Rusiya Polşa kəşfiyyatına işləməkdə şübhəli bilinən iki nəfəri saxlayıb

Rusiya Polşa kəşfiyyatına işləməkdə şübhəli bilinən iki nəfəri saxlayıb
Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) loqosu və Rusiya bayrağı. İllüstrativ foto, 6 may 2025-ci il.
Reuters

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Polşa kəşfiyyatına işləməkdə və Kalininqrad vilayətindəki hərbi obyektlər barədə məlumat toplamaqda şübhəli bilinən iki nəfərin saxlanıldığını bildirib.

“İnterfaks” agentliyi FTX-yə istinadən məlumat yayıb. Qurum həmçinin Polşanın xüsusi xidmət orqanları ilə əlaqədə olduqları iddia edilən yeddi Polşa və üç Rusiya vətəndaşına xəbərdarlıq edildiyini açıqlayıb.

Polşa tərəfi ittihamlara birbaşa münasibət bildirməsə də, Rusiyanın açıqlamalarını rədd edib.

Polşanın xüsusi xidmət orqanlarına cavabdeh nazirinin sözçüsü Yatsek Dobşinski Rusiya kəşfiyyatının yaydığı iddiaları şərh etməyəcəyini bildirib.

“Milli Müstəqillik Günündə bu iddiaları növbəti təxribat və dezinformasiya aktı kimi qiymətləndirirəm”, – deyə o, “X” sosial şəbəkəsində yazıb.

Polşada noyabrın 11-i Milli Müstəqillik Günü kimi qeyd olunur.

Noyabrın 5-də Polşanın Daxili Təhlükəsizlik Agentliyi (ABW) beş Polşa vətəndaşı və 37 yaşlı Rusiya vətəndaşı olan bir qadın daxil olmaqla, altı nəfərin saxlanıldığını açıqlayıb.

Onlar Rusiya kəşfiyyatına işləməkdə və ixracına məhdudiyyət qoyulmuş hərbi təyinatlı hissələri, o cümlədən sursat gilizlərini və mərmiləri qanunsuz yolla Rusiyaya keçirməkdə ittiham olunurlar. Saxlanılanlardan dördünə rəsmi ittiham irəli sürülüb və barələrində üç aylıq həbs qətimkan tədbiri seçilib.

Kalininqrad strateji əhəmiyyətini qoruyur

Kalininqrad Rusiyanın Baltik dənizi sahilində, Polşa ilə Litva arasında yerləşən, ölkənin əsas ərazisindən ayrı düşmüş bölgəsidir. Strateji mövqeyinə görə bu bölgə Rusiya ilə Avropa İttifaqı və NATO arasındakı münasibətlərdə həssas məsələlərdən biri hesab olunur.

Son ittihamlar Rusiya ilə Qərb ölkələri arasında regionda təhlükəsizlik və kəşfiyyat fəaliyyəti ilə bağlı gərginliyin davam etdiyi bir vaxtda irəli sürülüb.

Teqlər