ABŞ ilə İspaniya arasında ticarət gərginliyi artır

ABŞ ilə İspaniya arasında ticarət gərginliyi artır
“Dcoop” zeytun yağı zavodunda işçi qablaşdırma xəttindən yağ şüşələrini götürür. Antekerra şəhəri, İspaniya, 9 aprel 2025-ci il.
Reuters

ABŞ ilə İspaniya arasında dəniz daşımaları ilə bağlı mübahisə kəskinləşir. Vaşinqton İspaniya gəmilərinə əlavə rüsum tətbiq etməyi və ölkədən idxal olunan bəzi məhsullara məhdudiyyətlər qoymağı nəzərdən keçirir.

ABŞ Federal Dəniz Komissiyası (FMC) ölkə limanlarına daxil olan İspaniya bayraqlı gəmilərdən hər səfərə görə 200 min dollar ödəniş alınmasını təklif edib. Qurum həmçinin İspaniyadan idxal olunan yağlar, kosmetika, keramika və bəzi digər məhsullara məhdudiyyətlər tətbiq etməyi nəzərdən keçirir.

Təkliflər hələ qüvvəyə minməyib. Yekun qərardan əvvəl 60 gün ərzində ictimai müzakirələr aparılacaq.

Mübahisə necə başlayıb?

Gərginlik İspaniya hakimiyyətinin 2024-cü ildə ABŞ bayrağı altında üzən bir neçə gəminin ölkə limanlarına daxil olmasına icazə verməməsi ilə başlayıb.

ABŞ rəsmilərinin sözlərinə görə, qərara gəmilərin Qəzzadakı münaqişə ilə əlaqəli yüklər daşıması barədə narahatlıqlar səbəb olub.

Araşdırmadan sonra ABŞ Federal Dəniz Komissiyası belə qənaətə gəlib ki, İspaniyanın qərarları Amerika gəmiçilik şirkətləri üçün ayrı-seçkilik yaradan şərait formalaşdırıb və cavab tədbirlərinə əsas verir.

İspaniya hakimiyyəti isə qərarların hərbi və ikili təyinatlı malların daşınmasını tənzimləyən milli qanunvericiliyə, Avropa İttifaqının qaydalarına və beynəlxalq hüquq normalarına uyğun qəbul edildiyini bildirib.

Ticarət əlaqələri də risk altındadır

Mübahisə dəniz daşımaları ilə başlasa da, ABŞ-nin nəzərdən keçirdiyi tədbirlər iki ölkə arasındakı ticarət əlaqələrinə də təsir göstərə bilər.

Vaşinqtonla Madrid arasında siyasi fikir ayrılıqları

Dəniz daşımaları ilə bağlı mübahisə ABŞ və İspaniya arasında siyasi gərginliyin artdığı dövrə təsadüf edir.

ABŞ Federal Dəniz Komissiyası araşdırmaya Co Baydenin prezidentliyi dövründə başlasa da, Donald Trampın hakimiyyətə qayıtmasından sonra məsələ yenidən gündəmə gəlib.

Tramp əvvəllər İspaniyanın müdafiə xərclərini və xarici siyasətini tənqid edib.

ABŞ Prezidenti Madridin NATO çərçivəsində müdafiə xərcləri ilə bağlı öhdəliklərə yanaşmasından dəfələrlə narazılığını bildirib. Qəzza və İran münaqişələri ilə bağlı mövqelər də iki ölkə arasında fikir ayrılıqlarına səbəb olub.

Federal Dəniz Komissiyasının təklifləri iki ölkə arasındakı gərginlik fonunda irəli sürülən ilk konkret iqtisadi məhdudiyyət planlarından biridir.

İspaniya necə cavab verəcək?

İspaniya hökuməti Federal Dəniz Komissiyasının araşdırma nəticələrini və mümkün məhdudiyyətlərin yerli şirkətlərə, eləcə də ixracatçılara təsirini qiymətləndirir.

Madrid bildirib ki, tədbirlərin tətbiqi istiqamətində addımlar atılarsa, Avropa Komissiyası və Avropa İttifaqının digər üzv dövlətləri ilə birlikdə ölkənin ticarət maraqlarını müdafiə edəcək.

Bununla yanaşı, İspaniya hökuməti ABŞ ilə güclü iqtisadi əlaqələrin qorunmasında maraqlı olduğunu vurğulayıb.

Bundan sonra nə baş verəcək?

Təkliflər üzrə 60 günlük ictimai müzakirə müddətində dəyişikliklər edilə, qərarın qəbulu təxirə salına və ya məhdudiyyətlərdən tamamilə imtina oluna bilər.

Bununla belə, ABŞ-nin yeni tədbirləri nəzərdən keçirməsi limanlara giriş məsələsi ilə başlayan mübahisənin daha da genişləndiyini göstərir. Gərginlik artıq dəniz daşımalarına, ticarət əlaqələrinə və transatlantik münasibətlərə təsir göstərə bilər.

Qərarın nəticələri xüsusilə ABŞ bazarından asılı olan İspaniya şirkətləri üçün əhəmiyyətlidir. Buna görə də ixracatçıların qarşıdakı aylarda müzakirələri və yekun qərarı diqqətlə izləyəcəyi gözlənilir.

Teqlər