Tehranın cavab zərbələri fonunda ABŞ-nin İrana hücumları münaqişəni gərginləşdirir

ABŞ İrana qarşı yeni zərbə dalğası həyata keçirərək İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) obyektlərini hədəfə alıb. Tehran isə regiondakı ABŞ mövqelərinə cavab zərbələri endirib. 

⦿ 21:50 | YENİLƏNİB

İran Körfəzdə yanacaq qaçaqmalçılığı ilə məşğul olan gəmini saxlayıb

Reuters

İran Şimali Körfəzdə 382 min litr qaçaq yanacaq daşıyan gəmini saxlayıb, 11 heyət üzvünü həbs edib. Bu barədə İran dövlət televiziyası IRIB məlumat yayıb. Saxlanılan şəxslərin vətəndaşlığı açıqlanmayıb.

Dövlət subsidiyaları və milli valyutanın kəskin ucuzlaşması səbəbindən dünyanın ən aşağı yanacaq qiymətlərindən birinə malik olan İran qurudan qonşu ölkələrə və dəniz yolu ilə Körfəz ölkələrinə geniş yayılmış yanacaq qaçaqmalçılığının qarşısını almağa çalışır.

⦿ 19:04 | YENİLƏNİB

ABŞ Mərkəzi Komandanlığı İranda toy mərasiminə zərbə endirdiyini təkzib edib

Reuters

ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran mediasının Sirik şəhərində toy mərasiminə zərbə endirildiyi və nəticədə azı dörd nəfərin öldüyü barədə məlumatından sonra mülki şəxsləri hədəfə almadığını açıqlayıb.

CENTCOM “Reuters”ə açıqlamasında bildirib ki, ABŞ ordusu heç vaxt mülki şəxsləri hədəfə almır.

⦿ 18:54 | YENİLƏNİB

ABŞ İrana qarşı yeni sanksiyalarda aviaşirkətləri və rəqəmsal aktivləri hədəfə ala bilər

Reuters

ABŞ-nin maliyyə naziri Skott Bessent “Fox News”a açıqlamasında bildirib ki, Tramp administrasiyasının İran iqtisadiyyatına təzyiqi artırmaq məqsədilə aviaşirkətlər, dəniz nəqliyyatı sektoru və rəqəmsal aktivlər sanksiya hədəfləri ola bilər.

ABŞ-nin maliyyə naziri Skott Bessent Şimali Karolinada keçirilən mətbuat konfransında. ABŞ, 1 sentyabr 2026-cı il.
Reuters

⦿ 18:44 | YENİLƏNİB

Si Cinpin Yaxın Şərqdə xarici müdaxiləyə qarşı çıxıb

Reuters

Çin Prezidenti Si Cinpin Yaxın Şərqdə “xarici müdaxilənin” rədd edilməsinə çağırıb və bildirib ki, regiondakı xarici qüvvələr ikili standartlardan imtina etməlidir. Bu barədə Çinin dövlət xəbər agentliyi “Sinxua” məlumat yayıb.

Si Cinpin bu açıqlamanı Qahirədə Misir Prezidenti Əbdülfəttah əs-Sisi ilə görüşü zamanı verib.

Çin Prezidenti Si Cinpin. Bişkek, Qırğızıstan, 31 avqust 2026-cı il.
Reuters

⦿ 17:05 | YENİLƏNİB

ABŞ-İran gərginliyi fonunda qlobal bazarlarda satışlar artıb

Anadolu

ABŞ və İran arasında artan gərginlik fonunda qlobal bazarlarda satışlar artıb. Neft qiymətlərinin yüksəlməsi və istiqraz gəlirliliyinin artması inflyasiya ilə bağlı narahatlıqları artırıb.

“Brent” markalı neftin qiyməti bir barel üçün 95 dollardan yuxarı qalxıb. ABŞ-nin 10 illik Xəzinə istiqrazlarının gəlirliliyi isə 2023-cü ilin noyabrından bəri ən yüksək səviyyəyə çatıb.

İnvestorlar enerji xərclərinin artması nəticəsində ABŞ Federal Ehtiyat Sisteminin (FES) daha sərt pul siyasəti yürüdə biləcəyindən narahatdırlar. Bu isə səhm və istiqraz bazarlarına əlavə təzyiq göstərib.

ABŞ Prezidenti Donald Tramp İranın cavab zərbələri endirəcəyi təqdirdə daha genişmiqyaslı hücumların həyata keçiriləcəyini bildirib. İran mediası isə ABŞ-nin zərbələrinə cavab olaraq raket və dron hücumları həyata keçirildiyini açıqlayıb.

ABŞ-də “Dow Jones”, “S&P 500” və “Nasdaq” indeksləri aşağı düşüb. İnvestorlar ABŞ-nin yeni sanksiya planlarını və FES rəsmilərinin faiz qərarları ilə bağlı açıqlamalarını izləyirlər.

⦿ 16:50 | YENİLƏNİB

Küveyt İran zərbələrini pisləyib

Anadolu

Küveyt ərazisinə İran tərəfindən endirilən raket və dron zərbələrini pisləyib. Ölkənin Xarici İşlər Nazirliyi hücumları suverenliyin pozulması və regional sabitliyə təhdid kimi qiymətləndirib. Nazirlik bildirib ki, zərbələr beynəlxalq hüquqa, BMT Nizamnaməsinə və Təhlükəsizlik Şurasının 2 817 saylı qətnaməsinə ziddir. Küveyt ölkəsini və vətəndaşlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu saxlayır.

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) Küveytdəki Əli Əl-Salim aviabazasında ABŞ qüvvələrinə məxsus obyektləri hədəfə aldığını bildirib. SEPAH hücumun Küveytə deyil, ABŞ qüvvələrinə qarşı yönəldiyini açıqlayıb. SEPAH bildirib ki, zərbələr ABŞ-nin İranın cənubuna hücumuna cavab olaraq həyata keçirilib. Həmin hücumda dörd nəfər, o cümlədən bir uşaq həlak olub. Gərginliyin artması ABŞ-nin İrandakı hədəflərə zərbələri və bir neçə şəhərdə partlayış xəbərləri fonunda baş verib.

⦿ 15:44 | YENİLƏNİB

Tramp administrasiyası aralıq seçkilərdən əvvəl İranla gərginliyi azaltmağa çalışır

Reuters

Tramp administrasiyasının yüksək vəzifəli rəsmiləri İranla münaqişənin noyabrın 3-də keçiriləcək aralıq seçkilərdən əvvəl daha da genişlənməsinin qarşısını almağa çalışırlar. Münaqişə ABŞ seçiciləri arasında geniş dəstək qazanmır.

Ağ Ev hazırda İrana qarşı yenidən genişmiqyaslı hərbi əməliyyatlar keçirmək əvəzinə, daha sərt iqtisadi təzyiq siyasətinə üstünlük verir. Bununla yanaşı, seçkilərdən sonra daha sərt zərbələr endirmək ehtimalını da istisna etmir.

ABŞ və İran arasında yenidən başlayan hücumlar bu strategiyanı çətinləşdirir. Qarşılıqlı zərbələr gərginliyi artıra bilər. Müharibəyə ictimai dəstək də zəifdir: Amerikalıların yalnız 31 faizi bu münaqişəni dəstəkləyir. Trampın reytinqi isə münaqişənin başlanmasından sonra 33 faizə düşüb.

ABŞ ordusu da bəzi logistik məhdudiyyətlərlə üzləşir. Məlumatlara görə, bəzi yüksək dəqiqlikli sursatların ehtiyatları ciddi şəkildə azalıb. Bu səbəbdən Vaşinqton sanksiyaları sərtləşdirir və İranın iqtisadi təcridini artırmağa çalışır. Lakin Çin kimi böyük güclərin dəstəyi olmadan bu strategiyanın nə qədər effektiv olacağı sual doğurur.

⦿ 15:12 | YENİLƏNİB

İki neft tankeri minaya düşərək sıradan çıxıb

Reuters

İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) dövlət mediasında yayımlanan açıqlamada bildirib ki, Hörmüz boğazından keçməyə çalışan iki neft tankeri dəniz minalarına düşərək sıradan çıxıb.

Məlumatda bildirilir ki, tankerlərin heyəti gəmiləri tərk etməyə məcbur olub. SEPAH-ın məlumatına görə, tankerlər ABŞ heyəti tərəfindən İranın bağlandığını bildirdiyi marşrutla Hörmüz boğazından keçirilib.

SEPAH-ın Hərbi Dəniz Qüvvələri bundan əvvəl minalanmış ərazidən keçidin təhlükəli olduğu barədə xəbərdarlıq edib.

⦿ 13:30 | YENİLƏNİB

İsrail Livanın cənubuna zərbələri intensivləşdirib

Anadolu

Livanın Milli Xəbər Agentliyinin məlumatına görə, İsrail ötən gecə Livanın cənubundakı Nəbatiyyə vilayətində hava zərbələrini və artilleriya atəşini gücləndirib. Hücumlar nəticəsində yaşayış evləri dağılıb, qəbiristanlığa və yaxınlıqdakı binalara ziyan dəyib.

Agentliyin bildirdiyinə görə, Nəbatiyyə ətrafındakı bir neçə ərazi də intensiv atəşə tutulub. Zərbələr nəticəsində xəsarət alanlarla bağlı məlumat verilməyib.

Livan rəsmiləri bildirirlər ki, İsrailin martın 2-dən davam edən hücumları nəticəsində 4 mindən çox insan həlak olub, 12 mindən çox yaralı var. Bir milyondan çox sakin isə məcburi köçkünə çevrilib.

⦿ 12:08 | SON DƏQİQƏ

Hörmüz boğazında Səudiyyə Ərəbistanının “Bahri” gəmisində baş verən insident nəticəsində iki filippinli dənizçi həlak olub

Reuters

Səudiyyə Ərəbistanının “Bahri” gəmiçilik şirkəti avqustun 31-də “Sidr” adlı gəmisinin Hörmüz boğazından keçərkən baş verən insident nəticəsində iki dənizçinin həlak olduğunu açıqlayıb.

Son məlumata görə, həyatını itirən hər iki dənizçi Filippin vətəndaşıdır. Hazırda gəmi ilə əlaqə saxlanıldığı bildirilib.

Daha əvvəl yayılan məlumatlarda tankerin boğazdan çıxarkən Omanın Xəsəb şəhəri yaxınlığında naməlum mərmilərlə vurulduğu qeyd edilirdi.

⦿ 12:03 | YENİLƏNİB

İran ABŞ-nin Kirmanşaha endirdiyi zərbə nəticəsində SEPAH-ın dörd hərbçisinin öldüyünü açıqlayıb

 

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ötən gecə ABŞ-nin ölkənin qərbində yerləşən Kirmanşah vilayətinə endirdiyi zərbə nəticəsində dörd hərbi qulluqçusunun həlak olduğunu bildirib.

“Fars” xəbər agentliyinin yaydığı bəyanatda SEPAH hücum nəticəsində qurumun Aerokosmik Qüvvələrinin dörd əməkdaşının həyatını itirdiyini qeyd edib.

⦿ 11:43 | YENİLƏNİB

Qətər İranın Yaxın Şərqdəki qonşularına qarşı hücumlarını pisləyib

 

Qətər İranın Yaxın Şərqdəki qonşularına qarşı yenidən başlayan hücumlarını pisləyib. Doha raket və pilotsuz uçuş aparatı (PUA) zərbələrini həmin ölkələrin suverenliyinin açıq-aşkar pozulması adlandırıb.

Qətərin Xarici İşlər Nazirliyi bildirib ki, bu hücumlar gərginliyi nəzarətdə saxlamaq səylərini çətinləşdirəcək və regionda təhlükəsizlik və sabitliyə nail olmaq üçün aparılan siyasi və diplomatik təşəbbüsləri sarsıdacaq təhlükəli eskalasiyadır.

Bundan əvvəl İranın Ali Rəhbəri Müctəba Xamenei çərşənbə axşamı baş verən silsilə hücumlardan sonra ölkənin silahlı qüvvələrinin ABŞ üçün unudulmaz dərslər hazırladığını bildirib.

 

⦿ 11:10 | YENİLƏNİB

İran BƏƏ-dəki iki ABŞ bazasına hücum etdiyini açıqlayıb

 

İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) Əl-Dəfra və Əl-Minhad bazalarında yerləşən ABŞ hərbi mövqelərinə PUA zərbələri endirdiyini bildirib.

SEPAH iddia edib ki, zərbələr radar sistemlərini və ABŞ qüvvələrini hədəf alıb. Qurum bunu ABŞ-nin İranda yaşayış məntəqələrinə və toy mərasiminə qarşı həyata keçirdiyi hücumlara cavab kimi təqdim edib.

İran dövlət mediasının yaydığı bu məlumat BƏƏ tərəfindən hələlik təsdiqlənməyib.

⦿ 10:58  | YENİLƏNİB

Küveyt İran PUA-sının zərbəsi nəticəsində yanğın baş verdiyini açıqlayıb

 

Küveyt rəsmiləri İranın pilotsuz uçuş aparatının hücumu nəticəsində paytaxt Küveyt şəhərindəki yaşayış binasında yanğın baş verdiyini, lakin xəsarət alan olmadığını bildiriblər.

Dövlət xəbər agentliyi KUNA-nın məlumatına görə, yanğınsöndürənlər alovu söndürüblər. 

⦿ 09:45  | YENİLƏNİB

İran İraqdakı ABŞ bazalarına zərbə endirdiyini açıqlayıb

Anadolu

"Anadolu" agentliyinin məlumatına görə, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) bildirib ki, gecə saatlarında həyata keçirilən ABŞ hücumlarına cavab olaraq İraqın Ərbil şəhərindəki ABŞ bazalarına raket və PUA zərbələri endirilib.

SEPAH zərbələrin hərbi texnika və obyektləri məhv etdiyini, müşahidə sistemini zədələdiyini və yanacaq saxlanc sahələrində yanğın töratdiyini iddia edib, həmçinin bəzi ABŞ hərbçilərinin həlak olduğunu bildirib.

Bundan əvvəl ABŞ hərbçiləri İrandakı SEPAH hədəflərinə zərbə endirdiklərini açıqlamışdılar.

⦿ 09:21  | YENİLƏNİB

Bəhreyn İranın hava hücumlarının qarşısını aldığını açıqlayıb

Reuters

“Reuters” agentliyinin məlumatına görə, Bəhreyn Daxili İşlər Nazirliyi “potensial təhlükə” ilə bağlı altı saat ərzində üçüncü xəbərdarlığını yayımlayıb. Nazirlik sakinləri təmkinli olmağa və ən yaxın təhlükəsiz yerə sığınmağa çağırıb.

Bildirilib ki, Bəhreyn Silahlı Qüvvələri İran tərəfindən həyata keçirilən bir neçə hava hücumunun qarşısını alıb və onları məhv edib. Vətəndaşlara təhlükəsizliklə bağlı yeniliklər üçün rəsmi kanalları izləmək tövsiyə olunub.

 

⦿ 07:48  | YENİLƏNİB

Neft qiymətlərinin artması fonunda dollar iki həftəlik maksimum səviyyəyə yaxın ticarət olunur

Reuters

"Reuters" agentliyinin məlumatına görə, Yaxın Şərqdə yenidən alovlanan hərbi əməliyyatların neft qiymətlərini qaldırması, inflyasiya narahatlıqlarını yenidən gücləndirməsi və ABŞ istiqrazlarının gəlirliliyini artırması çərşənbə günü dolları iki həftəlik maksimum səviyyəyə yaxın saxlayıb.

Dollar indeksi 0,11 faiz artaraq 99,79 bəndə çatıb, "Brent" markalı neftin bir barelinin qiyməti isə 1,15 faiz qalxaraq 95,74 dollar olub.

⦿ 07:45  | YENİLƏNİB

ABŞ-nin raket zərbələri İranın Xuzistan vilayətində iki obyekti hədəfə alıb

 

Dövlət teleradio şirkəti IRIB-in məlumatına görə, İranın cənub-qərbindəki Xuzistan vilayətində Əhvaz və Ağacəri şəhərləri yaxınlığındakı iki məntəqə raket zərbələrinə məruz qalıb. Bu barədə vilayət qubernatorunun təhlükəsizlik məsələləri üzrə müavini məlumat verib.

⦿ 07:35  | YENİLƏNİB

Hörmüz boğazından neft axını müharibə dövrünün ən yüksək səviyyəsinə çatıb

Reuters

Məlumata görə, ABŞ-nin energetika naziri Kris Rayt bildirib ki, avqustun 31-də, bazar ertəsi Hörmüz boğazından 17 milyon barel neft keçib. Bu, İranla müharibə nəticəsində Hörmüz boğazından neft daşınmasının kəskin azalmasından bəri qeydə alınan ən yüksək gündəlik göstəricidir.

ABŞ-nin energetika naziri Kris Rayt Nümayəndələr Palatasının iclasında iştirak edir. Vaşinqton, ABŞ, 15 aprel 2026-cı il.
Reuters

⦿ 07:29  | YENİLƏNİB

Hörmüz boğazında gəmi trafiki dörd yük gəmisinə qədər azalıb

Reuters

“Kpler” şirkətinin ilkin məlumatlarına görə, çərşənbə axşamı Hörmüz boğazından cəmi dörd yük gəmisi keçib. Bu, bir gün əvvəl qeydə alınan 10 gəmi və son dövrün gündəlik təxminən 13 gəmidən ibarət orta göstəricisi ilə müqayisədə kəskin azalma deməkdir.

ABŞ Hərbi Hava Qüvvələrinin Hörmüz boğazı ətrafındakı İran hədəflərinə zərbələrindən sonra gəmi hərəkəti. Hörmüz boğazı, 2 sentyabr 2026-cı il.

⦿ 07:25  | YENİLƏNİB

“USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi Yaxın Şərq missiyasından sonra Tailand sahillərinə çatıb

Reuters

“Reuters” agentliyinin məlumatına görə, ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus “USS Abraham Lincoln” təyyarədaşıyan gəmisi 200 gündən çox fasiləsiz dənizdə qaldıqdan, o cümlədən Yaxın Şərqdə uzunmüddətli missiyanı başa vurduqdan sonra sentyabrın 2-də Tailandın Laem Çabanq limanına çatıb.

Göyərtəsində təxminən 5 min dənizçi və dəniz piyadası olan gəmi istirahət və bərpa məqsədilə Tailandda beş gün qalacaq. Uzunmüddətli missiya fonunda ekipajın psixi sağlamlığı və gəmidəki şəraitlə bağlı narahatlıqlar artıb.

Bu səfərin yaxınlıqdakı Pattaya şəhərindəki yerli bizneslərə iqtisadi töhfə verəcəyi gözlənilir. Bununla yanaşı, yerli hakimiyyət orqanları təhlükəsizlik tədbirlərini gücləndirib və hərbçilərə bəzi qadağan olunmuş fəaliyyətlərdə iştirak etməmələri barədə xəbərdarlıq edib. 

“USS Abraham Lincoln” Yaxın Şərq missiyasından sonra qısa dayanacaq üçün Laem Çabanq limanına doğru hərəkət edir. Pattaya, Tailand, 2 sentyabr 2026-cı il.
Reuters

⦿ 07:20  | YENİLƏNİB

ABŞ İrana yeni zərbələr endirib

Reuters

"Reuters" agentliyinin məlumatına görə, ABŞ hərbi qüvvələri İrana qarşı yeni zərbələr dalğasını tamamladığını və SEPAH-ın hava hücumundan müdafiə, radar, dəniz və rabitə obyektlərini vurduğunu bildirib.

İran son həftələrin ən ciddi eskalasiyası fonunda ABŞ-nin İordaniya, Bəhreyn və İraqdakı obyektlərinə cavab zərbələri endirib.

Döyüşlər Hörmüz boğazında gəmiçiliyin fəaliyyətini pozub və qlobal enerji qiymətlərinin yüksəlməsinə səbəb olub. İran rəsmiləri Sirik şəhəri yaxınlığındakı bir toy mərasimində ən azı 5 nəfərin həlak olduğunu və onlarla insanın yaralandığını bildiriblər.

Prezident Donald Tramp "İranı danışıqlar masasına əyləşməyə məcbur etməyə çalışmadığını" deyərək sual edib: "İran xalqı nə vaxt ayağa qalxıb mübarizə aparacaq?"

 

 
 

Teqlər