Əfqanıstan sanksiyaların ləğvini və dondurulmuş aktivlərinin qaytarılmasını tələb edir

Əfqanıstan sanksiyaların ləğvini və dondurulmuş aktivlərinin qaytarılmasını tələb edir
Reuters

Əfqanıstanın iqtisadiyyat naziri Din Məhəmməd Hənif noyabrın 24-də Kabildə BMT-nin yüksəkrütbəli rəsmisi ilə görüşündə iqtisadi sanksiyaların ləğvini və ölkənin dondurulmuş valyuta ehtiyatlarının qaytarılmasını tələb edib.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, Hənif BMT-nin Əfqanıstana Yardım Missiyasının (UNAMA) rəhbəri Rabab Fatima ilə görüşü zamanı daxili istehsal, ixrac, sərmayə qoyuluşu və iqtisadi infrastruktur sahələrində əldə olunan irəliləyişlərdən danışıb.

Nazir bildirib ki, mövcud məhdudiyyətlərin aradan qaldırılması və Əfqanıstanın milli aktivlərinə çıxışının bərpası ölkə iqtisadiyyatının möhkəmlənməsində, ticarətin genişlənməsində, daxili və xarici sərmayələrin cəlb edilməsində, yeni iş yerlərinin yaradılmasında, əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasında mühüm rol oynaya bilər.

Sanksiyalar və dondurulmuş aktivlər

Əfqanıstan “Taliban”ın 2021-ci ilin avqustunda hakimiyyətə qayıtmasından sonra milyardlarla dollarlıq valyuta ehtiyatlarına çıxışını itirib.

Beynəlxalq sanksiyalar əsasən “Taliban”ı, onunla əlaqəli şəxsləri və təşkilatları hədəf alsa da, Əfqanıstan bankları beynəlxalq maliyyə sisteminə çıxışda hələ də çətinliklərlə üzləşirlər.

Əfqanıstanın paytaxtı Kabildə valyuta bazarında əlində əfqani əsginasları tutan şəxs. 4 sentyabr 2021-ci il.
Reuters

ABŞ 2022-ci ildə Əfqanıstan Mərkəzi Bankının 3,5 milyard dollarlıq ehtiyatını İsveçrədəki fonda köçürüb. Vaşinqton vəsaitlərin qaytarılmasını Mərkəzi Bankın müstəqilliyini sübut etməsi və maliyyə təhlükəsizliyi tədbirləri görməsi şərtinə bağlayıb.

Humanitar yardımdan dayanıqlı inkişafa keçid

Hənif uzunmüddətli quraqlıq, yoxsulluq, işsizlik və əfqan qaçqınlarının ölkəyə qayıtması fonunda beynəlxalq yardımların istiqamətinin dəyişdirilməsinə çağırıb.

Nazirliyin məlumatına görə, Hənif təcili və humanitar yardımdan tədricən dayanıqlı inkişaf proqramlarına keçidin, yerli iqtisadiyyatların möhkəmləndirilməsinin və iqtisadi müstəqillik üçün şərait yaradılmasının vacibliyini vurğulayıb.

Fatima isə humanitar yardım və inkişaf sahəsində əməkdaşlığın davam etdiriləcəyini, özəl sektora dəstək göstəriləcəyini, Əfqanıstanın beynəlxalq ictimaiyyətlə siyasi əlaqələrinin gücləndirilməsi üçün səylərin davam edəcəyini bildirib.

İqtisadi artım və mövcud çətinliklər

Dünya Bankı 2026-cı ildə Əfqanıstan iqtisadiyyatının 3 faiz artacağını proqnozlaşdırır. Bununla belə, adambaşına düşən ümumi daxili məhsulun 3,3 faiz azalacağı gözlənilir. Bu, ardıcıl üçüncü il azalma deməkdir.

Teqlər