Mahmud Abbas Fələstində seçkiləri 2027-ci ilin sentyabrınadək təxirə salıb

Mahmud Abbas Fələstində seçkiləri 2027-ci ilin sentyabrınadək təxirə salıb
Fələstin Administrasiyasının Prezidenti Mahmud Abbas Romada. İtaliya, 7 noyabr 2025-ci il.
Reuters

Fələstin Prezidenti Mahmud Abbas oktyabrın 10-da gələn ay keçirilməsi planlaşdırılan parlament seçkilərini 2027-ci il sentyabrın 11-dək təxirə salıb.

Abbas prezident seçkilərinin də həmin tarixdə keçirilməsinə qərar verib. O, qərarını İsrailin tətbiq etdiyi məhdudiyyətlər və Fələstin ərazilərindəki təhlükəsizlik vəziyyəti ilə əsaslandırıb.

Fələstinin rəsmi WAFA xəbər agentliyinin məlumatına görə, Abbasın imzaladığı fərmanda bildirilib ki, İsrailin məhdudiyyətləri seçkilərin keçirilməsinə mane olur. Sənəddə azad, ədalətli və bütün tərəflərin iştirak edə biləcəyi seçkilər üçün əlverişli siyasi və təhlükəsizlik şəraitinin yaradılmasının vacibliyi vurğulanıb.

Fərmanda Qüds, İordan çayının qərb sahili və Qəzza zolağında yaşayan fələstinlilər seçkilərdə iştirak etməyə çağırılıb.

Fələstində sonuncu parlament seçkiləri 2006-cı ildə, prezident seçkiləri isə 2005-ci ildə keçirilib. Abbasın prezidentlik müddəti 2009-cu ildə başa çatsa da, o, həmin vaxtdan bəri fərmanlarla idarəçiliyini davam etdirir.

İsrailin xarici işlər naziri Gideon Saar “X” sosial şəbəkəsində Fələstində sonuncu seçkilərin 20 il əvvəl keçirildiyini xatırladıb. O, Abbasın açıqlamalarını “məsuliyyətdən və hesabatlılıqdan yayınmaq üçün uydurulmuş növbəti gülünc yalan” adlandırıb.

2006-cı il parlament seçkilərindən sonra HƏMAS və Abbasın rəhbərlik etdiyi FƏTH hərəkatına sadiq qüvvələr arasında qarşıdurma yaranıb. HƏMAS 2007-ci ildə baş verən silahlı toqquşmalar nəticəsində Qəzza zolağına nəzarəti ələ keçirib.

Seçkilərin təxirə salınması qərarı Fələstin fraksiyaları və siyasi qrupları ilə məsləhətləşmələrdən sonra qəbul edilib. Fərmanda fələstinlilər arasında birliyin gücləndirilməsi və seçki prosesindəki problemlərin həlli üçün geniş milli dialoqun aparılmasının vacibliyi vurğulanıb.

İki fələstinli rəsmi “Reuters”ə bildirib ki, FƏTH və HƏMAS rəhbərləri Qahirədə keçirilən görüşdə seçkilərin təxirə salınmasına razılaşıblar.

Fələstin Siyasət və Sorğu Araşdırmaları Mərkəzinin avqustda keçirdiyi sorğunun nəticələrinə görə, hər iki hərəkata dəstək azalıb. Bir çox fələstinli Qəzza zolağı ilə İordan çayının qərb sahili arasındakı siyasi parçalanmaya görə FƏTH və HƏMAS-ı günahlandırır.

Seçkilərin keçirilməsi ilə bağlı vəd

Seçkilərin təxirə salınması qərarı Abbasın sentyabrın 24-də BMT Baş Assambleyasının 81-ci sessiyasında noyabrda seçkilərin keçiriləcəyini yenidən təsdiqləməsindən bir neçə həftə sonra qəbul edilib. Həmin vaxt Abbas beynəlxalq ictimaiyyətin dəstəklədiyi islahatları həyata keçirməyə çalışırdı.

Abbas 2025-ci ilin sentyabrında Fransanın Fələstin dövlətini tanıması ilə bağlı diplomatik danışıqlar zamanı Fransa Prezidenti Emmanuel Makrona və Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd bin Salmana prezident və parlament seçkilərinin keçiriləcəyinə söz vermişdi.

Fransa Xarici İşlər Nazirliyi seçkilərin keçirilməsinin vacibliyini vurğulayıb. Nazirlik Avropa İttifaqının seçki müşahidə missiyasının fəaliyyətə başlamasını da alqışlayıb.

Teqlər