canlı Səudiyyə Ərəbistanı sahillərində tanker hücuma məruz qalıb
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili...
Ər-Riyadda keçirilən 25-ci Dünya Neft Konqresinin ilk günündə əsas diqqət enerji təhlükəsizliyinə yönəlib. Səudiyyə Ərəbistanı son hücumlara ciddi cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Konqres 93 illik tarixində ilk dəfə Səudiyyə Ərəbistanında təşkil olunur. Tədbirin keçirildiyi Ər-Riyad Sərgi və Konfrans Mərkəzi həftəsonu husilərin iki dəfə hücum etdiyi Kral Xalid Beynəlxalq Hava Limanının yaxınlığında yerləşir. Yeni NOTAM-a (pilotlar üçün rəsmi bildiriş) əsasən, hava limanı oktyabrın 17-dək bağlı qalacaq.
Səudiyyə Ərəbistanının energetika naziri, şahzadə Əbdüləziz bin Salman konqresin açılışında milli təhlükəsizliyin enerji siyasətindən üstün olduğunu vurğulayıb.
“Səudiyyə Ərəbistanının lüğətində “qorxu” sözü yoxdur”, – deyə nazir bildirib.
O, Ər-Riyadın enerji təhlükəsizliyinin paytaxtı olduğunu deyib və konqresin keçirilməsini krallığın çətinliklərə davam gətirmək qabiliyyətinin göstəricisi kimi qiymətləndirib.
Son hücumlara toxunan nazir bildirib ki, baş verən hadisələr ciddidir və Səudiyyə Ərəbistanının cavabı da eyni dərəcədə ciddi olmalıdır.
“Reuters” agentliyinin məlumatına görə, son iki həftə ərzində husilərin Səudiyyə Ərəbistanına hücumları nəticəsində 15-dən çox insan həlak olub.
Nazir qeyd edib ki, krallıq “Vision 2030” proqramını həyata keçirməyə, enerji sektoruna investisiya yatırmağa və sənayeni inkişaf etdirməyə davam edəcək. Səudiyyə Ərəbistanı həmçinin vətəndaşları və beynəlxalq tərəfdaşları qarşısında götürdüyü öhdəlikləri yerinə yetirəcək.
Konqresin “Hamı üçün enerji gələcəyinə aparan yollar” mövzusuna toxunan Əbdüləziz bin Salman enerji təhlükəsizliyinin qlobal enerji keçidinin əsas şərti olduğunu vurğulayıb.
“Hamı üçün enerji gələcəyi yalnız ümumi enerji təhlükəsizliyi təmin edildikdə mümkündür”, – deyə o bildirib.
Nazirin sözlərinə görə, gələcək böhranlara davamlı enerji keçidini təmin etmək üçün təhlükəsizlik, münasib qiymətlər, investisiyalar və böhranlara qarşı dayanıqlılıq bir-birini tamamlamalıdır.
Nazirin çıxışının əsas hissəsi Səudiyyə Ərəbistanının enerji təchizatında fasilələrin təsirini azaltmaq məqsədilə infrastruktura yatırdığı uzunmüddətli investisiyalara həsr olunub.
O bildirib ki, enerji təhlükəsizliyini heç vaxt təminatlı hesab etmək olmaz. Son hadisələr krallığın infrastrukturunu, dövlət qurumlarını və əhalisini, eləcə də mövcud böhrandan illər əvvəl qəbul edilmiş qərarların səmərəliliyini sınağa çəkib.
Əbdüləziz bin Salman qeyd edib ki, gözlənilməz böhranlara qarşı əsas təminatlar sırasında onilliklər ərzində neft saxlama infrastrukturuna, əlavə hasilat imkanlarına, alternativ ixrac marşrutlarına, texnologiyalara, yerli təchizat zəncirlərinə və ixtisaslı kadrların hazırlanmasına yatırılan investisiyalar var.
Onun sözlərinə görə, böhranlara davamlılıq yalnız boru kəmərləri və hasilat imkanları ilə məhdudlaşmır. Buraya fəaliyyətin davam etdirilməsi, zədələnmiş obyektlərin təmiri, təchizatın alternativ istiqamətlərə yönləndirilməsi və fasilələrdən sonra işin qısa müddətdə bərpası da daxildir.
Nazir beynəlxalq təchizat zəncirlərində fasilələr yarandıqda müəssisələrin fəaliyyətini davam etdirməsi üçün yerli istehsal və təchizat imkanlarının genişləndirilməsinin vacibliyini vurğulayıb.
Bunun əsas nümunələrindən biri Səudiyyə Ərəbistanının Şərq əyalətindən Qırmızı dəniz sahilindəki Yanbu şəhərinə xam neft nəql edən Şərq–Qərb boru kəməridir. Kəmər neftin Hörmüz boğazından keçmədən ixracına imkan verir.
İştirakçılar nazirin çıxışını alqışlarla qarşılayıblar.
Körfəz ölkələri enerji infrastrukturunun gücləndirilməsi istiqamətində səylərini artırır.
Səudiyyə Ərəbistanı Mətbuat Agentliyinin məlumatına görə, şahzadə Əbdüləziz bin Salman oktyabrın 11-də Küveyt, Qətər və Misirlə enerji sahəsində əməkdaşlıq sazişləri imzalayıb.
Qətərlə saziş neft, qaz, neft emalı, neft-kimya sənayesi və təmiz hidrogen sahələrini əhatə edir. Sənəddə enerjinin nəqli və ixracı üçün birgə boru kəmərlərinin çəkilməsi imkanları da nəzərdə tutulur.
Küveytlə razılaşma elektrik şəbəkələrinin birləşdirilməsi, elektrik enerjisinin ixracı, enerjinin saxlanması və intellektual elektrik şəbəkələri sahələrində əməkdaşlığı nəzərdə tutur.
Avqust ayında Küveytin neft naziri ölkəsinin Səudiyyə Ərəbistanı və digər ərəb dövlətləri ilə yeni xam neft ixracı kəmərinin çəkilməsini müzakirə etdiyini bildirmişdi.
Təhlükəsizliklə bağlı narahatlıqlar yalnız enerji infrastrukturu ilə məhdudlaşmır. Birləşmiş Ərəb Əmirlikləri Prezidentinin müşaviri Ənvər Qarqaş Səudiyyə Ərəbistanına hücumların bütün Körfəz ölkələrinin təhlükəsizliyini təhdid etdiyini bildirib və regional təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığın gücləndirilməsinə çağırıb.
Konqres beynəlxalq enerji bazarlarında ciddi təzyiqlərin yaşandığı bir vaxtda başlayıb.
Beynəlxalq Enerji Agentliyinin (IEA) rəhbəri Hörmüz boğazındakı vəziyyəti dünyada enerji təhlükəsizliyi sahəsində indiyədək yaşanan ən böyük böhran kimi qiymətləndirib.
Körfəz ölkələrinin xam neft ixracı alternativ marşrutlar hesabına qismən bərpa olunsa da, emal edilmiş neft məhsullarının və mayeləşdirilmiş təbii qazın (LNG) daşınması son dərəcə aşağı səviyyədə qalır.
“Saudi Aramco” şirkətinin baş icraçı direktoru Əmin Nasir bildirib ki, Hörmüz boğazı tam açılana qədər xam neft təchizatına təzyiq davam edəcək.
Onun sözlərinə görə, dənizdəki kommersiya neft ehtiyatları altı milyard bareldən xeyli azdır. Qlobal tələbatı ödəməklə yanaşı, ehtiyatların bərpası iki ilədək vaxt apara bilər.
Dünya Neft Şurasının prezidenti Pedro Miras bildirib ki, dünya əhalisinin sayı 10 milyarda yaxınlaşdıqca qlobal enerji tələbatı artmaqda davam edəcək.
O, müxtəlif enerji mənbələrindən istifadənin vacibliyini vurğulayıb və təhlükəsizlik, münasib qiymətlər və dayanıqlılıqla yanaşı, iqtisadi inkişafı da dördüncü prioritet kimi göstərib.
Mirasın fikrincə, enerji mənbələrinin və istehsalçı ölkələrin müxtəlifliyi qlobal enerji sisteminin böhranlara davamlılığını gücləndirə bilər.
Təşkilatçılar konqresdə 25 mindən çox nümayəndənin, o cümlədən 100-dən artıq nazirin və 500-ə yaxın şirkət rəhbərinin iştirakını gözləyirlər.
Proqramda 800 məruzəçinin çıxışı və 30-dan çox sessiyanın keçirilməsi nəzərdə tutulub. Təxminən 1000 şirkət isə 50 min kvadratmetrlik sərgi sahəsində yer sifariş edib.
Bununla belə, oktyabrın 12-də səhər açıqlanan proqramda bir sıra iri enerji şirkətlərinin rəhbərlərinin adları yer almayıb.
“Reuters” agentliyinin məlumatına görə, əvvəllər tədbirdə iştirakı gözlənilən “ExxonMobil”, “TotalEnergies”, “Shell”, “Chevron” və BP şirkətlərinin baş icraçı direktorları proqramda göstərilməyib.
Geosiyasi gərginliyə və təchizatdakı fasilələrə baxmayaraq, dünyada enerji sektoruna investisiyalar artır.
Beynəlxalq Enerji Agentliyinin proqnozuna görə, bu il dünyada enerji sektoruna qoyulan investisiyalar rekord həddə – 3,4 trilyon dollara çatacaq. Bunun təxminən 2,2 trilyon dollarının təmiz enerji və elektrik şəbəkələrinə yönəldiləcəyi gözlənilir.
Oktyabrın 12-də Rusiya ilə Ukrayna arasında enerji infrastrukturuna hücumların dayandırılacağına dair ümidlər fonunda neftin qiyməti ucuzlaşıb. Bununla belə, “Brent” markalı xam neftin bir barelinin qiyməti 100 dollardan yuxarı qalıb.
Dünya Neft Konqresi və sərgisinin oktyabrın 15-də yekun mərasimlə başa çatması planlaşdırılır.
Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları İdarəsinin (UKMTO) yaydığı məlumata görə, oktyabrın 16-da Səudiyyə Ərəbistanından 68 dəniz mili şimal-şərqdə tanker naməlum mərmi ilə vurulub.
ABŞ Prezidenti Donald Tramp Ukraynanın Rusiyadakı neft emalı zavodlarına hücumları bərpa etməsini “biabırçılıq” adlandırıb. Qarşılıqlı hücumlar davam edir. Medianın məlumatına görə, Ukraynanın “Patriot” hava hücumundan müdafiə sistemləri üçün raket ehtiyatları demək olar ki, tükənib.
Səudiyyə Ərəbistanında çalışan ABŞ hökumətinin əməkdaşları ölkənin hava limanlarından yalnız xüsusi icazə ilə istifadə edə bilərlər. Qərar ötən həftə husilərin Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanına hücumu nəticəsində azı 13 nəfərin həlak olmasından sonra qəbul edilib.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
Ağ Evin mətbuat katibi Keti Zakariya vəzifəsinin icrasına başlamasından bir həftə keçməmiş işdən çıxarılıb. Bununla da Tramp administrasiyası yeni mətbuat katibi axtarışına başlayıb. Zakariyanın Ağ Evin tarixində bu vəzifədə ən qısa müddət çalışmış şəxs olduğu bildirilir.
AnewZ-un “Kontrapunkt: Almaniya–Azərbaycan ortaq tarixinin iki əsri” sənədli filmi təxminən iki əsr əvvəl Azərbaycan torpaqlarına köçən, şərabçılıqla tanınan icmalar quran və ölkənin mədəni irsində, memarlığında silinməz iz qoyan almanların həyatından bəhs edir.
2026-cı ilin yanvar–sentyabr aylarında Özbəkistana 10,3 milyon xarici turist gəlib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 20,4 faiz artıb. Özbəkistan 2030-cu ilədək illik turist sayını 20 milyona çatdırmağı planlaşdırır.
AnewZ-un əməkdaşı Sabir Səfərov ilə müsahibəsində husilərə yaxınlığı ilə tanınan jurnalist Hüseyn əl-Buxeyti Səudiyyə Ərəbistanının su və elektrik təchizatı obyektlərinə mümkün hücumlar barədə xəbərdarlıq edib.
Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, biomüxtəlifliyin qorunması Azərbaycan və digər qonşu ölkələrlə əməkdaşlığın güclənməsinə töhfə verə bilər.
AnewZ “Günün icmalı” rubrikasında əsas yenilikləri təqdim edir. Bu dəfə Qarabağ və Şərqi Zəngəzura xarici turistlərin səfəri, bölgədə aparılan bərpa-quruculuq işləri, Bakıda keçirilən beynəlxalq sərgilər, “44” filminin premyerası və siyasi gündəmin əsas hadisələri diqqət mərkəzindədir.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın