“Binance”dən 6,3 milyard dollar oğurlanıb: Şübhələr Şimali Koreyaya yönəlib

“Binance”dən 6,3 milyard dollar oğurlanıb: Şübhələr Şimali Koreyaya yönəlib
İllüstrativ fotoda “Binance” loqosu əks olunan smartfon və kriptovalyutaları simvolizə edən təsvirlər klaviatura üzərində yerləşdirilib. 8 noyabr 2022-ci il.
Reuters

Dünyanın ən böyük kriptovalyuta birjası olan “Binance”ə kiberhücum nəticəsində 6,3 milyard dollar dəyərində rəqəmsal aktiv oğurlanıb. Mütəxəssislər tarixdə ən böyük kriptovalyuta oğurluğu hesab edilən hücumun arxasında Şimali Koreya ilə əlaqəli hakerlərin dayandığını bildirirlər.

“TRM Labs” və “Chainalysis” şirkətlərinin araşdırmalarına görə, hücumun Şimali Koreyanın “TraderTraitor” adlı haker qrupu tərəfindən həyata keçirildiyi ehtimal olunur. Bu qrup daha əvvəl də kriptovalyuta platformalarına və texnologiya şirkətlərinə qarşı kiberhücumlarla əlaqələndirilib.

“Binance” bildirib ki, oğurlanan vəsaitin təxminən 3 milyard dollarlıq hissəsi artıq bloklanıb. Şirkət itkilərin istifadəçilərə təsir etməyəcəyini, bütün zərərin öz vəsaiti və xüsusi ehtiyat fondu hesabına qarşılanacağını açıqlayıb.

İlkin araşdırmalara əsasən, hakerlər şirkət əməkdaşlarından birinin kompüterinə müdaxilə etməklə sistemə daxil olmuş ola bilərlər. Hadisənin dəqiq səbəbləri ilə bağlı araşdırma davam edir.

Kibertəhlükəsizlik mütəxəssislərinin sözlərinə görə, “TraderTraitor” saxta iş təklifləri və zərərli proqramlardan istifadə edərək şirkətlərin daxili sistemlərinə giriş əldə edir.

“Chainalysis”in məlumatına görə, Şimali Koreya ilə əlaqələndirilən haker qrupları 2025-ci ilin sonunadək ən azı 6,75 milyard dollar dəyərində kriptovalyuta oğurlayıblar. Buraya 2025-ci ilin fevralında “Bybit” platformasından oğurlanan 1,5 milyard dollar da daxildir.

Qərb rəsmiləri iddia edirlər ki, bu kiberhücumlardan əldə olunan vəsait Şimali Koreyanın nüvə və ballistik raket proqramlarının maliyyələşdirilməsinə yönəldilir.

ABŞ Dövlət Departamenti Şimali Koreyanın beynəlxalq sanksiyalardan yayınmaq və silah proqramlarını maliyyələşdirmək üçün kibercinayətlərdən getdikcə daha geniş istifadə etdiyini bildirib.

Teqlər