Səudiyyə Ərəbistanında neft şirkətinin binasına hücum edilib, yanğın baş verib

Səudiyyə Ərəbistanının Dəhran şəhərində “Saudi Aramco” şirkətinə məxsus inzibati bina oktyabrın 13-də axşam saatlarında hücuma məruz qalıb. Nəticədə kiçik yanğın baş verib. Bu barədə Səudiyyə Ərəbistanının Energetika Nazirliyi oktyabrın 14-də məlumat yayıb.

⦿ 22:25 | YENİLƏNİB

Makron Hörmüz boğazındakı vəziyyəti müzakirə etmək üçün Bəsrə körfəzinin dörd ölkəsinə səfər edəcək

Reuters

Fransa Prezidenti Emmanuel Makron oktyabrın 19-dan 21-dək Küveyt, Birləşmiş Ərəb Əmirlikləri, Bəhreyn və Qətərdə səfərdə olacaq. Bu barədə Yelisey sarayı məlumat yayıb.

Bəyanata əsasən, bu ölkələrin liderləri ilə keçiriləcək danışıqlarda əsas diqqət Hörmüz boğazındakı mövcud vəziyyətə və bunun enerji qiymətlərinə təsirinə yönələcək.

⦿ 19:55 | YENİLƏNİB

Yəməndə döyüşlər 800 min nəfərin humanitar yardımdan məhrum olmasına səbəb olub

Reuters

Humanitar agentliklərin verdiyi məlumata görə, Yəməndə döyüşlərin şiddətlənməsi 800 minə yaxın insanı yardımdan məhrum edib, ölkə üzrə xəstəxanalar isə artan yaralı axınının öhdəsindən gəlməkdə çətinlik çəkir.

BMT-nin Dünya Ərzaq Proqramından bildirilib ki, husi döyüşçülərinin mühasirəyə aldığı və hökumət qüvvələrinin nəzarətində olan Taiz şəhərində buğda unu ehtiyatları tükənmək üzrədir. Taizdə 200 mindən çoxu uşaq olmaqla, 600 min insan birbaşa humanitar yardımdan asılıdır.

Tibbi ləvazimatlar da sürətlə bitir. “Əl-Thavra” xəstəxanasının dializ mərkəzində cəmi 14 günlük dializ materialının qaldığı bildirilir, toqquşmalar isə bəzi xəstələrin tibbi yardım almasına mane olur.

⦿ 19:49 | YENİLƏNİB

Aİ Aviasiya Təhlükəsizliyi Agentliyi İordaniyanın hava məkanı ilə bağlı tövsiyələrini yumşaldıb

Reuters

Avropa İttifaqının Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) İordaniyanın hava məkanı ilə bağlı tövsiyələrini yumşaldaraq aviaşirkətlərə bu hava məkanından istifadədən tamamilə imtina etmək əvəzinə potensial riskləri qiymətləndirməyi tövsiyə edib.

Qurumun rəsmi internet səhifəsində yer alan məlumata görə, bununla belə, İordaniya ilə bağlı münaqişə zonası üzrə məlumat bülleteninin qüvvədə olma müddəti noyabrın 16-dək uzadılıb.

⦿ 17:54 | YENİLƏNİB

Hörmüz boğazı yaxınlığında raket zərbəsinə məruz qalan konteyner gəmisi batıb

Reuters

Dəniz təhlükəsizliyi sahəsindəki mənbələrin oktyabrın 14-də verdiyi məlumata görə, Sinqapur bayrağı altında üzən konteyner gəmisi Hörmüz boğazı yaxınlığında mərmi zərbəsindən sonra batıb. Başqa bir insidentdə isə quru yük gəmisinin batmaqda olduğu bildirilib.

Mənbələrin məlumatına görə, 2 824 TEU (20 futluq konteyner ekvivalenti) yük tutumuna malik “GFS Pride” konteyner gəmisi batıb. Antiqua və Barbuda bayrağı altında üzən “Cape Dao” adlı quru yük gəmisinin isə sentyabrın 23-də mərmi zərbəsinə məruz qaldığı və hazırda boğaz yaxınlığında batmaqda olduğu bildirilib.

Gəmilərin istismarına cavabdeh olan Birləşmiş Ərəb Əmirliklərində yerləşən şirkətlərdən şərh almaq mümkün olmayıb.

⦿ 16:36 | YENİLƏNİB
“Saudi Aramco”nun baş qərargahına hücum nəticəsində binaya ciddi ziyan dəyib

“Saudi Aramco” şirkətinin Səudiyyə Ərəbistanının Dəhran şəhərində yerləşən baş qərargahına oktyabrın 13-də edilən hücum nəticəsində binaya ciddi ziyan dəyib və bir neçə mərtəbəni əhatə edən yanğın baş verib. Bu barədə məlumatlı mənbələr “Reuters”ə bildirib.

Mənbələrin məlumatına görə, şirkətin fəaliyyəti normal qaydada davam edib. Əməkdaşlar məsafədən işləyib, bəzi funksiyalar isə şirkətin xaricdə yerləşən ofislərinə ötürülüb.

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi hücum nəticəsində kiçik yanğın baş verdiyini bildirib.

“Saudi Aramco” bu barədə müvafiq sorğuya cavab verməyib.

⦿ 16:34 | YENİLƏNİB

Hörmüz boğazında konteyner gəmisi naməlum mərmi ilə vurulub

Reuters

Birləşmiş Krallığın Dəniz Ticarəti Əməliyyatları Mərkəzinə (UKMTO) oktyabrın 14-də Hörmüz boğazında konteyner gəmisinin naməlum mərmi ilə vurulduğuna dair məlumat daxil olub.

UKMTO bildirib ki, hadisə barədə məlumat etibarlı mənbədən alınıb.

⦿ 14:32 | YENİLƏNİB

Husilər Səudiyyə Ərəbistanının hava limanlarına və neft obyektlərinə hücumları davam etdirəcəklərini bəyan ediblər

Reuters

İranın dəstəklədiyi Yəmən husiləri Səudiyyə Ərəbistanının hava limanlarına və neft obyektlərinə hücumları davam etdirəcəklərini bəyan ediblər. Qruplaşma Ər-Riyadda “Saudi Aramco” şirkətinin baş qərargahına endirilən zərbəyə görə məsuliyyəti öz üzərinə götürüb.

Husilər Dəhran şəhərindəki “Saudi Aramco” obyektlərini, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını və şirkətin paytaxtda yerləşən neft emalı zavodunu ballistik və qanadlı raketlər, eləcə də pilotsuz uçuş aparatları (PUA) ilə hədəf aldıqlarını bildiriblər.

⦿ 13:16 | YENİLƏNİB

Husilər “Saudi Aramco”nun obyektlərinə və Ər-Riyad hava limanına hücum etdiklərini bildiriblər

Reuters

Yəməndəki husilər oktyabrın 14-də Səudiyyə Ərəbistanının Dəhran şəhərində “Saudi Aramco” şirkətinə məxsus obyektləri, Ər-Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanını və şirkətin paytaxtda yerləşən neft emalı zavodunu hədəf aldıqlarını açıqlayıblar.

Bu açıqlama husilərlə Səudiyyə Ərəbistanı arasında hərbi qarşıdurmanın şiddətləndiyi bir vaxtda verilib.

Husilər yaxın günlərdə hava limanlarına və neft obyektlərinə hücumları davam etdirəcəklərini bildiriblər.

⦿ 12:27 | YENİLƏNİB

Pakistan və Oman XİN rəhbərləri regionda sülh səylərini müzakirə ediblər

Anadolu

Pakistanın xarici işlər naziri İshaq Dar oktyabrın 14-də İslamabadda omanlı həmkarı Bədr əl-Busaidi ilə görüşüb. Tərəflər regionda sülhün təmin olunması istiqamətində səyləri müzakirə ediblər.

Pakistan Xarici İşlər Nazirliyinin məlumatına görə, nazirlər ticarət, investisiya və xalqlararası əlaqələr də daxil olmaqla, qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın genişləndirilməsi imkanlarını nəzərdən keçiriblər.

Onlar regiondakı son hadisələr fonunda davamlı sülh və sabitliyin təmin edilməsi üçün dialoq və diplomatiyanın vacibliyini vurğulayıblar.

⦿ 12:15 | YENİLƏNİB

İranda PUA hücumu nəticəsində üç balıqçı yaralanıb

Reuters

İranın “Tasnim” xəbər agentliyinin məlumatına görə, ölkənin cənubundakı Hörmüzqan əyalətinin Sirik şəhəri yaxınlığında balıqçı qayığı naməlum pilotsuz uçuş aparatının (PUA) hücumuna məruz qalıb. Nəticədə üç balıqçı yaralanıb.

Agentlik yerli mənbələrə istinadən hücumun ABŞ-yə məxsus PUA vasitəsilə həyata keçirildiyini bildirib. Lakin İran rəsmiləri hadisənin təfərrüatlarını və hücuma görə məsuliyyət daşıyan tərəfi hələlik rəsmi şəkildə təsdiqləməyiblər.

⦿ 11:20 | YENİLƏNİB

Ər-Riyadda hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq ləğv edilib

Reuters

Səudiyyə Ərəbistanı rəsmiləri oktyabrın 14-də paytaxt Ər-Riyadda mümkün hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq yayıblar. Daha sonra təhlükənin sovuşduğunu elan ediblər. Hadisə Səudiyyə Ərəbistanı ilə İranın dəstəklədiyi Yəmən husiləri arasında hərbi qarşıdurmanın kəskinləşdiyi bir dövrə təsadüf edib.

⦿ 10:01 | YENİLƏNİB

İranda müharibə zamanı silahlı hücumlar törətməkdə təqsirli bilinən şəxs edam edilib

Reuters

İranda ABŞ və İsraillə müharibə zamanı ölkənin cənub-şərqindəki Kirman şəhərində silahlı hücumlar törətməkdə təqsirli bilinən Əli-Sina Mostəfəvi edam edilib. Bu barədə oktyabrın 14-də İranın məhkəmə sisteminə bağlı “Mizan” xəbər agentliyi məlumat yayıb.
Agentliyin məlumatına görə, Mostəfəvi İran müxalifətinin mühacirətdə yaşayan liderlərindən biri olan Rza Pəhləvini və İsraili dəstəkləməkdə ittiham olunub.

⦿ 09:23 |  YENİLƏNİB

Təchizat riskləri fonunda neft qiymətləri artıb

Oktyabrın 14-də dünya bazarında neftin qiyməti artıb. “Brent” markalı neftin fyuçersləri 89 sent və ya 0,8 faiz bahalaşaraq bareli 106,58 dollara çatıb. ABŞ-nin Qərbi Texas neftinin (WTI) qiyməti isə 80 sent və ya 0,9 faiz artaraq bareli 94,94 dollara yüksəlib.

“Reuters”in məlumatına görə, oktyabrın 13-də neft bazarında qiymətlər fərqli istiqamətlərdə dəyişib. “Brent” 0,9 faiz ucuzlaşıb, WTI isə 0,4 faiz bahalaşıb.

Qiymətlərə Yəmən husiləri ilə Səudiyyə Ərəbistanı arasında döyüşlərin neft təchizatı üçün yaratdığı risklər, eləcə də Rusiyadan dizel yanacağı tədarükünün mümkün artımı ilə bağlı gözləntilər təsir edib.

Oktyabrın 13-də ticarət sessiyasının sonunda “Brent” markalı neftin bir bareli 105,69 dollar, WTI isə 94,14 dollar olub.

Bəndər-Abbas şəhəri sahilləri yaxınlığında Hörmüz boğazından keçən gəmilər. İran, 13 oktyabr 2026-cı il.
Reuters

⦿ 09:10 | YENİLƏNİB

ABŞ İranın Hörmüz boğazına nəzarət etdiyi barədə iddiasını rədd edib

Anadolu

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) oktyabrın 13-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Hörmüz boğazına nəzarət etdiyi və boğaza yaxınlaşan ABŞ hərbi gəmilərini batıracağına dair iddialarını rədd edib.

“SEPAH-ın Hərbi Dəniz Qüvvələri komandanının donanması belə yoxdur. Hörmüz boğazına ABŞ qüvvələri və onların regional tərəfdaşları nəzarət edir”, – CENTCOM “X” platformasında məlumat yayıb.

⦿ 09:00 | YENİLƏNİB

Tramp İrana qarşı yeni addımlar atılacağına işarə edib

ABŞ Prezidenti Donald Tramp oktyabrın 13-də Alyaska ştatının Vasilla şəhərində keçirilən seçki mitinqində İrana qarşı yeni tədbirlərin görüləcəyinə işarə edib.

Tədbir ABŞ Konqresinə keçiriləcək aralıq seçkilərdə Respublikaçılar Partiyasının namizədlərini dəstəkləmək məqsədilə təşkil olunub.

“Gözləyin, görün İrana qarşı daha nələr edəcəyik. Onlara ciddi zərbə vuracağıq. Əslində, biz bunu əvvəllər də etmişik”, – Tramp deyib.

ABŞ Prezidenti İranın bundan sonra atılacaq addımları gözlədiyini vurğulayıb.

“Artıq səbrimiz tükənib, amma bunun əhəmiyyəti yoxdur. Əsas məsələ İranın nüvə silahına sahib olmayacağıdır”, – Donald Tramp bildirib.

⦿ 08:45 | YENİLƏNİB

Misir və Pakistan XİN rəhbərləri regional gərginliyin azaldılmasını müzakirə ediblər

Misirin xarici işlər naziri Bədr Əbdülati Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Darla telefon danışığı aparıb. Nazirlər regionda son vəziyyəti, gərginliyin azaldılması yollarını, eləcə də İslam Əməkdaşlıq Təşkilatının (İƏT) xarici işlər nazirlərinin qarşıdakı görüşü ərəfəsində əməkdaşlığın gücləndirilməsi məsələlərini müzakirə ediblər.

⦿ 08:30 | YENİLƏNİB

Səudiyyə Ərəbistanının Energetika Nazirliyi: Hücumdan sonra zəruri tədbirlər görülüb

Reuters

Səudiyyə Ərəbistanının Energetika Nazirliyinin məlumatına görə, “Saudi Aramco” şirkətinin inzibati binasına hücumdan sonra aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunub və zəruri tədbirlər görülüb.  Hücum nəticəsində ölən və yaralanan olmayıb.

Şirkətin Dəhran şəhərindəki baş qərargahının yerləşdiyi kompleksdə əsas əməliyyat mərkəzlərindən biri fəaliyyət göstərir. Bu mərkəzdən quruda və dənizdəki neft hasilatı obyektləri, boru kəmərləri, neft emalı zavodları və ixrac terminalları idarə olunur.

Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, Dəhran və Ər-Riyadda raketlər və pilotsuz uçuş aparatları (PUA) havada zərərsizləşdirilib. Onların qalıqları yaşayış ərazilərinə düşüb. Nəticədə paytaxt Ər-Riyadda dörd nəfər yaralanıb, 15 evə ziyan dəyib.

⦿ 08:19 | YENİLƏNİB

Ər-Riyadda raket qalıqları 4 nəfəri yaralayıb, 15 evə ziyan dəyib

Anadolu

Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda havada zərərsizləşdirilən iki qanadlı raketin qalıqlarının yerə düşməsi nəticəsində dörd nəfər yaralanıb, 15 evə isə cüzi ziyan dəyib. Bu barədə ölkə rəsmiləri oktyabrın 14-də səhər saatlarında məlumat veriblər.

Səudiyyə Ərəbistanının Mülki Müdafiə Xidməti bildirib ki, raketlər oktyabrın 13-də Yəmən husiləri tərəfindən buraxılıb və havada zərərsizləşdirilib.

Raket qalıqlarının yerə düşməsi nəticəsində iki qadın, bir kişi və bir uşaq yaralanıb.

Qurumun məlumatına görə, hadisədən sonra zəruri təhlükəsizlik tədbirləri görülüb.

Teqlər