İran ABŞ-nin əks-təklifinə ilkin mövqeyini Qətər vasitəsilə çatdırıb

İran ABŞ-nin əks-təklifinə ilkin mövqeyini Qətər vasitəsilə çatdırıb
İran raketləri İranın ali lideri Müctəba Xameneinin təsvirinin yer aldığı lövhənin yanında nümayiş etdirilir. Tehran, İran, 27 sentyabr 2026-cı il.
Touraj Shiralilou

İran Xarici İşlər Nazirliyi bildirib ki, Tehran ABŞ-nin İranın yeddi günlük planına verdiyi cavabla bağlı ilkin mövqeyini Qətər vasitəsilə Vaşinqtona çatdırıb. Plan müharibənin dayandırılmasını və Hörmüz boğazının yenidən açılmasını nəzərdə tutur.

Nazirliyin sözçüsü İsmayıl Bəqai bildirib ki, xarici işlər naziri Abbas Əraqçi ötən həftə Nyu-Yorkdan qayıdarkən Dohada dayanıb. Həmin vaxt İranın mövqeyi Qətər vasitəsilə rəsmi Vaşinqtona çatdırılıb.

İran Xarici İşlər Nazirliyinin sözçüsü mətbuat konfransı keçirir. Tehran, İran, 4 oktyabr 2026-cı il.
Touraj Shiralilou

“Biz təklifin detallarını nəzərdən keçiririk və bəzi məsələlərlə bağlı ABŞ tərəfinə əlavə qeydlərimizi çatdıracağıq”, — Bəqai oktyabrın 4-də keçirdiyi mətbuat brifinqində deyib. O bildirib ki, məsələ hazırda aidiyyəti qurumlar tərəfindən araşdırılır.

Xarici işlər nazirinin hüquqi məsələlər üzrə müavini Kazım Qəribabadi də Tehranın mərhələli planına cavab olaraq ABŞ-nin təqdim etdiyi əks-təklifin nəzərdən keçirildiyini bildirib. İranın planı sentyabrın 22-də BMT Baş Assambleyasının sessiyası çərçivəsində vasitəçilər vasitəsilə Vaşinqtona çatdırılmışdı.

Qəribabadi deyib ki, İranın yekun mövqeyi müvafiq kanallarla qarşı tərəfə təqdim olunacaq. O, Tehranın eyni zamanda “digər ssenarilərə də hazır olduğunu” vurğulayıb.

Tehran diplomatiya imkanını açıq saxlayır

Xarici işlər naziri Abbas Əraqçi də bildirib ki, İran yeni hərbi hücum olarsa, daha güclü cavab verəcək, lakin diplomatiya imkanını açıq saxlayır.

“İran diplomatiya yolu ilə ədalətli və şərəfli həllə nail olmağa hazırdır. Lakin düşmənlər yenidən hərbi qarşıdurma yolunu seçsələr, daha güclü cavabla üzləşəcəklər”, — Əraqçi oktyabrın 4-də Tehranda səfirlər, müvəqqəti işlər vəkilləri, eləcə də xarici ölkələrin və beynəlxalq təşkilatların nümayəndəliklərinin rəhbərləri ilə görüşdə deyib.

Tehran və Vaşinqton İranın təklifinin və ABŞ-nin əks-təklifinin detallarını indiyədək rəsmi açıqlamayıb.

Tərəflər arasında Hörmüz boğazında gəmiçiliyin bərpası ilə bağlı da fikir ayrılığı var. Mətbuata sızan məlumatlara görə, ABŞ-nin nüvə məsələsi ilə bağlı tələbləri və etimadın bərpasına yönəlmiş addımların ardıcıllığı ilə bağlı fikir ayrılıqları müvəqqəti razılaşmaya mane olan əlavə amillərdir.

Teqlər