Ukraynada “Starlink” və “Starshield” sistemləri ilə bağlı nə baş verir?

Ukraynada “Starlink” və “Starshield” sistemləri ilə bağlı nə baş verir?
Ukraynalı hərbçilər “Starlink” sistemini quraşdırırlar. Donetsk, Ukrayna, 10 aprel 2025-ci il.
Reuters

Ukrayna ordusu oktyabr ayında “SpaceX” şirkətinin “Starlink” peyk rabitə sisteminin hərbi versiyası olan “Starshield”ə tətbiq edilən məhdudiyyətlərlə üzləşib. Nəticədə yüksək sürətlə hərəkət edən bəzi dronların rabitəsi kəsilib.

Bu məhdudiyyətlər bəzi döyüş əməliyyatlarını və hava hücumundan müdafiə missiyalarını təhlükə altına salıb.

ABŞ Prezidenti Donald Tramp bildirib ki, “SpaceX” şirkətinin rəhbəri İlon Mask xidmətin fəaliyyətini bərpa edib. Bununla belə, Tramp məsələ ilə bağlı Maskla şəxsən danışdığını təkzib edib.

Ukraynanın müdafiə sektorundakı mənbələr və hərbçilər isə oktyabrın 23-də “Reuters”ə bildiriblər ki, “Starshield”ə tətbiq edilən sürət məhdudiyyətləri hələ də qüvvədədir.

Ukrayna “Starlink” və “Starshield” sistemlərindən necə istifadə edir?

Ukrayna ordusu “Starlink”dən əsasən rabitə, “Starshield”dən isə xüsusi hərbi məqsədlər üçün istifadə edir.

Peyk interneti cəbhədə hərbi bölmələr arasında əlaqənin təmin edilməsində mühüm rol oynayır. Ukraynalı hərbçilərin sözlərinə görə, hazırda bu sistemlərlə eyni imkanları təmin edən alternativ yoxdur.

Radioelektron müdaxilələrə qarşı yüksək dayanıqlılığa malik “Starshield” terminalları Ukrayna dronlarının idarə olunmasında istifadə edilir. Sistem operatorlara dronlarla uzaq məsafədən əlaqə saxlamağa və onları idarə etməyə imkan verir.

Oktyabr ayında tətbiq edilən məhdudiyyətlər nəticəsində saatda 160 kilometrdən yüksək sürətlə hərəkət edən bəzi dronların rabitəsi kəsilib.

Ukrayna rəsmilərinin sözlərinə görə, bu vəziyyət həm Rusiya qüvvələrinin nəzarətində olan ərazilərin dərinliklərindəki hədəflərə zərbələri, həm də Rusiya dronlarının qarşısını almaq üçün istifadə edilən yüksək sürətli dronların fəaliyyətini çətinləşdirib.

“Starshield”lə təchiz olunmuş orta mənzilli hücum dronları bu il Ukraynanın bəzi cəbhə bölgələrində üstünlük qazanmasında mühüm rol oynayıb. Sistem operatorlara Rusiyanın təchizat maşınları və qatarları kimi hərəkətdə olan hədəflərinə zərbələr endirməyə imkan verib.

Ukrayna həmçinin Rusiya qüvvələrinin istifadə etdiyi reaktiv mühərrikli hücum dronlarının qarşısını almaq üçün yüksək sürətli ələkeçirici dronlardan yararlanır.

Zaporojye vilayətinin Xüsusi Təyinatlı Atıcı Polis Batalyonunun artilleriyaçısı “Starlink” peyk internet sistemini quraşdırır. Donetsk, Ukrayna,16 oktyabr 2026-cı il.
Reuters
Məhdudiyyət qərarını kim verib?

Nə İlon Mask, nə də ABŞ hökuməti Ukraynada “Starlink” və “Starshield” sistemlərinin fəaliyyətinə məhdudiyyət qoyulmasına görə məsuliyyəti üzərinə götürüb.

“Reuters” ABŞ-nin iki rəsmisinə və məsələdən məlumatlı bir Qərb rəsmisinə istinadən məhdudiyyət qərarının Ağ Evdən gəldiyini bildirib. “The Wall Street Journal” isə mənbələrinə əsaslanaraq qərarı şəxsən Maskın verdiyini yazıb.

Məhdudiyyətlər ictimaiyyətə məlum olduqdan sonra Mask bildirib ki, “Starshield” ABŞ hökumətinin nəzarətindədir. Onun sözlərinə görə, sistemin sürətinə və istifadəsinə qoyulan məhdudiyyətlərlə bağlı qərarları ABŞ ordusu, son nəticədə isə Prezident Donald Tramp verir.

Mask həmçinin vurğulayıb ki, “Starshield”dən fərqli olaraq, kommersiya məqsədli “Starlink” sistemi hücum xarakterli hərbi əməliyyatlar üçün nəzərdə tutulmayıb.

Tramp sistemin sürətinin məhdudlaşdırılması ilə bağlı hər hansı qərarda iştirak etdiyini təkzib edib. ABŞ dövlət katibi Marko Rubio isə jurnalistlərə bildirib ki, Ukraynanın “Starlink” sistemindən istifadəsinə dair qərarları Ağ Ev deyil, “SpaceX” şirkəti və İlon Mask verir.

Oktyabrın 24-də Mask Ukrayna ordusunu “Starlink”dən hücum dronlarının idarə olunmasında istifadə etməklə xidmət şərtlərini pozmaqda ittiham edib. Ukrayna tərəfi isə bu iddia ilə razılaşmayıb.

Məhdudiyyətlər Ukrayna–ABŞ münasibətlərinə necə təsir edib?

Məhdudiyyətlər Kiyev və Vaşinqton arasında münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf edib. Tramp Rusiya ilə sülh razılaşmasının əldə olunması üçün Ukraynanın daha ciddi güzəştlərə getməsini istəyir.

ABŞ Prezidenti həmçinin Ukraynaya Rusiyanın neft emalı zavodlarına zərbələri dayandırması üçün təzyiq göstərir.

Lakin Rusiya ərazisindəki neft emalı zavodlarına zərbələr endirən Ukrayna dronlarında “Starshield” sistemindən istifadə olunmur. Çünki sistem Rusiya ərazisində fəaliyyət göstərmir.

“Starlink” necə işləyir?

“SpaceX” şirkətinin əsas gəlir mənbələrindən biri olan “Starlink” 11 mindən çox peykdən ibarət internet şəbəkəsidir. Sistem peyklər vasitəsilə istifadəçi terminallarına yüksəksürətli internet bağlantısı təmin edir.

“Starlink”in təxminən 13 milyon abunəçisi var. Onlar arasında fərdi istifadəçilər, gəmiçilik şirkətləri və iri aviaşirkətlər də yer alır.

“SpaceX” ilk “Starlink” peyklərini 2019-cu ildə orbitə çıxarıb. O vaxtdan şirkət Yerə yaxın orbitdə geniş peyk şəbəkəsi yaradıb.

Bu peyklər Yer səthinə daha yaxın yerləşdiyindən ənənəvi rabitə peykləri ilə müqayisədə daha az gecikmə ilə internet bağlantısı təmin edə bilir.

“Starshield” nədir?

“Starshield” “SpaceX” şirkətinin ABŞ Müdafiə Nazirliyi üçün hərbi və kəşfiyyat məqsədli peyk sistemləri hazırlayan bölməsidir.

“Starlink” əsasən kommersiya məqsədli internet xidməti göstərdiyi halda, “Starshield” hərbi və dövlət qurumlarının ehtiyacları üçün nəzərdə tutulub.

“Starshield” daha güclü şifrələmə texnologiyalarından və xüsusi terminallardan istifadə edir. Bununla belə, onun təhlükəsiz rabitə xidmətlərinin əsasını “Starlink”in peyk şəbəkəsi təşkil edir.

“SpaceX” şirkətinin məlumatına görə, “Starshield” təhlükəsiz rabitə ilə yanaşı, Yer səthini müşahidə etməyə, həmçinin sistemə müxtəlif sensorlar və digər avadanlıqlar inteqrasiya etməyə imkan verir.

Teqlər