ABŞ və Fransa Livanın təhlükəsizliyi məsələsində razılığa gələ bilmir

ABŞ və Fransa Livanın təhlükəsizliyi məsələsində razılığa gələ bilmir
UNIFIL sülhməramlıları zirehli avtomobillərlə Livanın cənubunda patrul xidməti aparırlar. 11 noyabr 2026-cı il.
UNIFIL

BMT-nin Livandakı Müvəqqəti Qüvvələrinin (UNIFIL) mandatı 2026-cı il dekabrın 31-də başa çatacaq. ABŞ və Fransa bundan sonra Livanın cənubunda təhlükəsizliyin necə təmin ediləcəyi barədə hələ də razılığa gəlməyib.

Fransa əsasən Avropa ölkələrinin hərbçilərindən ibarət çoxmillətli qüvvələrin yaradılmasını təklif edir. Vaşinqton isə daha azsaylı beynəlxalq müşahidə missiyasının yaradılmasını və əsas məsuliyyətin Livan ordusuna həvalə edilməsini dəstəkləyir.

Müzakirələr İsrailin Livanın cənubunda davam edən hərbi əməliyyatları fonunda aparılır. UNIFIL oktyabrda İsrail tərəfindən təxminən 2 840 artilleriya atəşi, 870 hava məkanı pozuntusu və 90 hava zərbəsi qeydə alıb.

BMT Təhlükəsizlik Şurasının 2790 saylı qətnaməsinə əsasən, sülhməramlıların Livandan çıxarılmasına 2027-ci il yanvarın 1-də başlanacaq. Prosesin il ərzində davam edəcəyi gözlənilir.

45 ölkədən olan sülhməramlılar dekabrın 31-dək Mavi Xətt boyunca vəziyyəti izləyəcək, pozuntuları qeydə alacaq, İsrail və Livanla əlaqə saxlayacaq, həmçinin Livan ordusuna və humanitar əməliyyatlara dəstək göstərəcəklər.

ABŞ və Fransa nə təklif edir?

ABŞ-nin BMT-dəki səfiri Mayk Uolts noyabrın 15-də Beyruta səfəri zamanı Livan Prezidenti Cozef Aun, Baş nazir Nəvaf Səlam və parlamentin sədri Nəbih Berri ilə görüşüb.

Uolts Vaşinqtonun beynəlxalq qüvvələrin sayının azaldılması və təhlükəsizliklə bağlı vəzifələrin yenidən bölüşdürülməsi üzərində işlədiyini bildirib. Onun sözlərinə görə, bunun üçün BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə yenidən baxılmalıdır.

Fransa isə noyabrın 19-da Təhlükəsizlik Şurasının qapalı iclasında öz təklifini təqdim edib. Paris əsasən Fransa, İtaliya və İspaniya hərbçilərindən ibarət qüvvələrin yaradılmasını nəzərdən keçirir. Bu qüvvələrin Livan ordusu ilə əməkdaşlıq etməsi və UNIFIL-in bəzi müşahidə funksiyalarını yerinə yetirməsi nəzərdə tutulur.

UNIFIL-in zirehli avtomobili Livanın cənubundakı yaşayış ərazisində patrul xidməti aparır. 11 noyabr 2026-cı il.
UNIFIL

Tərəflər arasında əsas fikir ayrılığı yeni missiyanın tərkibi, səlahiyyətləri və BMT-yə tabe olması ilə bağlıdır.

“Erem News”un məlumatına görə, ABŞ və Fransa UNIFIL-in mandatı bitdikdən sonra təxminən 3 min beynəlxalq hərbçinin bir neçə ay Livanın cənubunda qalması imkanını nəzərdən keçirirlər. Bu, uzunmüddətli razılaşma əldə edilənədək müvəqqəti tədbir kimi qiymətləndirilir.

Təklif hələ rəsmən təsdiqlənməyib. Fransa da əlavə hərbçi göndərilməsi ilə bağlı qərarını açıqlamayıb.

Livan hökuməti isə mövcud mandatın uzadılmasını istəyir. Əks halda, Beyrut yeni missiyanın BMT Təhlükəsizlik Şurasının dəstəyi ilə fəaliyyət göstərməsində maraqlıdır.

Baş nazir Nəvaf Səlam beynəlxalq yardımın Livan ordusunun ölkə ərazisində yerləşdirilməsinə, vəziyyətin izlənilməsinə, hesabatların hazırlanmasına və fəaliyyətin əlaqələndirilməsinə yönəldilməsinin vacibliyini bildirib.

İsrail və ABŞ UNIFIL-in fəaliyyətinin səmərəliliyini şübhə altına alaraq missiyanın “Hizbullah”ın Livanın cənubunda hərbi infrastruktur yaratmasına mane olmadığını iddia edirlər.

Livan ordusunun qarşısındakı çətinliklər

Hərbi texnika, maliyyə və şəxsi heyət çatışmazlığı sülhməramlılar ölkədən çıxdıqdan sonra Livan ordusunun bölgədə təhlükəsizliyi təmin etməsini çətinləşdirə bilər.

BMT Təhlükəsizlik Şurasının 1701 saylı qətnaməsinə əsasən, Mavi Xətt ilə Litani çayı arasındakı ərazidə yalnız Livan dövlətinə və UNIFIL-ə məxsus silahlı qüvvələrin və silahların olmasına icazə verilir.

Livan hökuməti bölgədə dövlət nəzarətini bərpa etmək və qanunsuz hərbi infrastrukturu aradan qaldırmaq öhdəliyi götürüb. Lakin “Hizbullah”ın tərk-silah edilməsi məsələsi hələ də açıq qalır.

UNIFIL sülhməramlıları Livanın cənubunda patrul xidməti apararkən bir qadın yol boyunca irəliləyir. 11 noyabr 2026-cı il.
UNIFIL

İsrail Livan ərazisindəki beş məntəqədə qoşunlarını saxlayır. Beyrut onların çıxarılmasını tələb edir. Bu mübahisə ABŞ-nin vasitəçiliyi ilə əldə olunan təhlükəsizlik razılaşmalarının icrasına mane olur.

Avropa İttifaqı Livan ordusunun və polisinin gücləndirilməsi üçün üçillik yardım proqramı həyata keçirir. Proqram təlimlərin təşkili, avadanlıqla təminat və sərhəd təhlükəsizliyinə dəstəyi əhatə edir.

Almaniya da prosesə polis əməkdaşları, gömrük rəsmiləri və azsaylı hərbi heyətlə töhfə verir.

Bununla belə, Aİ-nin yardım proqramı UNIFIL-in Mavi Xətt boyunca həyata keçirdiyi müşahidə missiyasını əvəz etməyəcək.

Döyüşlərin yenidən başlaması riski

Yeni missiya barədə razılıq əldə edilmədən sülhməramlıların çıxarılması bölgədə beynəlxalq nəzarəti zəiflədə bilər. Bu halda hərbi pozuntuların qeydə alınması və İsraillə Livan arasında əlaqələrin saxlanılması da çətinləşəcək.

ABŞ-nin təklif etdiyi müşahidə missiyasının fəaliyyəti onun səlahiyyətləri üzrə razılaşmadan və iki ölkənin əməkdaşlığından asılıdır. Fransanın təklif etdiyi çoxmillətli qüvvələrin yerləşdirilməsi üçün isə BMT Təhlükəsizlik Şurasının təsdiqi və Livanın razılığı tələb olunur. Həmin qüvvələrin Livan ordusu ilə necə əməkdaşlıq edəcəyi hələ müəyyənləşməyib.

UNIFIL sülhməramlıları Livanın cənubunda zirehli avtomobil karvanı ilə hərəkət edirlər. 11 noyabr 2026-cı il.
UNIFIL

İsrailin davam edən hərbi əməliyyatları, “Hizbullah”ın silahları ilə bağlı mübahisələr və mümkün raket hücumları yeni qarşıdurma riskini artırır. Müstəqil müşahidəçilərin olmaması hərbi insidentlərin araşdırılmasını çətinləşdirərək cavab zərbələri ehtimalını yüksəldə bilər.

ABŞ, İsrail və İran arasındakı gərginlik də “Hizbullah”ın hərbi qərarlarına təsir göstərə bilər.

Livan rəsmilərinin sözlərinə görə, İsrailin hücumları və qoşunlarını bölgədə saxlaması Livan ordusunun cənubda tam yerləşdirilməsinə mane olur, məcburi köçkünlərin evlərinə qayıtmasını ləngidir.

Parlamentin sədri Nəbih Berri Mayk Uoltsla görüşündə də bu məsələləri təhlükəsizlik razılaşmalarının icrası qarşısındakı əsas maneələr kimi göstərib.

UNIFIL-in mandatının bitməsinə bir neçə həftə qalmış BMT Təhlükəsizlik Şurasının qarşısında üç əsas seçim var. Bunlar azsaylı müşahidə missiyasının yaradılması, çoxmillətli qüvvələrin yerləşdirilməsi və ya sərhəd təhlükəsizliyinin əsasən Livan hökumətinə həvalə edilməsidir.

Teqlər