Meksikada 2 minə yaxın miqrant ABŞ sərhədinə doğru yola çıxıb
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən...
Filippinin paytaxtı Manilada keçirilən Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) sammitinin ilk günündə nüvə silahlarının azaldılması, təhlükəsizlik və ticarət məsələləri müzakirə olunub.
Cənubi Çin dənizində davranış qaydaları ilə bağlı danışıqların yekun mərhələyə keçdiyi bildirilib.
BMT-nin Baş katibi Antonio Quterreş ABŞ, Rusiya və Çin liderlərini nüvə silahlarının azaldılması üçün ciddi addımlar atmağa çağırıb. Cənub-Şərqi Asiya ölkələrinin liderləri isə dünyada qeyri-müəyyənliyin artdığı bir vaxtda əsas tərəfdaşlarla əməkdaşlığı gücləndirməyə çalışıblar.
Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyasına (ASEAN) üzv 11 ölkənin liderləri təşkilatın 49-cu sammitində iştirak etmək üçün Manilaya toplaşıblar. Bu il Filippinin sədrlik etdiyi ASEAN sammiti çərçivəsində tərəfdaş ölkələrlə də görüşlər keçirilir.

Sammit çərçivəsində keçirilən mətbuat konfransında Quterreş bildirib ki, ABŞ, Rusiya və Çin liderlərinin nüvə silahlarını ciddi şəkildə azaltmaq barədə öhdəlik götürməsi dünya üçün böyük nailiyyət olardı.
ABŞ Prezidenti Donald Tramp, Çin Sədri Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinin noyabrın 19-da Çinin Şençjen şəhərində keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlıq Təşkilatının (APEC) sammiti çərçivəsində görüşməsi planlaşdırılır.
Ağ Evin mətbuat katibinin köməkçisi Oliviya Ueylsin sözlərinə görə, liderlərin nüvə silahlarının azaldılmasını müzakirə edəcəyi gözlənilir.
“Biz hesab edirik ki, nüvə silahları tamamilə ləğv olunmadan tam təhlükəsizliyə nail olmaq mümkün deyil”, – Quterreş deyib.
O, BMT-nin nüvə silahlarının azaldılması ilə bağlı istənilən təşəbbüsü dəstəkləməyə hazır olduğunu, lakin uğurun hələ təmin edilmədiyini bildirib.
Quterreşin sözlərinə görə, heç bir ölkə qlobal problemləri təkbaşına həll edə bilməz. Buna görə də beynəlxalq əməkdaşlıq əvvəlkindən daha vacibdir.
Baş katib bildirib ki, BMT Təhlükəsizlik Şurası da daxil olmaqla, 1945-ci ilin şəraitində yaradılmış beynəlxalq qurumlar müasir dövrün tələblərinə uyğun dəyişdirilməlidir.
BMT-nin Baş katibi Antonio Quterreş Qəzza, Yəmən, Ukrayna və Sudandakı münaqişələrin dayandırılmasına çağırıb. O bildirib ki, bu müharibələr insanların böyük əzab çəkməsinə səbəb olur.
Ukraynadakı vəziyyətə toxunan Quterreş deyib: “Açığı, nikbin olmaq çətindir”.
O, BMT-nin məqsədinin dərhal və qeyd-şərtsiz atəşkəsə nail olmaq olduğunu vurğulayıb.
Baş katib İranla ABŞ arasındakı vəziyyəti “nə sülh, nə də müharibə” kimi xarakterizə edib və gərginliyin aradan qaldırılması üçün ciddi diplomatik danışıqlara çağırıb.
Onun sözlərinə görə, bu qarşıdurma dünya iqtisadiyyatına ciddi ziyan vurur. Yanacağın bahalaşması və gübrə çatışmazlığı bunun əsas nəticələrindəndir.
Quterreş Myanmadakı humanitar vəziyyəti də qəbuledilməz adlandırıb. Onun sözlərinə görə, ölkədə mülki əhali arasında itkilərin əsas səbəbi hava zərbələridir.
Myanmada 16 milyondan çox insanın humanitar yardıma ehtiyacı var, 4 milyondan artıq sakin isə ölkə daxilində yaşadığı yeri tərk etməyə məcbur olub.
“Zorakılığa və cəzasızlığa son qoyulmalıdır. Əraziyə kimin nəzarət etməsindən asılı olmayaraq, humanitar yardım ehtiyacı olan hər kəsə çatdırılmalıdır”, – Quterreş bildirib.
Baş katib rohincaların təhlükəsiz şəkildə geri qayıtması üçün hələ şərait yaradılmadığını deyib. O, Banqladeşə qaçmağa məcbur olmuş 1,2 milyondan çox rohincanın çəkdiyi əziyyətləri şəxsən gördüyünü bildirib.
İqlim dəyişikliyinə toxunan Quterreş neft, qaz və kömürdən bərpaolunan enerjiyə keçidin sürətləndirilməsinə çağırıb.
“Qalıq yanacaqlar dövrü başa çatır. Hazırda bərpaolunan enerji həm daha ucuz, həm də daha təhlükəsizdir”, – o bildirib.
Baş katibin sözlərinə görə, dünyanın doqquz ən böyük neft şirkəti 2026-cı ilin ilk üç ayında 95 milyard dollar mənfəət əldə edib.
Quterreş neft, qaz və kömür sənayesini qazancını lobbiçilik fəaliyyətinə və yanlış məlumatların yayılmasına xərcləməkdə ittiham edib. Onun fikrincə, bu fəaliyyət insanların iqlim dəyişikliyi ilə bağlı elmi məlumatları düzgün anlamasına mane olur.
“Düşünürəm ki, siyasi liderlər nə baş verdiyini bilirlər. Lakin indiyədək bu lobbi qruplarına qarşı çıxmağa cəsarət etməyiblər”, – o deyib.
Quterreş inkişaf etmiş ölkələri iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşmaq üçün ayırdıqları vəsaiti üç dəfə artırmağa çağırıb.
“Hətta maliyyəni üç dəfə artırsaq belə, ehtiyacların yalnız təxminən 30 faizini qarşılaya biləcəyik”, – baş katib bildirib.
O, iqlim dəyişikliyinin vurduğu itki və zərərin qarşılanması üçün yaradılan fonda ayrılan vəsaitin də ehtiyaclarla müqayisədə çox az olduğunu vurğulayıb.
Quterreşin sözlərinə görə, yaxın illərdə qlobal temperatur artımının sənayeləşmədən əvvəlki səviyyə ilə müqayisədə 1,5 dərəcə Selsi həddini keçəcəyi gözlənilir.
Baş katib bu həddin mümkün qədər az və qısa müddətə aşılmasının vacibliyini qeyd edib. O bildirib ki, bunun üçün dünyada istixana qazı emissiyaları hər il təxminən 6 faiz azaldılmalıdır.
ASEAN–Çin sammitində Cənubi Çin dənizində davranış qaydalarına dair danışıqların başa çatdırılması üçün yeni müddət müəyyən edilməyib.
Malayziyanın Baş naziri Ənvər İbrahim bu barədə ölkənin dövlət xəbər agentliyi “Bernama”ya bildirib.
“Malayziya regionda təhlükəsizliyi və sabitliyi təmin etmək üçün Cənubi Çin dənizində davranış qaydalarına dair sənədin hazırlanmasını dəstəkləməkdə davam edir”, – o deyib.
Filippin Xarici İşlər Nazirliyinin noyabrın 15-də yaydığı məlumata görə, danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub. Sənəd layihəsindəki bəndlərin 80 faizindən çoxu üzrə ilkin razılığa gəlinib.
“Danışıqlar artıq yekun mərhələyə keçir”, – nazirlik bildirib.
Qurum bu irəliləyişdə işçi qrupuna həmsədrlik edən Malayziya və Çinin rolunu vurğulayıb.
Tərəflər sənəd üzərində işi davam etdirməyə razılaşıblar. Məqsəd beynəlxalq hüquqa, o cümlədən BMT-nin 1982-ci il Dəniz Hüququ Konvensiyasına uyğun, təsirli və konkret davranış qaydaları hazırlamaqdır.
Çin və ASEAN-ın bir neçə üzv ölkəsi Cənubi Çin dənizində bəzi ərazilərə iddia edir. Bu mübahisələr Pekinlə Manila arasında münasibətləri gərginləşdirib.
Filippin Prezidenti Ferdinand Markos ASEAN–Çin toplantısının açılışında qlobal qeyri-müəyyənlik şəraitində tərəfləri ortaq maraqlar tapmağa və konkret sahələrdə əməkdaşlığı genişləndirməyə çağırıb. Bu barədə “Philippine Star” məlumat yayıb.
Markos bildirib ki, Çin 1996-cı ildə ASEAN-ın dialoq tərəfdaşı olduqdan sonra əlaqələr inkişaf edib.
Sinqapurun Baş naziri Lourens Vonq Çinin rəqəmsal texnologiyalar və süni intellekt sahəsindəki imkanlarını vurğulayaraq ASEAN ilə əməkdaşlığın genişləndirilməsinə çağırıb.
CNA-nın məlumatına görə, Vonq Çini süni intellektin tətbiqində qabaqcıl ölkə adlandırıb və rəqəmsal əlaqələrin gücləndirilməsi üçün böyük imkanların olduğunu bildirib.
ASEAN ölkələri regional enerji əməkdaşlığını və elektrik enerjisi ticarətini artırmaq üçün anlaşma memorandumu da imzalayıblar.
Sənəd milli elektrik şəbəkələri arasında əlaqələrin yaxşılaşdırılmasını və ölkələr arasında elektrik enerjisi ticarətinin mərhələli şəkildə genişləndirilməsini nəzərdə tutur.
ASEAN–Cənubi Koreya 27-ci sammitində Prezident Li Çje Myon ASEAN-ın regionda sabitliyin qorunmasında mühüm rol oynadığını bildirib və təşkilata Seulun dəstəyini ifadə edib.
Li bildirib ki, ASEAN ilə Cənubi Koreya arasında azad ticarət sazişinin yenilənməsi üzrə danışıqlar başlayıb. Seul illik ticarət dövriyyəsini 300 milyard dollara çatdırmağı hədəfləyir.
Prezident süni intellekt, mədəniyyət və yaradıcı sənayelər sahəsində iki yeni əməkdaşlıq təşəbbüsü irəli sürüb. Bunlar “ASEAN-Korea AI Companionship Initiative” və ASEAN–Koreya Mədəni və Yaradıcı Sənayelər Təşəbbüsüdür.
Li həmçinin Koreya yarımadasında davamlı sülh və sabitliyin təmin edilməsində ASEAN-ı mühüm tərəfdaş hesab etdiklərini vurğulayıb.
Filippin Prezidenti Ferdinand Markos isə qlobal qeyri-müəyyənliyə və sürətli texnoloji dəyişikliklərə baxmayaraq, tərəflər arasında əlaqələrin möhkəm qaldığını bildirib.
Onun sözlərinə görə, 2026–2030-cu illər üzrə Fəaliyyət Planı dəniz və enerji təhlükəsizliyi, süni intellekt, səhiyyə, peşə təhsili və kadr hazırlığı sahələrini əhatə edir.
ASEAN–Avstraliya sammiti tərəflər arasında hərtərəfli strateji tərəfdaşlığın beşinci ildönümünə təsadüf edib.
Avstraliyanın Baş naziri Entoni Albanizi ölkəsinin ASEAN ilə ticarət, investisiya, təmiz enerji, iqlim dəyişikliyinə davamlılıq, infrastruktur, təhsil və dəniz təhlükəsizliyi sahələrində əməkdaşlığı genişləndirəcəyini bildirib.
“İnanıram ki, birgə səylərlə qlobal münaqişələrin, o cümlədən dünya tarixində ən böyük neft və enerji böhranının təsirlərini azaltmağa davam edə bilərik. Bunun üçün ortaq təchizat zəncirlərimizi gücləndirməyə sərmayə qoymaq xüsusilə vacibdir”, – Albanizi deyib.
O, ASEAN-ın rəqəmsal inkişafını dəstəkləmək üçün yeni əməkdaşlıq paketi elan edib. Paketə süni intellektin təhlükəsiz istifadəsi üzrə standartlar da daxildir.
“Süni intellektə nəzarət insanların əlində qalmalıdır”, – Avstraliyanın Baş naziri vurğulayıb.
Markos bildirib ki, Avstraliya səhiyyə, fəlakətlərin idarə olunması və miqrant işçilərin müdafiəsi üçün 15 milyon Avstraliya dolları ayıracaq.
Onun sözlərinə görə, ötən il ASEAN ilə Avstraliya arasında ticarət dövriyyəsi 197,5 milyard Avstraliya dollarına, yəni təxminən 129 milyard ABŞ dollarına çatıb.
Liderlər Avstraliya ilə Filippin arasında diplomatik münasibətlərin qurulmasının 80 illiyini də qeyd ediblər.
Malayziyanın Baş naziri Ənvər İbrahim ASEAN–BMT sammitində İordan çayının işğal altındakı qərb sahilində fələstinlilərin məcburi köçürülməsini və Qəzzada humanitar vəziyyətin pisləşməsini qınayıb.
“Malayziya Fələstin xalqına qarşı davam edən vəhşilikləri, məcburi köçürmələri və aclığı qətiyyətlə pisləyir”, – Ənvər “X” hesabında yazıb.
O, dərhal və daimi atəşkəsə, humanitar yardımın maneəsiz çatdırılmasına, yardım işçilərinin qorunmasına və Fələstinin BMT-yə tamhüquqlu üzv qəbul edilməsinə çağırıb.
Baş nazir Çinin Qəzzaya humanitar yardım və yenidənqurma işlərinə verdiyi dəstəyi yüksək qiymətləndirib.
Ənvər BMT-də daha geniş islahatların aparılmasına, o cümlədən Təhlükəsizlik Şurasında veto hüququnun ləğvinə çağırıb. Onun sözlərinə görə, veto hüququ uzun illərdir Şuranın ədalətli və səmərəli fəaliyyətinə mane olur.
Malayziyanın Baş naziri həmçinin ASEAN–BMT-nin 2026–2030-cu illər üzrə Fəaliyyət Planının konkret nəticələr verməli olduğunu vurğulayıb.
Yaponiyanın Baş naziri Sanae Takaiçi ASEAN sammitində iştirak etmək üçün Manilaya səfər edib. Onun daha sonra APEC sammitinə qatılmaq üçün Çinə yollanacağı gözlənilir.

“Kyodo News” agentliyinin məlumatına görə, Takaiçinin Şençjendə Çin Xalq Respublikasının Sədri Si Cinpinlə rəsmi görüş keçirməsi ehtimalı azdır.
Takaiçi Manilada Yaponiyanın rəhbərlik etdiyi Asiyada Sıfır Emissiya İcmasının toplantısına Filippinlə birlikdə həmsədrlik edəcək.
“Dünyada böyük dəyişikliklərin baş verdiyi bir vaxtda Yaponiya qanunun aliliyinə əsaslanan azad və açıq beynəlxalq nizamı qorumaq və gücləndirmək üçün səylərini davam etdirəcək”, – Takaiçi bildirib.
Hindistanın Baş naziri Narendra Modi isə ASEAN–Hindistanın 23-cü və Şərqi Asiyanın 21-ci sammitlərində iştirak etmək üçün Manilaya səfər edib.
O, ASEAN ilə əlaqələrin Hindistanın “Şərqə yönəl” siyasətində əsas yer tutduğunu vurğulayıb.
Cənubi Koreya və Filippin müdafiə sənayesi, infrastruktur, süni intellekt, gəmiqayırma, nüvə enerjisi, aviasiya, kosmos və fəlakətlərin idarə olunması sahələrində əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.
İki ölkə arasında ticarət dövriyyəsi 2026-cı ilin ilk doqquz ayında 21,3 milyard dollara çataraq ötən ilin ümumi göstəricisini üstələyib.
Tərəflər Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin (KOICA) layihələri üçün qrant sazişi və elm və texnologiya sahəsində əməkdaşlıq memorandumu imzalayıblar. Memorandum ağıllı kənd təsərrüfatını da əhatə edir.
Cənubi Koreya və Tailand Hərtərəfli İqtisadi Tərəfdaşlıq Sazişi üzrə danışıqları sürətləndirmək barədə razılığa gəliblər. Tərəflər müdafiə, süni intellekt və nüvə enerjisi sahələrində əməkdaşlığı da müzakirə ediblər.
Filippin və Yaponiya isə strateji tərəfdaşlığı gücləndirmək barədə razılığa gəliblər.
Ağ Evin açıqladığı proqrama görə, ABŞ Prezidenti Donald Trampın noyabrın 17-də yerli vaxtla saat 17:30-da Manilaya səfər edəcəyi gözlənilir.
Trampın bir saat sonra, saat 18:30-da Dördtərəfli Təhlükəsizlik Dialoqunun (Quad) sammitində iştirak edəcəyi bildirilir.
Daha sonra onun ASEAN liderləri ilə görüşməsi və Tailandla ticarət sazişinin imzalanması planlaşdırılır.
Bu, 2024-cü ilin sentyabrından bəri Quad liderlərinin ilk sammiti olacaq.
ABŞ, Avstraliya, Hindistan və Yaponiyadan ibarət Quad-ın əsası 2004-cü ildə Hind okeanında baş verən sunamidən sonra dörd ölkə arasında qurulan əməkdaşlıq nəticəsində qoyulub. Qrup 2007-ci ildə Manilada rəsmiləşdirilib. 2027-ci ildə Quad-a Avstraliya sədrlik edəcək.
Tramp Şimali Koreya lideri Kim Çen Inlə Çində görüşə biləcəyini də bildirib. Onun sözlərinə görə, bu, Kim Çen In və Çin Xalq Respublikasının Sədri Si Cinpinin mövqeyindən asılıdır. Şimali Koreya isə mümkün görüşü təsdiqləməyib.
ABŞ Prezidentinin sözlərinə görə, Şençjendə Si Cinpin və Rusiya Prezidenti Vladimir Putinlə danışıqlarda nüvə silahlarının azaldılması, Rusiya–Ukrayna müharibəsi, İran və ticarət məsələləri müzakirə olunacaq.

1967-ci ildə Banqkokda yaradılan ASEAN-ın 11 üzvü var: Bruney, Kamboca, Şərqi Timor, İndoneziya, Laos, Malayziya, Myanma, Filippin, Sinqapur, Tailand və Vyetnam.
Üzv ölkələrin ümumi daxili məhsulu 3 trilyon dolları, əhalisinin sayı isə 650 milyonu ötür.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə keçirilən, insan müdaxiləsi olmadan və ya məhdud nəzarətlə işləyə bilən silahlarla bağlı danışıqları başa çatıb. İştirakçılar 2028-ci ilədək yeni qaydaların hazırlanması üçün müzakirələri davam etdirməyə razılaşıblar.
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən keçib. Yayılan məlumata görə, bu, Donald Trampın Ağ Evə qayıtmasından sonra bölgədə qeydə alınan ilk böyük miqrant karvanı olub.
ABŞ-nin Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson immiqrasiya xidməti əməkdaşlarının Sietl–Takoma Beynəlxalq Hava Limanında iki sərnişini saxlamasını pisləyib.
Belçikada hökumətin qənaət tədbirlərinə qarşı noyabrın 23-nə planlaşdırılan ümummilli tətil səbəbindən Brüssel hava limanına gələn və oradan yola düşən reyslərin əksəriyyəti ləğv oluna bilər. Hava hərəkəti dispetçerlərinin bir hissəsi tətilə qoşulacaq.
BMT-nin Antalyada keçirilən iqlim konfransında (COP31) noyabrın 22-də yekun razılaşma layihəsi açıqlanıb.
Baltik dənizində PUA zərbələrinə məruz qalan Rusiyanın “Sparta II” yük gəmisində yanğının söndürülməsi səylərinə baxmayaraq, alov bütün gecə davam edib. Bu barədə Finlandiya Sahil Mühafizəsi noyabrın 22-də məlumat yayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın