Fransada yaşayış xərclərinə qarşı etirazlarda toqquşmalar baş verib
Fransanın bir neçə şəhərində yaşayış xərclərinin artması və tələbə hüquqları ilə bağlı keçirilən aksiyalar zamanı polislə nümayişçilər arasında...
Braziliyalı senator Flavio Bolsonaro prezident seçkilərində Luiz İnasiu Lula da Silvaya məğlub olduqdan sonra ABŞ-yə gedib. Bu barədə hadisədən məlumatlı bir neçə mənbə bildirib.
Bolsonaro çirkli pulların yuyulması ilə bağlı istintaq çərçivəsində pasportlarını təhvil verməsi barədə Ali Federal Məhkəmənin qərarını yerinə yetirməyib. Onun ölkəni bundan sonra tərk etdiyi bildirilir. Senator hər hansı qanunsuz əmələ yol verdiyini rədd edir.
Mənbələrin məlumatına görə, Bolsonaro həyat yoldaşı və iki qızı ilə birlikdə səfər edib. Onun dəqiq harada olduğu məlum deyil. Amma ailəyə yaxın mənbələrdən biri senatorun Floridaya çatdığını bildirib.
ABŞ Dövlət Departamentinin yüksəkvəzifəli rəsmisi Vaşinqtonun Bolsonaro və ailəsinə ölkəyə daxil olmaları üçün viza verəcəyini açıqlayıb.
Braziliya Ali Federal Məhkəməsinin hakimi Aleksandri di Morais Bolsonarodan pasportlarını 24 saat ərzində təhvil verməsini tələb edib.
Qərar Bolsonaronun əlaqəli olduğu vəkil Viller Tomasla bağlı maliyyə əməliyyatları üzrə çirkli pulların yuyulması və valyuta qanunvericiliyinin mümkün pozulması hallarına dair istintaq çərçivəsində qəbul edilib.
Senator, həmçinin atası, keçmiş Prezident Jair Bolsonaro haqqında çəkilən “Dark Horse” (“Qara at”) bioqrafik filminin maliyyələşdirilməsi ilə bağlı ayrıca araşdırmanın diqqət mərkəzindədir.
Hüquq-mühafizə orqanları artıq fəaliyyət göstərməyən “Banco Master” maliyyə qurumunun keçmiş sahibi Daniel Vorkaro ilə əlaqəli olduğu iddia edilən ödənişləri araşdırır.
Məhkəmə Bolsonaronun ölkədən qaça biləcəyi ilə bağlı narahatlıqları və onun böyük maliyyə imkanlarına malik olduğunu əsas gətirərək pasportlarının müsadirəsinə qərar verib.
Oktyabrın 26-da Bolsonaro ölkəni tərk etmək niyyətində olmadığını açıq şəkildə bildirib.
“Mən heç vaxt ölkəni tərk etmək barədə düşünməmişəm. Pasportlarımı təhvil verəcəyəm və məni qorxutmaq üçün açıq-aşkar cəhd olan bu ədalətsizliyə qarşı özümü müdafiə edəcəyəm”, – o deyib.
Lakin işdən məlumatlı iki mənbə bildirib ki, müəyyən edilmiş müddət başa çatsa da, Bolsonaro məhkəmənin qərarını yerinə yetirməyib. Bundan sonra səlahiyyətli qurumlar onun həm adi, həm də diplomatik pasportunu ləğv ediblər.
Oktyabrın 27-də Bolsonaronun hərəkətləri ilə bağlı müxtəlif məlumatlar yayılıb.
Braziliyanın “Globo” nəşri mənbələrə istinadla onun ailəsi ilə birlikdə ölkəni tərk etdiyini bildirib. Argentina mediası isə senatorun əvvəlcə şəxsiyyət vəsiqəsindən istifadə edərək quru yolla Argentinaya keçmiş ola biləcəyini, sonra Mayamiyə uçmaq məqsədilə şəxsi təyyarəyə minməyi planlaşdırdığını yazıb.
Diqqət Braziliya sərhədi yaxınlığındakı Puerto-İquasu şəhərinə enən, Argentinada qeydiyyatdan keçmiş “Gulfstream G400” təyyarəsinə yönəlib. Məlumata görə, təyyarənin ABŞ-yə uçması gözlənilsə də, planlaşdırılan uçuşdan əvvəl yerdə qalıb.
Argentina miqrasiya orqanları Bolsonaronun ölkəyə daxil olması ilə bağlı heç bir qeydin olmadığını açıqlayıblar. Qurum, həmçinin senatorun ailə üzvlərinin sərnişinlər arasında göstərildiyi hər hansı uçuş planının təqdim edilmədiyini bildirib.
Braziliya Federal Polisi də Bolsonaronun ölkəni tərk etməsinə dair rəsmi qeydin olmadığını açıqlayıb. Onun Braziliyadan necə çıxdığını müəyyənləşdirmək üçün sərhəd keçidləri və uçuş məlumatlarının yoxlanılmasına başlanılıb.
Braziliya Prezidenti Lula Bolsonaronun ölkəni tərk etdiyi barədə xəbərlərə münasibət bildirərək onun Braziliyada qalmalı və özünü müdafiə etməli olduğunu deyib.
O, Braziliada çıxışı zamanı seçkilərdə məğlub olan rəqibinin ölkədə qalmalı və ona qarşı irəli sürülən ittihamlara cavab verməli olduğunu bildirib.
“Bolsonaro ailəsi belədir. Braziliya onlar üçün ikinci, ABŞ isə birinci vətəndir”, – Lula deyib.
Lulanın açıqlamaları Bolsonaronun partiyası seçkilərdə Lulanın qələbəsini rəsmən tanısa da, senatorun nəticələrə etirazını davam etdirdiyi bir vaxta təsadüf edib.
Lula oktyabrın 25-də keçirilən prezident seçkilərinin ikinci turunda Bolsonaroya qalib gələrək dördüncü dəfə prezident seçilib.
Rəsmi nəticələrə görə, Lula etibarlı səslərin təxminən 51,8 faizini, Bolsonaro isə 48,2 faizini qazanıb.
Buna baxmayaraq, Bolsonaro məğlubiyyətini qəbul etməyib. O, seçki prosesində qanun pozuntularının olduğunu iddia edərək nəticələrin hüquqi yollarla ləğvinə çalışacağını bildirib.
Oktyabrın 26-da Liberal Partiya (PL) Lulanın qələbəsini rəsmən tanıyıb. Partiyanın sədri Valdemar Kosta Neto bildirib ki, siyasi qüvvə Braziliyanın seçki orqanlarının təsdiqlədiyi nəticələri qəbul edir. Bununla belə, partiya seçkiqabağı dövrdə hökumət xərcləri ilə bağlı narahatlıqlarını rəsmi qaydada gündəmə gətirməyə davam edəcək.
Partiyanın bəyanatında Bolsonaronun seçkilərin nəticələrinin ləğvi tələbi dəstəklənməyib.
Bu arada, Braziliya Ali Seçki Məhkəməsinin sədri, keçmiş Prezident Jair Bolsonaro tərəfindən Ali Federal Məhkəməyə təyin olunan Kassiu Nunes Markes seçkilərin dürüst keçirildiyinə əmin olduğunu bildirib. O, səsvermə sistemində qanun pozuntularının olması ilə bağlı ehtimalları rədd edib.
Son hadisələr 2022-ci il prezident seçkilərindən sonrakı proseslərlə müqayisə olunur. Həmin vaxt Jair Bolsonaro Lulaya məğlub olduqdan və əvvəlcə nəticələri tanımaqdan imtina etdikdən sonra ABŞ-yə getmişdi.
Keçmiş prezident sonra Braziliyaya qayıdıb. O, 2022-ci il seçkilərindəki məğlubiyyətindən sonra dövlət çevrilişi planı ilə əlaqəli iş üzrə təqsirli bilinərək 27 il müddətinə azadlıqdan məhrum edilib. Hazırda cəzasını ev dustaqlığında çəkir.
Flavio Bolsonaronun ölkəni tərk etməsi seçkilərdən sonra Braziliya ilə ABŞ arasındakı münasibətlərin yenidən diqqət mərkəzinə düşdüyü vaxta təsadüf edib.
ABŞ Prezidenti Donald Tramp səsvermənin dürüstlüyünü şübhə altına alıb. O, heç bir sübut təqdim etmədən seçkilərin saxtalaşdırılmış və korrupsiyaya bulaşmış təsiri bağışladığını deyib.
Bolsonaronun harada olduğu rəsmən təsdiqlənmədiyi və Braziliyanı necə tərk etmiş ola biləcəyi hələ də araşdırıldığı üçün bu hadisə onsuz da gərgin keçən seçkidən sonrakı dövrdə əlavə qeyri-müəyyənlik yaradıb.
Azərbaycan Prezidenti İlham Əliyevin Hanoyda Vyetnam Prezidenti To Lam ilə geniş tərkibdə görüşü keçirilib. Liderlər Birgə Bəyanat qəbul edib, enerji, təhlükəsizlik və institusional əməkdaşlıq sahələrində imzalanmış sənədləri mübadilə ediblər.
Bəhreyndə noyabrın 21-də mülki təyinatlı sənaye obyektində yanğın baş verib. Ölkə rəsmiləri yanğının İranın hücumundan sonra başladığını bildiriblər.
ABŞ-nin müdafiə naziri Pit Heqset ABŞ ilə Kanada arasında müdafiə əməkdaşlığına yeni məhdudiyyətlər tətbiq edib. Bu barədə “The Washington Post” noyabrın 20-də göstərişdən xəbərdar olan rəsmilərə istinadən məlumat yayıb.
Birləşmiş Krallıq və Avropa İttifaqı (Aİ) ticarəti asanlaşdırmaq, gənclər üçün yeni imkanlar yaratmaq və iqtisadi əlaqələri gücləndirmək barədə razılığa gəliblər. Bu saziş “Brexit”dən sonra tərəflər arasında münasibətlərin yenidən qurulması baxımından mühüm əhəmiyyət daşıyır.
Birləşmiş Millətlər Təşkilatının (BMT) Cenevrədə keçirilən, insan müdaxiləsi olmadan və ya məhdud nəzarətlə işləyə bilən silahlarla bağlı danışıqları başa çatıb. İştirakçılar 2028-ci ilədək yeni qaydaların hazırlanması üçün müzakirələri davam etdirməyə razılaşıblar.
Fransanın bir neçə şəhərində yaşayış xərclərinin artması və tələbə hüquqları ilə bağlı keçirilən aksiyalar zamanı polislə nümayişçilər arasında toqquşmalar baş verib. Polis gözyaşardıcı qazdan istifadə edib.
Antalyada keçirilən BMT İqlim Dəyişikliyi Konfransında (COP31) Avropa İttifaqı və bir sıra digər tərəflər yekun sənəd layihəsini rədd etdiyindən razılaşma əldə olunmayıb.
“SpaceX” ABŞ Kosmik Qüvvələrinin məxfi missiyası üçün “Falcon 9” raketini Kaliforniyadakı Vandenberq bazasından buraxıb.
ABŞ sərhədinə çatmağa çalışan 2 minə yaxın miqrant noyabrın əvvəlində Meksikanın cənubundakı Çiapas ştatında magistral yolun nəzarət məntəqəsindən keçib. Yayılan məlumata görə, bu, Donald Trampın Ağ Evə qayıtmasından sonra bölgədə qeydə alınan ilk böyük miqrant karvanı olub.
ABŞ-nin Vaşinqton ştatının qubernatoru Bob Ferqyuson immiqrasiya xidməti əməkdaşlarının Sietl–Takoma Beynəlxalq Hava Limanında iki sərnişini saxlamasını pisləyib.
AnewZ tətbiqini “Play Store” və “App Store”dan yükləyə bilərsiniz.
Bu mövzu haqqında fikriniz nədir?
İlk şərhi siz yazın