İordaniyanın hava zərbələrindən sonra Suriya sərhəd-keçid məntəqəsini bağlayıb

İordaniyanın hava zərbələrindən sonra Suriya sərhəd-keçid məntəqəsini bağlayıb
İordaniyanın hava zərbələrindən sonra dağıntılar. Suriya, 26 oktyabr 2026-cı il.
Anadolu Agency

Suriya İordaniyanın ölkənin cənubuna endirdiyi hava zərbələrinə etiraz edib və Nəsib sərhəd-keçid məntəqəsini bağlayıb. Dəməşqin məlumatına görə, hücum nəticəsində uşaqlar da daxil olmaqla, mülki şəxslər həlak olub.

Suriya Xarici İşlər Nazirliyi əməliyyatın Dəməşqlə əvvəlcədən razılaşdırılmadığını bildirib. İordaniya ordusu isə hava zərbələrinin Suriya hökuməti ilə koordinasiya edildiyini açıqlayıb.

Hava zərbələri nəticəsində uşaqlar da həlak olub

Dəra əyalətinin səhiyyə qurumlarının məlumatına görə, hava zərbələri nəticəsində biri yaşlı kişi, üçü uşaq olmaqla yeddi nəfər həlak olub, dörd nəfər yaralanıb.

Suriya rəsmiləri hadisə ilə bağlı araşdırmaya başlanıldığını və hücumdan zərər çəkən ailələrə yardım göstəriləcəyini bildiriblər. Hökumət sərhədyanı ərazilərdə təhlükələrlə mübarizə zamanı iki qonşu ölkə arasında təhlükəsizlik sahəsində və əməliyyatların keçirilməsində daha sıx koordinasiyanın vacibliyini də vurğulayıb.

Hava zərbələri qaçaqmalçılıq və silahlı qruplaşmaların fəaliyyəti səbəbindən uzun illərdir qeyri-sabitliyin hökm sürdüyü sərhəd bölgəsində gərginliyi artırıb.

İordaniya əməliyyatı kilsəyə hücumla əlaqələndirir

İordaniya ordusu Hərbi Hava Qüvvələrinin Suriyanın cənubunda terror təşkilatlarının istifadə etdiyi bildirilən məkanları hədəfə aldığını açıqlayıb.

İordaniya ordusunun məlumatına görə, əməliyyat ölkənin cənubundakı Kərək şəhərində baş verən ölümlə nəticələnən hücuma cavab olaraq həyata keçirilib. Həmin hücum zamanı silahlı şəxslər Hamud kilsəsində dəfn mərasimi ilə əlaqədar toplaşan insanlara atəş açıblar.

İordaniya rəsmiləri hücum nəticəsində doqquz nəfərin öldüyünü bildiriblər.

Ordunun açıqlamasına görə, hava zərbələri nəticəsində hücuma görə məsuliyyət daşıdığı bildirilən qruplaşmalara məxsus nəqliyyat vasitələri və obyektlər məhv edilib, həmin qruplaşmaların üzvləri arasında ölən və yaralananlar olub.

Lakin ordu hədəf alınan təşkilatların adlarını, zərbələrin endirildiyi dəqiq yerləri və itkilərin sayını açıqlamayıb.

Atışmadan sonra şübhəlilər saxlanılıb

İordaniyanın İctimai Təhlükəsizlik İdarəsi bildirib ki, təhlükəsizlik qüvvələri oktyabrın 26-da Kərək şəhərində baş verən atışma zamanı kilsəyə hücumla əlaqəli üç şübhəlini saxlayıb.

Qurumun məlumatına görə, əməliyyat zamanı hər üç şübhəli yaralanıb. İordaniyanın təhlükəsizlik qüvvələrinin əməkdaşları arasında isə xəsarət alan olmayıb.

Rəsmilər saxlanılan şəxslərin kimliyi və onlara qarşı irəli sürülə biləcək ittihamlarla bağlı hələlik əlavə məlumat verməyiblər.

Sərhəd-keçid məntəqəsi bağlanıb

Diplomatik gərginliyin yaranmasından bir neçə saat sonra Suriya iki ölkə arasında əsas keçid məntəqələrindən biri olan Nəsib sərhəd-keçid məntəqəsini bağlayıb.

Limanlar və Gömrük üzrə Baş İdarənin məlumatına görə, Dəra əyalətindəki təhlükəsizlik vəziyyəti ilə əlaqədar sərnişinlərin və yük nəqliyyat vasitələrinin hər iki istiqamətdə hərəkəti dayandırılıb.

Rəsmilər bildiriblər ki, qərar sərnişinlərin və sərhəd əməkdaşlarının təhlükəsizliyini təmin etmək məqsədi daşıyır. Aidiyyəti qurumlar bölgədəki vəziyyəti izləməyə davam edirlər.

Sərhəd-keçid məntəqəsinin bağlanmasının Suriya ilə İordaniya arasında ticarətə və gediş-gəlişə təsir göstərəcəyi gözlənilir. Son illərdə iki ölkə Suriyadakı münaqişə səbəbindən uzun müddət pozulmuş iqtisadi əlaqələri bərpa etməyə çalışır.

 

Teqlər