Fransada yaşayış xərclərinə qarşı etirazlarda toqquşmalar baş verib
Fransanın bir neçə şəhərində yaşayış xərclərinin artması və tələbə hüquqları ilə bağlı keçirilən aksiyalar zamanı polislə nümayişçilər arasında...
ABŞ Prezidenti Donald Tramp bildirib ki, Censen Huanın “Nvidia” şirkətinin baş direktoru vəzifəsinə qayıtmasını müsbət qarşılayar.
Bununla da Tramp ötən həftə istefa verən şirkət həmtəsisçisinin vəzifəsinə qaytarılmasını dəstəkləyən İlon Mask və digər texnologiya sektoru rəhbərlərinin təşəbbüsünə qoşulub.
Huanq noyabrın 12-də Çin vətəndaşı olan iş qadını Elis Huanla romantik münasibətdə olması barədə xəbərlər fonunda “Nvidia”nın prezidenti, baş direktoru və idarə heyətinin üzvü vəzifələrindən istefa verib. ABŞ kəşfiyyat rəsmiləri Elis Huanın Çin kəşfiyyatı ilə əlaqələrinin ola biləcəyindən şübhələnirlər. Censen Huanqla Elis Huan arasında qohumluq əlaqəsi yoxdur.
“Nvidia” şirkətin maliyyə direktoru Kolet Kressi müvəqqəti baş direktor təyin edib və bu vəzifəyə daimi namizəd axtarmağa başlayıb.
Ağ Evdən Filippin və Çinə səfərə yola düşərkən jurnalistlərin suallarını cavablandıran Tramp Huanqın baş verənlərdən ciddi nəticə çıxardığını düşündüyünü bildirib.
“Onun qayıtmasına qətiyyən etiraz etməzdim. O, geri qayıda bilər. Bunu istəyən çox sayda insan var”, – Tramp deyib.
“Financial Times” qəzetinin noyabrın 15-də yaydığı məlumata görə, Huanq vəzifəsinə qayıtmaq imkanını nəzərdən keçirir və bu məsələni yaxınları ilə müzakirə edib.
Tramp Huanqı biznes sahəsində yaxın tərəfdaşı hesab edir və ona dəstək verir. O, aralarındakı münasibətlərin ABŞ-nin milli təhlükəsizliyini riskə atdığına dair iddiaları rədd edib.
“Milli təhlükəsizliyimiz risk altında olmayıb. Ölkəmiz indi əvvəlkindən daha güclüdür. Bilirsiniz, Çin bizimlə oyun oynayır, biz də onunla”, – ABŞ Prezidenti bildirib.
Tramp Elis Huanın Çin casusu olduğuna dair məlumatı olmadığını bir daha vurğulayıb və məsələni araşdıracağını deyib.
“Adətən belə olur: Çindən ölkəmizə gözəl bir qadın gələn kimi deyirlər ki, casusdur. Mən onun casus olduğuna heç də əmin deyiləm”, – Tramp bildirib.
ABŞ Prezidenti bu məsələnin Çinə səfəri zamanı, o cümlədən Çin Prezidenti Si Cinpinlə danışıqlarda gündəmə gələ biləcəyini də qeyd edib.
Huanqın vəzifəsinə qaytarılması üçün başladılan təşəbbüs texnologiya sektorunun tanınmış nümayəndələri arasında da dəstək qazanır.
“Tesla” və “SpaceX” şirkətlərinin rəhbəri İlon Mask noyabrın 13-də “X” sosial şəbəkəsində yazıb:
“Censenin vəzifəsinə qaytarılması üçün imza kampaniyası başlayıb. Mən də onu imzalayıram”.
“Stand with Jensen” adlı saytda yerləşdirilən petisiyanı noyabrın 15-dək 130 mindən çox insan imzalayıb. Onların arasında özlərini “Nvidia”nın hazırkı və keçmiş əməkdaşları, eləcə də səhmdarları kimi təqdim edən minlərlə şəxs var.
Saytın məlumatına görə, noyabrın 16-da imzaların sayı 177 mini ötüb.
Saytda təşəbbüsü dəstəkləyən tanınmış şəxslər arasında “Replit” şirkətinin baş direktoru Əmcəd Məsəd, “Epic Games”in rəhbəri Tim Suini və “Y Combinator”un baş direktoru Qarri Tan da göstərilir.
“Nvidia”nın idarə heyətinə ünvanlanan açıq məktubda Huanqın lazımi hüquqi prosedurlara əməl edilmədən vəzifəsindən uzaqlaşdırılmış ola biləcəyi ilə bağlı narahatlıq ifadə olunur.
Məktubda bildirilir ki, Huanq həmtəsisçisi olduğu şirkətə 33 il rəhbərlik edib.
Petisiyada ittihamlarla bağlı müstəqil araşdırma aparıldığı müddətdə onun vəzifəsinə qaytarılması tələb olunur.
Məktub müəllifləri Huanqa öz mövqeyini bildirmək və ittihamlara cavab vermək imkanının yaradılmasını istəyirlər. Onlar həmçinin idarə heyətinin qəbul etdiyi qərarı və bu qərarın əsaslandığı sübutları ictimaiyyətə açıqlamağa çağırırlar.
“Təkcə şübhə və ya kiminləsə əlaqənin olması Censenin rəhbərlikdən uzaqlaşdırılması üçün kifayət qədər əsas deyil. Censen kütlənin təzyiqi ilə mühakimə olunmağa deyil, ədalətli hüquqi prosedura layiqdir”, – məktubda bildirilir.
Huanqın istefası ətrafında yaranan müzakirələr ABŞ-nin ticarət naziri Hovard Latniklə bağlı məsələləri də yenidən gündəmə gətirib.
“Reuters” ötən həftə Ağ Evin yüksəkvəzifəli rəsmilərinin Latnikin vəzifədən uzaqlaşdırılması imkanını müzakirə etdiyini bildirib.
Lakin Tramp yaxın dostu hesab etdiyi Latnikin vəzifədən azad olunması ehtimalını rədd edib. O, ticarət nazirinin öz işini çox yaxşı gördüyünü deyib.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Avropanın müxtəlif ölkələrində tələbələr və işçilər noyabrın 20-də küçələrə çıxaraq maaşların artırılmasını, münasib qiymətə mənzillərin əlçatan olmasını, təhsilə və dövlət xidmətlərinə daha çox vəsait ayrılmasını tələb ediblər. Etirazçılar hərbi xərclərin artırılmasına da qarşı çıxıblar.
Kaliforniya hakimiyyəti Çinin “Nvidia” şirkəti və onun keçmiş rəhbəri Censen Huanq vasitəsilə qabaqcıl çip texnologiyalarına və məxfi məlumatlara çıxış əldə etməsi ehtimalını araşdırır. Araşdırma çərçivəsində şirkətdən müvafiq sənədlər tələb olunub.
Süni intellekt şirkəti “Anthropic” səhmlərinin ilkin kütləvi yerləşdirilməsi (IPO) nəticəsində rekord məbləğdə – 81,3 milyard dollar vəsait cəlb edib. Bununla da şirkət iyunda 75 milyard dollarlıq IPO həyata keçirən “SpaceX”i geridə qoyaraq dünya rekorduna imza atıb.
Cenevrədə keçirilən görüşdə avtonom silahların istifadəsinə hüquqi cəhətdən məcburi məhdudiyyətlərin tətbiqi ilə bağlı ölkələr arasında fikir ayrılığı yaranıb.
Süni intellekt gündəlik həyatın ayrılmaz hissəsinə çevrildikcə azsaylı insanların danışdığı dillərin texnoloji inkişafdan geri qalması riski artır. Dünyada təxminən dörd milyon insanın danışdığı gürcü dili də bu dillər arasındadır.
Çin kosmik texnologiyalarını xarici bazarlara çıxarır. Pekin Oman üçün süni intellektlə təchiz edilmiş 20 peykdən ibarət şəbəkənin yaradılmasına dair müqavilə imzalayıb.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın