Hörmüz böhranı dərinləşdikcə Körfəz ölkələri alternativ nəqliyyat marşrutlarına üz tutur

Hörmüz böhranı dərinləşdikcə Körfəz ölkələri alternativ nəqliyyat marşrutlarına üz tutur
Omanın Müsəndəm bölgəsindən Hörmüz boğazı yaxınlığındakı gəmilərin görünüşü. Oman, 31 avqust 2026-cı il.
Reuters

Hörmüz boğazında gəmi hərəkətinin pozulması Körfəz ölkələrini alternativ ticarət yollarına üz tutmağa məcbur edir. Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Oman yük və enerji daşımalarını davam etdirmək üçün alternativ limanlardan və quru yollarından daha çox istifadə edirlər.

ABŞ ilə İran arasında münaqişənin başlamasından sonra görülən bu tədbirlər regionun dünyanın ən işlək dəniz yollarından biri olan Hörmüz boğazından asılılığını yenidən gündəmə gətirib.

“Financial Times” qəzetinin məlumatına görə, noyabrın 18-də başa çatan həftə ərzində Hörmüz boğazından 263 gəmi keçib. Bu, əvvəlki həftə ilə müqayisədə təxminən 15 faiz azdır. Boğazdan keçən neft tankerlərinin sayı isə 52-dən 37-yə düşüb.

Fevralda münaqişə başlamazdan əvvəl boğazdan hər gün neft, qaz və digər mallar daşıyan təxminən 135 gəmi keçirdi.

Alternativ marşrutlardan istifadə limanların imkanlarının genişləndirilməsini, əlavə yük maşınları və anbarların ayrılmasını, gömrük prosedurlarının tənzimlənməsini tələb edir. Bəzi məhsulların ixracı isə qısa müddətdə əvəzlənməsi mümkün olmayan xüsusi infrastrukturdan asılıdır.

Səudiyyə Ərəbistanı və BƏƏ ixrac imkanlarını genişləndirir

Səudiyyə Ərəbistanı Hörmüz boğazına alternativ olan əsas nəqliyyat marşrutlarından birinə malikdir. Ölkənin Şərq-Qərb boru kəməri xam nefti şərqdəki hasilat bölgələrindən Qırmızı dəniz sahilində yerləşən Yanbu limanına çatdırır. Bu, tankerlərə Hörmüz boğazından keçmədən neft daşımağa imkan verir.

Boru kəmərinin əhəmiyyəti apreldə baş verən hücumlardan sonra daha da artıb. Səudiyyə Ərəbistanının Energetika Nazirliyi zədələnmə nəticəsində kəmərin gündəlik neft ötürmə gücünün təxminən 700 min barel azaldığını bildirmişdi. Bir neçə gün sonra bu göstərici yenidən 7 milyon barelə çatıb.

Bununla belə, Yanbu limanından bəzi Asiya ölkələrinə neft daşıyan tankerlər Bab əl-Məndəb boğazı ətrafında təhlükəsizlik riskləri ilə üzləşirlər.

BƏƏ də Hörmüz boğazından yan keçən neft ixracı marşrutuna malikdir. Əbu-Dabidəki neft kəməri hasilat bölgələrini Oman körfəzi sahilində yerləşən Füceyrə ixrac terminalı ilə birləşdirir.

Əbu-Dabi Milli Neft Şirkəti (ADNOC) Füceyrə vasitəsilə xam neft ixracı imkanlarını iki dəfə artırmaq üçün ikinci boru kəmərini inşa edir.

Mayda ADNOC-un baş icraçı direktoru Sultan Əhməd Əl Cabir tikinti işlərinin təxminən 50 faizinin tamamlandığını bildirib. Tikintisi sürətləndirilən kəmərin 2027-ci ildə istifadəyə verilməsi gözlənilir.

Omanın ticarətdə rolu artır

Boru kəmərləri neft ixracı üçün alternativ olsa da, ərzaq, avadanlıq, dərman və sənaye məhsullarının daşınması hələ də limanlardan, avtomobil yollarından və sərhəd-keçid məntəqələrindən asılıdır.

Omanın Söhar və Səlalə, BƏƏ-nin isə Füceyrə və Xor-Fəkkan limanları gəmilərə Hörmüz boğazından yan keçməyə imkan verir. Bu limanlara gətirilən yüklər avtomobil yolu ilə BƏƏ, Səudiyyə Ərəbistanı, Küveyt, Qətər və Bəhreynə daşına bilər.

Beynəlxalq yükdaşıma şirkəti “Maersk” noyabrın 23-də Səudiyyə Ərəbistanı, Küveyt, Bəhreyn, BƏƏ, Qətər və İraqda dəniz və avtomobil nəqliyyatı ilə birgə yükdaşıma xidmətlərini genişləndirdiyini açıqlayıb. Bu xidmətlərə Səlalə və Xor-Fəkkan limanlarından regionun digər ölkələrinə yükdaşımalar da daxildir.

Bununla yanaşı, şirkət BƏƏ və Qətərdən Ciddə və Oman vasitəsilə həyata keçirilən bəzi quru yükdaşımaları üzrə sifarişlərin qəbulunu müvəqqəti dayandırıb. Səlalə və Söhar limanlarından Körfəz ölkələrinə yükdaşımalar da müvəqqəti olaraq dayandırılıb.

BƏƏ-nin şərq sahilində yerləşən Xor-Fəkkan limanında sıxlıq yaranıb. Gəmilərin yan alması və konteynerlərin saxlanması üçün mövcud imkanlar məhduddur. Yollardakı sıxlıq və yük maşınlarının uzun müddət gözləməsi daşımaları gecikdirir. Bəzi konteynerlər son təyinat yerinə göndərilməzdən əvvəl başqa məntəqələrə köçürülür.

Regional ticarətin artması Oman üçün yeni iqtisadi imkanlar yaratsa da, ölkənin limanlarında, anbarlarında və avtomobil yollarında yük artır.

Daşıma xərcləri artır

“Maersk” sığorta xərclərinin artmasını və gəmi heyətinin üzləşdiyi təhlükələri əsas gətirərək Hörmüz boğazından keçən yüklər üçün hər konteynerə 1 000 dollar əlavə rüsum tətbiq edib.

Şirkətin fövqəladə vəziyyətlə əlaqədar tətbiq etdiyi yükdaşıma tarifləri 20 futluq standart konteyner üçün 1 800 dollar, 40 futluq konteyner üçün 3 000 dollar təşkil edir. Soyuduculu konteynerlər, xüsusi və təhlükəli yüklər üçün isə bu məbləğ 3 800 dollardır.

Daşıma xərclərinin artması istehsalçıların və pərakəndə satış şirkətlərinin məhsul qiymətlərini artırmasına səbəb ola bilər. Daha uzun nəqliyyat marşrutları və limanlardakı sıxlıq isə malların vaxtında çatdırılmasını çətinləşdirir.

Körfəz ölkələri ərzaq, avadanlıq və sənaye məhsullarının idxalından böyük ölçüdə asılıdır. Daşımalardakı gecikmələr supermarketlərin təchizatına, zavodların fəaliyyətinə, tikinti layihələrinə və paylama mərkəzlərinin işinə təsir göstərə bilər.

Alternativ marşrutların imkanları məhduddur

Beynəlxalq Enerji Agentliyi noyabrda dərc etdiyi “Dünya Enerji İcmalı” hesabatında bildirib ki, Hörmüz boğazı ətrafında qeyri-sabitliyin davam etməsi yeni boru kəmərlərinə və alternativ ixrac yollarına investisiyaları artıra bilər.

Lakin bu layihələrin planlaşdırılması, maliyyələşdirilməsi və tikintisi illər tələb edir. Yeni marşrutlar Hörmüz boğazını tam əvəz edə bilməz.

Mayeləşdirilmiş təbii qazın (LNG) daşınması isə daha mürəkkəbdir. Dünyanın ən böyük LNG ixracatçılarından biri olan Qətərin qaz ixracı Hörmüz boğazından asılıdır.

Xam neftdən fərqli olaraq, mayeləşdirilmiş təbii qazı mövcud neft kəmərləri ilə daşımaq mümkün deyil. Alternativ infrastrukturun yaradılması isə böyük investisiyalar tələb edir.

Hörmüz boğazından yan keçən marşrutlar da regional münaqişənin yaratdığı təhlükələrdən kənarda qalmır. Münaqişənin genişlənəcəyi təqdirdə boru kəmərləri, ixrac terminalları və limanlar da risk altında qala bilər. Bu isə alternativ nəqliyyat yollarının yaradılmasına baxmayaraq, Körfəz ölkələrinin ticarəti üçün təhlükələrin davam etməsi deməkdir.

Teqlər