Husilər Səudiyyə Ərəbistanının Sənaya endirdiyi zərbə nəticəsində 30 ərəb atının öldüyünü bildiriblər

Husilər Səudiyyə Ərəbistanının Sənaya endirdiyi zərbə nəticəsində 30 ərəb atının öldüyünü bildiriblər
İkinci Liviya İrs Karnavalı çərçivəsində keçirilən gözəllik müsabiqəsində safqanlı ərəb atı. Benqazi, Liviya, 20 oktyabr 2025-ci il.
Reuters

Husilərin nəzarətində olan “Saba” agentliyinin noyabrın 24-də yaydığı məlumata görə, Səudiyyə Ərəbistanının Yəmənin paytaxtı Sənada atçılıq klubuna endirdiyi hava zərbəsi nəticəsində ərəb cinsindən olan 30 at ölüb.

Agentlik husilərin nəzarətindəki Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verib ki, zərbə paytaxtın şimalındakı Bəni əl-Haris rayonunda yerləşən “Əl-Vəhdə” atçılıq klubuna endirilib. Klubun binalarına və digər obyektlərinə ciddi ziyan dəyib.

Səudiyyə Ərəbistanı məlumatla bağlı hələ açıqlama verməyib. AnewZ ölkənin Xarici İşlər Nazirliyinə sorğu göndərib.

Nazirlik “Saba”ya təqdim etdiyi açıqlamada zərbəni Yəmənin heyvandarlıq təsərrüfatına və milli mədəni irsinə birbaşa hücum kimi qiymətləndirib. Qurum bildirib ki, bu hadisə mülki obyektlərə, əmlaka, kənd təsərrüfatı və heyvandarlıq sahələrinə qarşı pozuntulardan biridir.

Husilər Səudiyyə limanlarına zərbə endirəcəkləri barədə xəbərdarlıq ediblər

Husilər noyabrın 25-də bildiriblər ki, Səudiyyə Ərəbistanı Yəmənin Hudeydə limanına zərbə endirsə, Ciddə limanını və ölkənin Qırmızı dəniz sahilindəki digər limanlarını hədəfə alacaqlar.

Qırmızı dəniz sahilində yerləşən Hudeydə Yəmənin şimalında husilərin nəzarətindəki ərazilərə ərzaq və digər zəruri malların daşındığı əsas limandır. Ərzaq idxalından böyük ölçüdə asılı olan ölkədə milyonlarla insanın təminatında mühüm rol oynayan bu liman uzun illərdir humanitar yardımın və idxal mallarının çatdırılması üçün istifadə olunur.

Ər-Riyadda PUA zərbəsi nəticəsində azı 11 nəfər yaralanıb

Səudiyyə Ərəbistanı rəsmilərinin məlumatına görə, noyabrın 24-də husilərin pilotsuz uçuş aparatı Ər-Riyadın ən hündür binasına zərbə endirib. Azı 11 nəfər yaralanıb. Bina bir həftədən az müddətdə ikinci dəfə hədəfə alınıb.

Husi qüvvələri. Təiz vilayəti, Yəmən, 15 noyabr 2026-cı il.
Reuters

Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi koalisiya hücuma sərt cavab verəcəyini bildirib.

Tərəflər arasında yenidən başlayan döyüşlər sentyabrdan bəri şiddətlənib. Həmin ay husilər Qırmızı dənizin cənub girişində yerləşən və gəmiçilik üçün strateji əhəmiyyət daşıyan Bab əl-Məndəb boğazına doğru irəliləyiblər.

O vaxtdan husilər Səudiyyə Ərəbistanının hava və dəniz limanlarına, eləcə də neft obyektlərinə hücumları artırıblar. Səudiyyə Ərəbistanı isə cavab olaraq Yəməndə husilərə qarşı hava zərbələrini artırıb.

Daha ətraflı: 

Teqlər