“AnewZ” “Shadow of the Cross” (Xaçın kölgəsində) adlı sənədli filmini təqdim edib

“AnewZ” “Shadow of the Cross” (Xaçın kölgəsində) adlı  sənədli filmini təqdim edib
Anewz

“AnewZ” “Shadow of the Cross” (Xaçın kölgəsində) adlı yeni sənədli filmini təqdim edib. Film dünyanın ən tanınmış humanitar yardım missiyalarından birinin fəaliyyətini, tarixini və mübahisəli rolunu araşdırır.

Sənədli film Qırmızı Xaçın müharibələr, işğallar, humanitar dəhliz və ictimai etimadın sarsıldığı dövrlərdəki fəaliyyətini araşdırır. Əsas sual isə bundan ibarətdir: həbsxanalara, cəbhə xəttinə və münaqişə zonalarına çıxışı olan bu nüfuzlu humanitar qurumun ona göstərilən etimaddan sui-istifadə etmədiyinə kim zəmanət verir?

Film 1944-cü ildə Qırmızı Xaç nümayəndələrinin nasistlərin yəhudilər üçün yaratdığı Terezin gettosuna səfəri ilə başlayır. Səfər ərəfəsində nasistlər gettodakı ağır reallığı gizlətmək üçün saxta görüntü yaradaraq oradakı həyatı fərqli şəkildə təqdim ediblər.

Bu hadisə vasitəsilə filmin müəllifləri iki mühüm məqama - humanitar təşkilatlara təqdim olunan mənzərənin manipulyasiya oluna bilməsinə və müşahidəçilərin saxta görüntünü həqiqət kimi qəbul etmək riski ilə üzləşməsinə diqqət çəkirlər.

Sənədli filmdə İkinci Dünya müharibəsi və sovet hərbi əsirlərinin taleyindən bəhs olunur. Filmdə qeyd olunur ki, 1945-ci ilədək 5 milyondan çox sovet hərbi əsiri nasistlərin əsirliyinə düşüb, onların 3 milyondan çoxu isə geri qayıtmayıb.

Bu tarixi faktlar fonunda müəlliflər humanitar müdafiə sisteminin ilk böyük sınaqlarını və uğursuzluqlarını təhlil edirlər. Sənədli filmdə kütləvi cinayətlərin açıq şəkildə baş verdiyi şəraitdə bitərəfliyin mühüm dəyəri sual altında qalır.

Sənədli filmin mühüm bölmələrindən biri Azərbaycana və Birinci Qarabağ müharibəsinə həsr olunub. Bu hissədə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Xankəndidəki fəaliyyəti və Azərbaycanın ərazi bütövlüyü ilə bağlı irəli sürülən iddialar araşdırılır.

Filmdə həmçinin Ermənistan və vaxtilə işğal altında olmuş Azərbaycan ərazilərində saxlanılan, BQXK əməkdaşları tərəfindən qeydiyyata alınmış Azərbaycan vətəndaşlarının taleyinə və onlarla bağlı işə xüsusi diqqət ayrılır.

Birinci Qarabağ müharibəsi zamanı əsir götürülən, girov saxlanılan və ya itkin düşən 4 minə yaxın azərbaycanlının taleyi ön plana çıxır. Burada həmçinin Beynəlxalq Qırmızı Xaç Komitəsinin ziyarətindən sonra rəsmi qeydiyyata alınmış 54 Azərbaycan vətəndaşının vəziyyəti xüsusi vurğulanır.

Bildirilir ki, 54 nəfərdən 17-sinin meyiti Azərbaycana təhvil verilib. 33 nəfərin saxlanıldıqları müddətdə öldükləri bildirilsə də, onların nəşi geri qaytarılmayıb. Qalan 4 nəfərin taleyi ilə bağlı hər hansı əlavə məlumat təqdim edilməyib.

Sənədli filmin digər bölməsində Laçın nəzarət-buraxılış məntəqəsi ilə bağlı məsələ araşdırılır. Azərbaycan rəsmi qurumlarının məlumatına görə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) xətti ilə hərəkət edən nəqliyyat vasitələrində qaçaqmalçılıq yolu ilə gətirilən mobil telefonlar, siqaretlər və yanacaq aşkar edilib.

Bu hadisə fonunda sənədli filmdə etimada əsaslanan humanitar dəhlizin fəaliyyət mexanizmi təhlil edilir, belə missiyalarda şəffaflıq, hesabatlılıq və müharibə şəraitində genişmiqyaslı məsələlər araşdırılır.

Sənədli filmdə Rusiya Qırmızı Xaç Cəmiyyəti ilə bağlı iddialar da təhlil olunub. Filmin növbəti hissəsində diqqət Ukraynaya və Rusiya Qırmızı Xaç Cəmiyyətinə yönəlir. Ekran əsərində Buça hadisələri, Ukraynanın işğal olunmuş əraziləri, eləcə də Donetsk, Luqansk və Zaporojyedə Qırmızı Xaç adı altında fəaliyyət göstərən strukturların vəziyyəti araşdırılır.

Bununla yanaşı filmdə Rusiya Qırmızı Xaç Cəmiyyətinə ayrılan beynəlxalq maliyyə vəsaitləri və qurumun Kremlə yaxın strukturlarla iddia edilən əlaqələri fonunda ortaya çıxan narahatlıqlar təhlil edilir.

Sənədli filmin yekununda Qırmızı Xaçın Çin və Qərbi Afrikadakı fəaliyyəti təhlil olunub. Filmin son bölməsində müharibə mövzusundan haşiyəyə çıxılır. Bu hissədə Çin Qırmızı Xaç Cəmiyyətində baş verən Qo Meymey qalmaqalından sonra xeyriyyə təşkilatlarına ictimai etimadın ciddi şəkildə sarsılması diqqət mərkəzinə çıxarılır. Qərbi Afrikada humanitar yardımların mənimsənilməsi hadisəsi də araşdırılır. Ebola ilə mübarizə dövründə baş verən maliyyə pozuntularına da geniş yer verilir. Filmdə Beynəlxalq Qırmızı Xaç Cəmiyyətinin həmin dövrdə dələduzluq və korrupsiya nəticəsində 5 milyon ABŞ dollarından çox yardım vəsaitinin mənimsənildiyinin təsdiqi də əksini tapıb.

“Xaçın kölgəsində” sənədli filmində humanitar təşkilatın fəaliyyətinə ictimai nəzarət məsələsi ön plana çıxır. Sənədli filmdə humanitar fəaliyyətin zəruriliyi şübhə altına alınmır. Əksinə, bu təşkilatların təsir gücünün şəffaflığı sorğulanır.

Filmdə verilən mesaj bir sual ətrafında formalaşır: Əgər Qırmızı Xaç rəmzi üzə bağlanan qapıları açırsa, həmin qapılar açıldıqdan sonra baş verənlərə kim nəzarət edir?

(Sənədli film 12 may 2026-cı ildə yayımlanıb)

Teqlər