstərib, “MSN Portugal” və “Global Media Group” da daxil olmaqla, müxtəlif media qurumlarında və layihələrdə çalışıb.

O, həmçinin “Microsoft”, “Siemens”, “Repsol” və “Total Angola” kimi şirkətlər üçün televiziya, korporativ və brend məzmunu hazırlayıb.

Redaksiya və istehsal sahəsindəki təcrübəsinə əsaslanaraq komandaları idarə edir, iş proseslərini əlaqələndirir və gündəlik istehsalı təşkil edir.

ORXAN AMAŞOV

ORXAN AMAŞOV

Baş redaktorun müavini

Orxan Amaşov 2024-cü ilin avqustundan ANEWZ beynəlxalq televiziya kanalında baş redaktorun müavini vəzifəsində çalışır. Bundan əvvəl “Caliber” platformasında baş siyasi analitik kimi fəaliyyət göstərib.

“Caliber”də “Contemplations with Orkhan Amashov” proqramının aparıcısı kimi Azərbaycan–Ermənistan sülh prosesini və daha geniş regional prosesləri təhlil edib.

Hüquq təhsilli Orxan Amaşovun fəaliyyəti beynəlxalq münasibətlərin hüquqi və geosiyasi aspektlərinə, xüsusilə Cənubi Qafqaza təsir edən proseslərə yönəlib.

Orxan Amaşov ANEWZ-da regional və beynəlxalq məsələlərlə bağlı təhlillər təqdim edir və müzakirələr aparır. O, “Dialogue of Civilizations” proqramının da aparıcısı olub. Hazırda “Caucasus Now” və gündəlik yayımlanan “Context” proqramlarının aparıcısıdır.

NADİYA DERMANSKA

NADİYA DERMANSKA

Baş redaktorun müavini

Nadiya Dermanska televiziya jurnalisti, prodüser, aparıcı və media meneceridir. O, Ukrayna, Belçika, Fransa, Polşa və ABŞ-də beynəlxalq iş təcrübəsinə malikdir.

Xüsusi müxbir kimi mühüm beynəlxalq hadisələri işıqlandırıb, “Euronews Ukraine” və Ukraynanın beynəlxalq yayım platforması “FreeDom TV”də rəhbər vəzifələrdə çalışıb. O, həmçinin “Reuters Foundation”, “Deutsche Welle Akademie” və “BBC Media Action”ın peşəkar təlim proqramlarını başa vurub.

Nadiya Dermanska jurnalistika karyerasına 17 yaşında Ukraynanın regional televiziya kanallarından birində təcrübəçi kimi başlayıb. Beynəlxalq reportajlar və redaksiya idarəçiliyi sahəsindəki təcrübəsindən ANEWZ-da redaksiyanın işini yönləndirmək və xəbərlərin hazırlanmasını təşkil etmək üçün yararlanır.

VİKTORİA DEMENTYEVA

VİKTORİA DEMENTYEVA

Xəbərlər direktorunun müavini

Viktoriya Dementyeva beynəlxalq reportaj sahəsində 15 ildən artıq təcrübəyə malik jurnalist və redaktordur. O, 2019-cu ildə Osakada keçirilən G20 sammiti, Avropa İttifaqının sammitləri və ATƏT-in xarici işlər nazirlərinin illik görüşləri də daxil olmaqla, mühüm beynəlxalq tədbirləri işıqlandırıb.

Viktoriya Dementyeva “Open World” proqramında (ABŞ, 2010), eləcə də Beynəlxalq Ziyarətçi Liderlik Proqramı (IVLP) çərçivəsində keçirilən “Edward R. Murrow Program for Journalists” proqramında (ABŞ, 2016) iştirak edib. Bu proqramlar media etikası, mətbuat azadlığı və araşdırma jurnalistikası istiqamətlərini əhatə edib.

ANEWZ-da xəbərlər direktorunun müavini kimi beynəlxalq jurnalistika və redaktə təcrübəsindən redaksiyanın gündəlik fəaliyyətində istifadə edir.

JENNIFER E. BRAGG

JENNIFER E. BRAGG

Rəqəmsal departamentin rəhbəri

Jennifer E. Bragg ANEWZ-da rəqəmsal departamentin rəhbəri vəzifəsində çalışır. O, Çin, Rusiya, Qətər və ABŞ-də müxtəlif xəbər redaksiyalarında 20 illik peşəkar təcrübə qazanıb.

Onun karyerası televiziya və rəqəmsal medianın müxtəlif istiqamətlərini əhatə edir. Jennifer E. Bragg xəbərlərin toplanması, canlı xəbər yayımlarının hazırlanması və sənədli layihələr sahəsində çalışıb. O, həmçinin beynəlxalq səviyyədə tanınmış media festivallarında proqram redaktəsinə görə iki mükafata layiq görülüb.

“Bragg ‘City St George’s, University of London’da beynəlxalq yayım jurnalistikası üzrə magistr dərəcəsi alıb. ANEWZ-da rəqəmsal komandaya rəhbərlik edir, kanalın rəqəmsal platformalarının inkişafına, eləcə də materialların hazırlanması və yayımlanması proseslərinə nəzarət edir.

ƏLİSULTAN SULTANZADƏ

ƏLİSULTAN SULTANZADƏ

Rəqəmsal məzmun yaradıcısı

Əlisultan Sultanzadə ANEWZ-da jurnalist, aparıcı və rəqəmsal məzmun yaradıcısı kimi fəaliyyət göstərir. O, dezinformasiyanı araşdıran və geniş yayılan iddiaları faktlar əsasında yoxlayan “Fact Check” proqramının aparıcısıdır.

O, həmçinin siyasət, iqtisadiyyat və elm mövzularında araşdırma xarakterli sənədli filmlər və vizual izah materialları hazırlayır. Televiziya və rəqəmsal platformalarda çalışan Sultanzadə araşdırma, təqdimat və vizual hekayəçilik bacarıqlarını birləşdirərək mürəkkəb mövzuları aydın, dəqiq və anlaşıqlı şəkildə auditoriyaya çatdırır.

RƏNA CƏFƏROVA

RƏNA CƏFƏROVA

Biznesin inkişafı üzrə direktor

Rəna Cəfərova ANEWZ beynəlxalq televiziya kanalında biznesin inkişafı üzrə direktor vəzifəsində çalışır. O, kanalın biznes strategiyasının hazırlanmasına və inkişaf təşəbbüslərinə rəhbərlik edir.

Onun peşəkar təcrübəsi media, korporativ və institusional sahələrdə strateji tərəfdaşlıqların qurulmasını, layihələrin idarə edilməsini və müxtəlif tərəflərin fəaliyyətinin əlaqələndirilməsini əhatə edir.

Rəna Cəfərova ANEWZ-da regional və beynəlxalq tərəfdaşlıqların inkişafına, yeni kommersiya imkanlarının müəyyənləşdirilməsinə rəhbərlik edir. Kanalın uzunmüddətli inkişafını dəstəkləyən işgüzar əlaqələr qurur. O, həmçinin müxtəlif tərəfdaşların iştirak etdiyi layihələri koordinasiya edir və strateji əməkdaşlıqların şirkətin ümumi məqsədləri ilə uyğunlaşdırılmasına dəstək verir.

ANZULƏ PƏRVİZQIZI

ANZULƏ PƏRVİZQIZI

Azərbaycan rəqəmsal redaksiyasının rəhbəri

Anzulə Pərvizqızı jurnalistika və ali təhsil sahələrində uzunillik peşəkar təcrübəyə malik jurnalist və media mütəxəssisidir. O, 2025-ci ilin noyabrında ANEWZ-da redaktor kimi fəaliyyətə başlayıb. Hazırda Azərbaycan rəqəmsal redaksiyasına rəhbərlik edir.

Peşəkar fəaliyyətinə 2004-cü ildə qəzet müxbiri kimi başlayıb. Daha sonra Bakı Dövlət Universitetinin Mətbuat və informasiya şöbəsində mütəxəssis kimi fəaliyyət göstərib, 2010–2019-cu illərdə “Bakı Universiteti” qəzetinin redaktoru olub. 2019-cu ildə Jurnalistika fakültəsi tələbələrinin praktiki bacarıqlarının inkişaf etdirilməsi məqsədilə tələbə xəbər saytı təsis edib.

O, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, magistr və doktorantura səviyyələrində təhsil alıb. Hazırda həm də BDU-nun Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasında pedaqoji fəaliyyətini davam etdirir.

2024-cü ildə ABŞ-də “Study of the U.S. Institutes” (SUSI for Scholars) akademik proqramını başa vurub. Proqramdan sonra media savadlılığı üzrə təlimçi kimi fəaliyyət göstərməyə başlayıb.

Anzulə Pərvizqızı media və Azərbaycan–Türkiyə münasibətlərinə dair elmi məqalələrin müəllifidir. O, həmçinin media, fəlsəfə və ictimai-siyasi mövzulara dair bir sıra əsərləri ingilis dilindən Azərbaycan dilinə tərcümə edib.

Azərbaycan milli mətbuatının 150 illiyi münasibətilə “Azərbaycan milli mətbuatının 150 illiyi (1875–2025)” yubiley medalı ilə təltif edilib.

Bütün məzmunumuz üçün ciddi redaksiya standartlarına riayət edirik və işimizin hər aspektini daim təkmilləşdirməyə sadiqik. Hər hansı sualınız, narahatlığınız və ya rəyiniz varsa, çəkinmədən Bizimlə əlaqə saxlayın.

AnewZ tətbiqini yükləyin

AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.

App Store Google Play
AnewZ tətbiqini yükləyin