Zəfər Günündə Qarabağda Azərbaycan–Türkiyə həmrəyliyi
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan noyabrın 8-də Zəfər Günü münasibətilə Azərbaycana səfər edib. Səfər çərçivəsində iki ölkə liderinin görüşləri...
ABŞ-də “OpenAI” şirkətinin rəhbərliyinin istifadə etdiyi iclas otağına gizli səsyazma cihazı yerləşdirməkdə şübhəli bilinən proqram mühəndisi həbs edilib. Ona qarşı rəsmi ittiham irəli sürülüb.
“OpenAI”-ın məlumatına görə, daxili araşdırma zamanı mühəndisin süni intellekt modellərinin çəki parametrləri, mənbə kodu və müştəri məlumatları kimi yüksək məxfilik dərəcəsinə malik resurslara çıxış əldə etdiyinə və ya onları şirkətdən çıxardığına dair sübut tapılmayıb.
Hadisə qabaqcıl süni intellekt texnologiyaları uğrunda rəqabətin gücləndiyi bir vaxtda aparıcı texnologiya şirkətlərinin üzləşdiyi təhlükəsizlik problemlərini yenidən gündəmə gətirib. Bir çox hökumət və şirkət bu texnologiyaları strateji əhəmiyyətli hesab edir.
ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, Səudiyyə Ərəbistanı vətəndaşı olan 35 yaşlı Əbdürrəhman Əl-Fəuzan ABŞ-də daimi yaşamaq hüququna malikdir. O, 2025-ci ilin iyulunda “OpenAI”-da işə başlayıb.
Prokurorluq iddia edir ki, mühəndis şirkətin San-Fransiskodakı ofisində yüksəkvəzifəli rəhbərlərin istifadə etdiyi iclas otağına gizli səsyazma cihazı yerləşdirib.
Məlumata görə, cihaz sentyabrın sonunda şirkət əməkdaşları tərəfindən otaqdakı televizora qoşulmuş vəziyyətdə aşkarlanıb. Müstəntiqlər avadanlığın görünüşünün dəyişdirilərək gizlədildiyini bildiriblər.
Məhkəmə sənədlərinə əsasən, Əl-Fəuzanın şəxsi əşyalarında aparılan axtarış zamanı xüsusi hazırlanmış ikinci cihaz da aşkar edilib.

“OpenAI” cihaz aşkar edildikdən sonra daxili araşdırmaya başladığını və məsələni daha sonra ABŞ Federal Təhqiqat Bürosuna (FTB) ötürdüyünü açıqlayıb.
Şirkətin məlumatına görə, hadisədə şübhəli bilinən şəxsin müəyyənləşdirilməsi və avadanlığın mənşəyinin araşdırılması üçün “OpenAI”ın öz süni intellekt alətlərindən də istifadə edilib.
Araşdırma zamanı ofisin digər məxfi sahələrinə də səsyazma cihazları yerləşdirilməsinin planlaşdırıldığına dair sübutlar aşkarlanıb.
“OpenAI”araşdırmadan sonra Əl-Fəuzanla əmək müqaviləsinə xitam verildiyini bildirib.
Federal müstəntiqlər iddia edirlər ki, cihaz şirkətin qabaqcıl süni intellekt proqramları ilə bağlı məxfi danışıqları qeydə almaq məqsədilə yerləşdirilib.
FTB direktoru Kaş Patel bildirib ki, iş “OpenAI”ın ən məxfi tədqiqat fəaliyyətləri ilə bağlı müzakirələri gizli qeydə almaq cəhdinə dair iddialarla əlaqədardır.
İttiham sənədində həmçinin bildirilir ki, Əl-Fəuzan cihazın aşkarlanmasından əvvəlki həftələrdə iclas otaqlarının istifadə qrafikləri və ofisin texniki infrastrukturu barədə məlumat toplamaq üçün şirkətin iş prosesini asanlaşdıran daxili süni intellekt alətlərindən istifadə edib.
Hakimiyyət orqanları hər hansı məlumatın faktiki olaraq əldə edilməsi və ya ötürülməsi barədə ictimaiyyətə açıqlama verməyib.
Hadisə süni intellekt şirkətlərinin tədqiqat nəticələrini, mütəxəssislərini və kommersiya sirlərini qorumaq üçün artan təzyiqlə üzləşdiyi dövrə təsadüf edir.
Aparıcı süni intellekt şirkətləri arasında rəqabət gücləndikcə təhlükəsizliklə bağlı narahatlıqlar yalnız kibertəhdidlərlə məhdudlaşmır. Fiziki təhlükəsizlik, şirkətdaxili risklər və korporativ casusluq da diqqət mərkəzindədir.
Bu hadisə son həftələrdə “OpenAI” ilə bağlı gündəmə gələn növbəti təhlükəsizlik məsələsidir. Şirkət bu yaxınlarda məlumatlarla işləmə qaydalarına dair daxili yoxlamadan sonra bir neçə tədqiqatçını işdən çıxardığını açıqlayıb.
Əl-Fəuzanın təqsiri sübuta yetirilərsə, onu beş ilədək həbs, pul cərimələri və həbsdən sonra nəzarət altında saxlanılma gözləyə bilər.
Məhkəmə prosesində prokurorluğun ittihamları sübuta yetirə biləcəyi və səsyazma cihazlarının hansı məqsədlə yerləşdirildiyi məsələlərinə aydınlıq gətirilməsi gözlənilir.
FTB-nin araşdırması davam edir. Hələlik əlavə ittiham irəli sürülməyib və hadisədə mümkün əlbir şəxslərin müəyyənləşdirildiyinə dair rəsmi məlumat açıqlanmayıb.
Polşanın Krakov şəhərinin mərkəzi meydanında silahlı hücum nəticəsində azı 6 nəfər həlak olub, 15 nəfər yaralanıb. Bu barədə Polşa rəsmiləri məlumat veriblər.
Azərbaycan, ABŞ və Ermənistan Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP) layihəsini sürətləndirmək üçün üçtərəfli texniki işçi qruplarının fəaliyyətinə başlayıblar. Bu, 2025-ci ilin avqustunda Vaşinqtonda əldə olunan razılaşmaların icrasında növbəti addımdır.
Azərbaycan Prezidenti İlham Əliyev 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycan xalqını təbrik edib. Dövlət başçısı Xankəndidə Zəfər tağını ziyarət edərək önünə əklil qoyub.
Yeni Zelandiyada keçirilən parlament seçkilərində hakim sağ-mərkəzçi Milli Partiya müxalifətdəki Leyboristlər Partiyasını cüzi fərqlə qabaqlayır. İlkin proqnozlara görə, hazırkı üçpartiyalı hakim koalisiya iqtidarda qala bilər.
Azərbaycanda noyabrın 8-də Zəfər Gününün altıncı ildönümü qeyd olunur. Bu əlamətdar tarix 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsi zamanı Şuşanın işğaldan azad edilməsi ilə bağlıdır.
Dubayda dekabrın 7–11-də keçiriləcək GITEX Global 2026 sərgisində süni intellektin enerji tələbatı, rəqəmsal infrastruktur və investisiya imkanları müzakirə olunacaq. Tədbirə 180-dən çox ölkədən 200 mindən artıq iştirakçının qatılması gözlənilir.
Səudiyyə Ərəbistanının “Saudi Aramco” şirkətinin süni intellekt sahəsində fəaliyyət göstərən “HUMAIN” şirkətinin səhmlərinin 49 faizini əldə etməsi dünyanın iri enerji şirkətlərinin bu sahəyə artan marağını gündəmə gətirib.
Çində hazırlanan yeni süni intellekt çipi şirkətin açıqladığı sınaq nəticələrinə görə, “Nvidia H200” ilə eyni səviyyədə performans göstərib. Bu nəticələr təsdiqlənərsə, Çinin xarici texnologiyalardan asılılığını azaltması istiqamətində mühüm addım ola bilər.
“NVIDIA” şirkətinin baş direktoru Censen Huanq Qazaxıstanın süni intellekt sahəsindəki planlarını yüksək qiymətləndirib. O, ölkənin fiziki süni intellekt üzrə qlobal mərkəzə çevrilmək, yeni startaplar yaratmaq və sənayenin müxtəlif sahələrini inkişaf etdirmək potensialına malik olduğunu bildirib.
ABŞ-nin Nyu-Meksiko ştatında məhkəmə “Cambridge Analytica” qalmaqalı ilə bağlı iş üzrə “Meta” şirkətinə 25 milyard dollar cərimə kəsib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın