Rusiyanın Kiyevə zərbələri nəticəsində 11 nəfər ölüb

Rusiyanın Kiyevə zərbələri nəticəsində 11 nəfər ölüb
Rusiyanın Kiyevə zərbəsindən sonra yaranmış dağıntılar. Kiyev, Ukrayna, 7 oktyabr 2026-cı il.
Ukraine's State Emergency Service

Yerli rəsmilərin məlumatına görə, Rusiyanın oktyabrın 6-dan 7-nə keçən gecə Kiyevə endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 11-ə çatıb. 

Hücum Ukrayna Prezidenti Volodimir Zelenskinin oktyabrın 6-da axşam yayımladığı videomüraciətdə kəşfiyyat məlumatlarına əsasən Rusiyanın genişmiqyaslı hücuma hazırlaşdığını bildirməsindən bir neçə saat sonra baş verib.

“The Kyiv Independent” yerli mənbələrə istinadən bildirib ki, saat 03:15 radələrində Kiyevdə bir neçə partlayış səsi eşidilib.

Kiyev meri Vitali Kliçko və şəhər administrasiyasının məlumatına görə, paytaxtın bir neçə rayonunda zərbələr qeydə alınıb. Darnitski rayonunda iki nəfər ölüb. Podilski rayonunda isə qeyri-yaşayış obyektinə zərbə nəticəsində yanğın baş verib.

Xarkov vilayətinin rəhbəri Oleq Snequbov bildirib ki, Rusiyanın Xarkova hücumları nəticəsində iki nəfər yaralanıb.

Qara dənizdə hücumdan sonra gəmi batıb

Rəsmilərin məlumatına görə, oktyabrın 6-da Qara dənizdə, Bolqarıstanın müstəsna iqtisadi zonasında iki mülki gəmi hücuma məruz qalıb. Gəmilərdən biri batıb, digərinə isə ciddi ziyan dəyib.

Zelenski bildirib ki, Bolqarıstan Hərbi Dəniz Qüvvələri ilə birgə aparılan araşdırma nəticəsində hücumu Rusiyanın həyata keçirdiyi müəyyənləşib.

Lakin “Reuters”in məlumatına görə, Bolqarıstanın Baş naziri Rumen Radev dronların Rusiyadan, yoxsa Ukraynadan gəldiyinin hələ dəqiqləşmədiyini bildirib.

Dəniz təhlükəsizliyi üzrə mənbə bildirib ki, ilkin qiymətləndirməyə əsasən, hücumu böyük ehtimalla Rusiya həyata keçirib.

Rusiyanın zərbələri Ukraynanın oktyabrın 6-da Moskva və ətraf bölgələrə hücumundan sonra baş verib. Həmin hücum nəticəsində iki nəfər ölüb, iri yanacaq obyektində yanğın başlayıb.

Teqlər