KTMT-nin Baş katibi: Ermənistan faktiki olaraq hərbi ittifaqdan çıxıb

KTMT-nin Baş katibi: Ermənistan faktiki olaraq hərbi ittifaqdan çıxıb
KTMT-nin Baş katibi Taalatbek Masadıkov. Moskva, Rusiya, 2 fevral 2026-cı il.
Reuters

Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Baş katibi Taalatbek Masadıkov bildirib ki, Ermənistan təşkilatdakı üzvlüyünə rəsmən xitam verməsə də, faktiki olaraq hərbi ittifaqdan çıxıb.

Masadıkovun sözlərinə görə, Ermənistan artıq təşkilatın müzakirələrində, fəaliyyətində və hərbi təlimlərində iştirak etmir. İrəvan həmçinin təşkilatda ona ayrılmış vəzifələrə nümayəndə təyin etməyi dayandırıb.

KTMT-yə üzv ölkələrin liderləri, o cümlədən Rusiya Prezidenti Vladimir Putin Minskdə keçirilən sammitdə. 23 oktyabr, 2026-cı il.
Reuters

Baş katib qeyd edib ki, Ermənistan 2024-cü ildən bəri üzvlük haqlarını ödəmir.

Ermənistan 2024-cü ilin fevralında KTMT-də iştirakını dondurduğunu açıqlayıb. Paşinyan 2024-cü ilin fevralında bu qərarı KTMT-nin 2021 və 2022-ci illərdə Ermənistan qarşısında təhlükəsizlik öhdəliklərini yerinə yetirməməsi ilə əsaslandırıb.

Rusiyanın xarici işlər naziri Sergey Lavrov iyunda xəbərdarlıq edib ki, üzvlük haqlarını ödəmədiyinə görə Ermənistana qarşı KTMT-nin nizamnaməsində nəzərdə tutulan tədbirlər görülə bilər.

Nizamnaməyə əsasən, üzvlük haqqının ödənilməsini iki il gecikdirən dövlətlər səsvermə hüququnu, eləcə də təşkilatda onlara ayrılmış vəzifələrə namizəd irəli sürmək hüququnu itirə bilərlər.

Nizamnamə həmçinin pozuntulara yol verən üzv dövlətin təşkilatdan çıxarılmasına imkan verir. Belə qərar müvafiq dövlətin iştirakı olmadan qəbul edilir.

Paşinyan Ermənistanın KTMT-dən çıxarılmasını alqışlayacağını bildirib

Ermənistanın Baş naziri Nikol Paşinyan avqustda bildirib ki, ölkəsinin KTMT-dən çıxarılmasını müsbət qarşılayar. Onun sözlərinə görə, bu addım hökuməti KTMT-dən çıxmaq barədə qərar qəbul etmək zərurətindən azad edər.

Ermənistanın Baş naziri Nikol Paşinyan Beynəlxalq Kosmos Sammitində. Paris, Fransa, 10 sentyabr 2026-cı il.
Reuters

Paşinyan Ermənistan parlamentində çıxışı zamanı bildirib ki, ölkə qarşıdakı beş il ərzində KTMT-də iştirakını bərpa etməyi planlaşdırmır. Hökumətin 2026–2031-ci illər üçün proqramında da təşkilatın adı çəkilmir.

“Bilirəm ki, KTMT-də müzakirələr aparılır və ölkəmizi təşkilatdan çıxara bilərlər. Təşkilat Ermənistanı KTMT-dən çıxarmaq qərarına gəlsə, buna çox sevinərdim”, – Paşinyan bildirib.

Ermənistanın dövlət xəbər agentliyi “Armenpress”in məlumatına görə, Paşinyan əlavə edib:

“Bu, bizi təşkilatdan ayrılmaq və ya üzvlüyü davam etdirmək arasında seçim etmək zərurətindən azad edər”.

KTMT noyabrda iclas keçirəcək

Ermənistanın uzun müddətdir təşkilatın fəaliyyətində iştirak etməməsinə baxmayaraq, Masadıkov əvvəllər ölkənin KTMT-dən çıxarılması məsələsində tələsməməyə çağırıb.

“Tələsməyək”, – o, avqustda Rusiyanın dövlət xəbər agentliyi “TASS”a bildirib.

KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının noyabrda Moskvada iclas keçirməsi planlaşdırılır. Lakin Masadıkov Ermənistanın üzvlüyü məsələsinin iclasın əsas müzakirə mövzularından birinə çevriləcəyinin hələ aydın olmadığını bildirib.

KTMT-nin əsası 1992-ci ildə keçmiş sovet respublikaları arasında imzalanmış təhlükəsizlik müqaviləsi ilə qoyulub. Təşkilat 2002-ci ildə beynəlxalq təşkilat kimi rəsmən yaradılıb.

Rusiyanın rəhbərlik etdiyi təşkilatın altı üzvü var: Rusiya, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Ermənistan.

Daha ətraflı:

Teqlər