“Nvidia” rəhbərinin istefası dünya fond bazarlarına necə təsir edib?

“Nvidia” rəhbərinin istefası dünya fond bazarlarına necə təsir edib?
Reuters

“Nvidia”nın baş icraçı direktoru Censen Huanqın gözlənilməz istefası dünya texnologiya bazarlarında dalğalanmalara səbəb olub. Çinin süni intellekt şirkətləri ilə yanaşı, ABŞ və Avropanın yarımkeçirici istehsalçılarının da səhmləri ucuzlaşıb. 

ABŞ-nin Çinə çip ixracına məhdudiyyətləri sərtləşdirəcəyi ilə bağlı narahatlıqlar artıb. İnvestorlar Huanqın istefasının süni intellekt sənayesinə necə təsir edəcəyini müəyyənləşdirməyə çalışırlar.

Huanqın nikahdankənar münasibətləri, o cümlədən ABŞ hakimiyyətinin Çin casusu olmaqda şübhələndiyi qadınla əlaqəsi barədə məlumatların yayılmasından sonra o, noyabrın 12-də vəzifəsindən istefa verib.

Bu hadisədən sonra “Nvidia”nın süni intellekt şirkətlərinin maliyyələşdirilməsindəki rolu, ABŞ-nin çip ixracı siyasəti və Vaşinqtonla Pekin arasında münasibətlərin gələcəyi ilə bağlı qeyri-müəyyənlik artıb.

“Nvidia” səhmləri itkilərdən sonra qismən bahalaşıb

“Nvidia”nın səhmləri birja açılmazdan əvvəlki ticarətdə 1,8% bahalaşıb. Bundan əvvəlki dörd ticarət sessiyasında isə təxminən 11% dəyər itirib.

Bununla belə, səhmlərin ardıcıl həftələr üzrə ucuzlaşması 2012-ci ilin oktyabrından sonra ən uzunmüddətli eniş ola bilər.

İnvestorlar hesab edirlər ki, Huanqın istefasından sonra “Nvidia”nın digər süni intellekt şirkətləri ilə maliyyə əlaqələri ciddi araşdırıla bilər.

UBS bankının analitiki Timoti Arkuri bildirib ki, Huanqın şirkətin inkişafında müstəsna rolu olub və onun gedişinin təsiri geniş miqyasda hiss ediləcək.

Analitikin sözlərinə görə, “Nvidia” yeni bulud xidməti təminatçıları, süni intellekt modelləri hazırlayan şirkətlər, tərəfdaşlar və təchizatçılar üçün mühüm maliyyə mənbəyinə çevrilib.

O hesab edir ki, yeni rəhbərlik eyni strategiyanı davam etdirə bilər. Lakin yaxın müddətdə şirkətin bu cür razılaşmaları maliyyələşdirmək imkanları və buna hazırlığı zəifləyə bilər.

Yaranmış vəziyyət bəzi investorların süni intellekt şirkətlərinin səhmlərinin daha da ucuzlaşacağı ilə bağlı narahatlığını artırıb.

“Ranmore Fund Management” şirkətinin təsisçisi Şon Peş süni intellektlə əlaqəli səhmlərin gələcəyinə nikbin yanaşmadığını bildirib.

Onun fikrincə, bazarda böyük yüksəliş dalğası yaşanır və belə dalğalar sona çatmazdan əvvəl investisiyalardan çıxmaq lazımdır.

Çində süni intellekt şirkətlərinin səhmləri ucuzlaşıb
Çinin Pekin şəhərində “Zhipu AI” şirkətinin baş qərargahındakı loqo. 25 iyun 2026-cı il.
Reuters

Çin texnologiya şirkətləri ən böyük itkilərlə üzləşənlər arasında olub. İnvestorlar Huanqın istefasının ABŞ ilə Çin arasında texnologiya sahəsində uçurumu daha da dərinləşdirəcəyindən narahatdırlar.

Honkonq birjasında Çinin aparıcı süni intellekt modeli hazırlayan şirkətlərindən olan “Z.AI”nin səhmləri 10%-dən çox ucuzlaşıb. Onun rəqibi “MiniMax”ın səhmləri isə indiyədək qeydə alınmış ən aşağı səviyyəyə düşüb.

Çinin materik hissəsində məlumat mərkəzləri üçün avadanlıq istehsal edən “Zhongji Innolight” və “Eoptolink Technology” şirkətləri də ciddi itkilər verib. Hər iki şirkət ABŞ bazarından asılıdır.

“Shenzhen Deyuan Investment” şirkətinin fond meneceri Vu Çjou bildirib ki, investorlar Huanqın istefasından sonra ABŞ şirkətlərinin Çin təchizatçılarından məhsul alışını azaldacağından ehtiyat edirlər.

Vaşinqton artıq milli təhlükəsizlik səbəbi ilə Çində istehsal olunan yeni optik siqnal ötürücülərinin idxalına qadağa qoyulmasını nəzərdən keçirir. Belə bir qərar hər iki şirkətə əlavə zərbə vura bilər.

Honkonqun “Hang Seng Tech” indeksi 3% geriləyib. Bununla da indeksin həftəlik itkisi təxminən 6,5%-ə çatıb.

Çinin texnologiya nəhəngləri “Alibaba” və “Tencent”in səhmləri də təxminən 3% dəyər itirib.

Bunun əksinə olaraq, Çinin yerli çip istehsalçılarının səhmləri bahalaşıb.

Vu Çjounun fikrincə, ABŞ-nin məhdudiyyətləri sərtləşdirməsi, o cümlədən xaricdəki hesablama resurslarına çıxışı məhdudlaşdırması yerli istehsalçıların mövqeyini gücləndirə bilər.

“Shenzhen Intellifusion Technologies”in səhmləri 6%, “Cambricon Technologies”in səhmləri isə 0,6% bahalaşıb. Sonuncu şirkətin həftəlik artımı 22%-ə çatıb.

Bu yüksəlişlər Şanxay Fond Birjasının əsas indeksində itkiləri qismən azaldıb. “Shanghai Composite” indeksi günü 0,6% enişlə başa vurub.

ABŞ çip ixracına nəzarəti sərtləşdirə bilər
Çində APEC sammitinə həsr olunmuş reklam lövhəsinin yanından keçən işçi. 20 oktyabr 2026-cı il.
Reuters

Qalmaqal ABŞ və Çin prezidentlərinin Şençjendə keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı Təşkilatının (APEC) liderlər sammitində planlaşdırılan görüşünə bir neçə gün qalmış baş verib.

ABŞ Nümayəndələr Palatasının sədri Mayk Conson noyabrın 12-də bildirib ki, Konqresdə Çinə çip ixracına daha sərt məhdudiyyətlər qoyulmasını dəstəkləyənlərin sayı artır.

Senatın Bank Komitəsinin sədri Tim Skott da ABŞ-nin ticarət naziri Hovard Latnikə və Censen Huanqa məktub göndərərək “Nvidia” ilə bağlı hadisələrə dair ifadə vermələrini istəyib.

“Gavekal Dragonomics” tədqiqat şirkətinin fikrincə, qalmaqal və ABŞ Konqresində süni intellektə daha ehtiyatlı yanaşmanın güclənməsi Çin şirkətlərinin qabaqcıl hesablama texnologiyalarına çıxışını çətinləşdirəcək.

Şirkət Vaşinqtonun ilin sonunadək ixrac məhdudiyyətlərini sərtləşdirəcəyini gözləyir.

“Morningstar” şirkətinin baş səhm analitiki Çelsi Tam bildirib ki, ABŞ hökuməti Çin şirkətlərinin Amerika çiplərinə çıxışını məhdudlaşdırarsa, bu, böyük dil modelləri hazırlayan bütün şirkətlərə mənfi təsir göstərəcək.

Çində məhdudiyyətlərə məruz qalan çiplərlə 3 milyard dollardan çox layihə

“Reuters”in araşdırması Çinin “Nvidia” texnologiyalarından nə dərəcədə asılı olduğunu üzə çıxarıb.

Agentlik “Nvidia”nın ixrac məhdudiyyətlərinə məruz qalan prosessorlarından istifadəni nəzərdə tutan, ümumi dəyəri 3 milyard dolları aşan hesablama layihələri müəyyən edib.

Araşdırma zamanı 150-dən çox satınalma elanı, investisiya planı, tikinti müqaviləsi və şirkət hesabatı nəzərdən keçirilib.

Məlum olub ki, Çinin sahilyanı texnologiya mərkəzlərindən qərb əyalətlərinə qədər müxtəlif bölgələrdə həyata keçirilən layihələrin və avadanlıq müqavilələrinin ümumi dəyəri 23 milyard yuanı, yəni 3,2 milyard dolları ötür.

Layihələrdə yerli hakimiyyət orqanları, universitetlər və regional hesablama mərkəzləri iştirak edir.

İnvestisiyalar yalnız çipləri deyil, binaları, enerji sistemlərini və digər infrastrukturu da əhatə edir.

Layihələrdə “Nvidia”nın ixrac məhdudiyyətlərinə məruz qalan H100, H200 və H800 prosessorlarından istifadə nəzərdə tutulub.

Censen Huanq Çinin Baş naziri Li Çianla görüş zamanı jurnalistlərə açıqlama verir. 14 may 2026-cı il..
Reuters

Qansu əyalətindəki obyektlərdən birində ilin sonunadək minlərlə “Nvidia” çipinin quraşdırılması planlaşdırılıb. Lakin həmin prosessorların çatdırılması hələ təsdiqlənməyib.

Huanq ötən il “Nvidia”nın Çin bazarındakı payının 95%-dən sıfıra düşdüyünü bildirmişdi.

Şirkət də ABŞ-nin ixrac məhdudiyyətlərinin onu faktiki olaraq Çinin məlumat mərkəzləri bazarından kənarlaşdırdığını bəyan edib.

Bununla belə, “Reuters”in oktyabrda istinad etdiyi IDC hesabatına əsasən, “Nvidia” 2026-cı ilin ilk yarısında Çinə göndərilən süni intellekt sürətləndiricilərinin 34%-ni təmin edib.

Bu göstəricilər fərqli meyarlar əsasında hesablandığından birbaşa müqayisə edilə bilməz. Həmçinin məhdudiyyətlərə məruz qalan prosessorların Çin müştərilərinə necə çatdığına aydınlıq gətirmir.

Araşdırmada müəyyən edilən layihələrin heç birinin qalmaqalın mərkəzində olan, Sinqapurda yerləşən və “Nvidia” ilə bulud xidmətləri sahəsində əməkdaşlıq edən “Megaspeed” şirkəti ilə əlaqəsi aşkarlanmayıb.

“Megaspeed” çipləri qanunsuz olaraq Çinə yönləndirməsi barədə iddiaları rədd edib. Huanqın ixrac nəzarəti qanunlarını pozduğunu təsdiqləyən hər hansı rəsmi qərar da yoxdur.

“Nvidia” və Çinin Ticarət Nazirliyi şərh sorğularına dərhal cavab verməyib.

“Jamestown Foundation” təşkilatının analitiki Sanni Çenq bildirib ki, Vaşinqton yalnız çipləri kimin aldığına deyil, onların hesablama gücündən son nəticədə kimin və hansı məqsədlə istifadə etdiyinə də diqqət yetirməlidir.

Asiya və Avropa fond bazarlarında eniş

“Nvidia” ətrafında yaranan qeyri-müəyyənlik Asiya və Avropa bazarlarına da təsir göstərib. Bununla belə, itkilərin miqyası regionlar üzrə fərqlənib.

Cənubi Koreyada “Nvidia”nın müştərisi olan “Naver” şirkətinin səhmləri 5%-dən çox ucuzlaşıb. Ölkənin əsas fond indeksi “Kospi” isə 0,85% geriləyib.

Yaponiya istisna olmaqla Asiya-Sakit Okean regionunu əhatə edən MSCI indeksi əvvəlcə yüksəlsə də, sonradan 0,42% enib. Yaponiyanın “Nikkei” indeksi isə 0,55% artıb.

Avropada “STOXX 600” indeksi əvvəlki gün qeydə alınmış rekord səviyyədən 0,2% geriləyib. Buna texnologiya sektorunda səhmlərin 0,9% ucuzlaşması təsir göstərib.

Almaniyanın çip istehsalçıları “Infineon” və “Aixtron”un səhmləri təxminən 2% dəyər itirib. Süni intellekt infrastrukturu üçün avadanlıq təchiz edən “Schneider Electric” və “Legrand”ın səhmlərində də azalma qeydə alınıb.

Londonda fəaliyyət göstərən müstəqil bazar analitiki Fiona Çinkotta bildirib ki, “Nvidia” ilə bağlı hadisələrin texnologiya sektoruna təsiri digər bazarlarda da hiss olunur.

Analitiklərin fikrincə, Avropada süni intellektlə əlaqəli səhmlərin bazarda nisbətən az paya malik olması regionu daha böyük itkilərdən qoruya bilər.

“Nvidia”nın rəqibləri yaranmış vəziyyətdən faydalana bilər

Bəzi analitiklər hesab edirlər ki, “Nvidia” rəhbərliyindəki dəyişiklik şirkətin rəqiblərinə yeni imkanlar yarada bilər.

“Citi”nin analitiki Con Zaudererin fikrincə, bu vəziyyətdən “AMD”, “Arista” və “Broadcom” şirkətləri faydalana bilər.

Bununla belə, cümə günü birja açılmazdan əvvəlki ticarətdə “AMD” və “Broadcom”un səhmləri 2,5%-dən çox ucuzlaşıb.

Süni intellekt çipləri və bulud xidmətləri sahəsində fəaliyyət göstərən “Cerebras”ın səhmləri isə 16%-dən çox bahalaşıb.

Buna şirkətin 2026-cı il üzrə gəlir proqnozunu yüksəltməsi və “Microsoft”un müştəriləri sırasına qoşulduğunu açıqlaması səbəb olub.

Nyu-Yorkda “Nasdaq 100” indeksini göstərən ekran. 5 noyabr 2026-cı il.
Reuters

Qeyri-müəyyənliyin texnologiya sektorundan kənara yayılması fonunda “Nasdaq 100” indeksi üzrə fyuçers müqavilələrinin qiyməti də bir qədər azalıb.

Tələbatın zəifləyə biləcəyi ilə bağlı narahatlıqlar səbəbindən misin həftəni itki ilə başa vuracağı gözlənilir.

Avstraliya birjasında ticarət olunan “Capstone Copper” şirkətinin səhmləri 5%-dən çox ucuzlaşıb.

ABŞ-də faiz dərəcələri ilə bağlı narahatlıqlar artır

ABŞ dövlət istiqrazlarının gəlirliliyinin yüksəlməsi də investorların narahatlığını artırıb.

Bazar iştirakçıları Federal Ehtiyat Sisteminin (FED) gələn ay faiz dərəcəsini gözləniləndən daha çox artıra biləcəyini ehtimal edirlər.

“CME FedWatch” alətinin məlumatına görə, investorlar faiz dərəcəsinin 0,5 faiz bəndi artırılması ehtimalını 12–13% qiymətləndirirlər.

Çin “Nvidia”dan asılılığını azalda biləcəkmi?

Bəzi analitiklər hesab edirlər ki, Çinin yerli süni intellekt texnologiyalarını inkişaf etdirməsi uzunmüddətli perspektivdə “Nvidia”dan asılılığı azalda bilər.

“JPMorgan” bankının Asiya üzrə texnologiya, media və telekommunikasiya sektoruna cavabdeh həmsədri Aleks Yao bildirib ki, Çindəki süni intellekt laboratoriyalarının əksəriyyəti hələ də “Nvidia”nın texnologiyalarından istifadə edir.

Onun sözlərinə görə, mövcud vəziyyət yaxın müddətdə Çin şirkətləri üçün əlavə çətinliklər yaradır.

Lakin analitik hesab edir ki, Çin qarşıdakı üç-beş ildə öz süni intellekt ekosistemini inkişaf etdirərsə, “Nvidia” texnologiyalarına çıxışın məhdudluğu artıq ciddi maneə olmayacaq.

Daha ətraflı:

Teqlər