Putinin Pekin səfəri Çin–Rusiya münasibətlərində güc balansını və çoxqütblü dünya iddiasını önə çıxardı

Putinin Pekin səfəri Çin–Rusiya münasibətlərində güc balansını və çoxqütblü dünya iddiasını önə çıxardı
Anewz

Rusiya Prezidenti Vladimir Putinin Pekinə son səfəri iki strateji tərəfdaş arasında keçirilən adi dövlət görüşündən daha geniş siyasi məna daşıyırdı.

ABŞ Prezidenti Donald Trampın Çinə olan səfərindən cəmi bir neçə gün sonra baş tutan bu zirvə görüşü xüsusi maraq doğurdu. Görüş Kremlin və Pekinin Qərbə ünvanladığı incə geosiyasi mesaj kimi qiymətləndirilir: Qərbin qlobal liderliyi getdikcə daha çox müzakirə mövzusuna çevrilir, beynəlxalq nizam isə daha parçalanmış və çoxqütblü xarakter alır. Səfərin rəmzi yükü əldə olunan razılaşmalar qədər əhəmiyyətli idi.

Bir sıra məqamlar - Çinin dövlət protokolu, “çay diplomatiyası”, enerji dəhlizləri, suverenlik və çoxqütblü dünya nizamı ilə bağlı müzakirələr səfərin tərəflər üçün strateji əhəmiyyət daşıdığına  işarə edirdi:

Rəsmi Moskva və Pekinin yanaşmaları bir daha nümayiş etdirdi ki, onların əməkdaşlığı yalnız taktiki maraqlarla kifayətlənmir. Bu, həm də qlobal güc balansının yenidən formalaşdırılması cəhdidir.

Lakin bu nümayişkaranə yaxınlığın daxilində gərginliklər və praqmatik hesablamalar da gizlədir. Putin Pekinə strateji tərəfdaşlığı bir daha təsdiqləmək, Rusiya iqtisadiyyatı üçün stimul və enerji resurslarının satışı ilə bağlı əlavə razılaşmalar əldə etmək məqsədilə getmişdi.

Si Cinpin isə beynəlxalq arenada özünəinamı artan Çini dəyişən dünya düzənində əvəzolunmaz mərkəz, həm Vaşinqton, həm də Moskva ilə münasibətləri idarə edə bilən güc kimi göstərmək istəyirdi.

Si Cinpinlə Putin arasındakı “çay söhbəti” səfərin ən çox müzakirə olunan məqamlarından biri olub. Çin diplomatiyasında rəmzi məqamlara xüsusi önəm verilir. Siyasi şərhçilərin fikrincə, Si Cinpinin Putini qeyri-rəsmi və səmimi çay süfrəsi arxasında qəbul etməsi tərəflər arasındakı siyasi yaxınlığın göstəricisidir. Bu görüşü “köhnə dostlar” arasındakı dialoq kimi təqdim edənlər də olub.

Bəzi müşahidəçilərin qənaətinə görə, ABŞ Prezidenti Donald Trampın Çinə səfəri fonunda formalaşan ab-hava Si-Putin görüşündəki mühitlə müqayisədə daha rəsmi xarakter daşıyıb.

Çin siyasi mədəniyyətində “çay diplomatiyası” sadəcə mərasim elementi hesab edilmir. Belə qeyri-rəsmi mühit tərəflər arasında etimadı, strateji arxayınlığı və şəxsi münasibətlərin səviyyəsini ifadə edir. Si Cinpin adətən mühüm strateji tərəfdaşlarla görüşlərində bu formata üstünlük verir. Putinə yenidən bu cür münasibət göstərilməsi onu deməyə əsas verir ki, Qərbin Ukrayna ilə bağlı təzyiqlərinə və sanksiyalarına baxmayaraq, Rusiya Çin üçün mühüm geosiyasi tərəfdaş olaraq qalır.

Bu, əhəmiyyətli fərqdir. Çin iqtisadiyyatı Rusiyanınkından xeyli böyükdür. Bundan əlavə, Pekin ticarət, maliyyə, texnologiya və insan kapitalı sahələrində daha geniş imkanlara malikdir. Münasibətlər strateji baxımdan yaxın olsa da, tərəflər arasında tam tarazlıq yoxdur. “Çay diplomatiyasının bu yaxınlığı vurğulamasına baxmayaraq, proses rəsmi Pekinin daha üstün mövqedə olduğunu nümayiş etdirir.

Enerji əməkdaşlığı da zirvə görüşünün əsas mövzularından biri olub. Rusiya uzun müddətdir müzakirə olunan “Sibir Gücü–2” qaz kəməri vasitəsilə Çinə qaz ixracını genişləndirməyə çalışır. Moskva üçün bu layihə təkcə iqtisadi əhəmiyyət daşımır. Rusiya–Ukrayna müharibəsindən sonra Avropa bazarlarını itirməkdə olan Kreml bu layihəyə həm də geosiyasi dayaq kimi yanaşır.

Lakin səfər zamanı bu istiqamətdə ciddi irəliləyiş əldə olunmayıb. Boru kəməri layihəsi ilə bağlı hər hansı əsaslı razılaşma da elan edilməyib.

Rusiya üçün vəziyyət kifayət qədər aydındır. Avropanın enerji mənbələrini şaxələndirməsi Moskvanın ənənəvi ixrac modelini zəiflədib. Bu şəraitdə Çin təkcə alternativ bazar deyil, həm də Rusiyanın gələcək enerji strategiyasının əsas dayaqlarından birinə çevrilə bilər.

Putin Pekinə müəyyən gözləntilərlə yollanmışdı. O, ümid edirdi ki, Yaxın Şərqdəki qeyri-sabitlik və dəniz marşrutları ilə bağlı risklər Çini Rusiyanın enerji resurslarını daha sürətlə almağı barədə öhdəliklər götürməyə sövq edəcək. Lakin Çin tələsmir.

Rəsmi Pekin anlayır ki, sanksiyalar və geosiyasi təcrid fonunda Rusiyanın danışıqlardakı mövqeyi zəifləyib. Bu isə Çinə qiymət siyasəti, infrastrukturun maliyyələşdirilməsi və uzunmüddətli müqavilələrin şərtlərinin müəyyənləşdirilməsi baxımından əlavə üstünlüklər qazandırır. Bir çox hallarda Çin danışıqların uzanmasından faydalanır. Eyni zamanda, Rusiyadan enerji resurslarını endirimli qiymətlərlə almağa davam edir.

Bu dinamika Çin–Rusiya münasibətlərindəki əsas ziddiyyəti üzə çıxarır. Siyasi baxımdan tərəflər arasındakı münasibətlər heç vaxt olmadığı qədər yaxın görünsə də, iqtisadi baxımdan balans getdikcə rəsmi Pekinin xeyrinə dəyişir.

Suverenlik, hegemonluq və çoxqütblülük dili

Səfərin ən mühüm tərəfi iqtisadi deyil, ideoloji xarakter daşıyırdı. Hər iki lider əməkdaşlığı suverenlik, sivilizasiya müstəqilliyi və hegemon təsirə qarşı mübarizə kontekstində təqdim edib.

Bu, Soyuq müharibədən sonrakı dövrdə formalaşan və Qərbin liderlik etdiyi liberal beynəlxalq nizam modelinə qarşı ortaq Çin–Rusiya baxışının getdikcə daha aydın şəkildə ortaya çıxdığını göstərir.

Moskva bu ritorikadan daha çox müdafiə məqsədilə istifadə edir. Rusiya özünü Qərbin genişlənmə siyasətinin, sanksiyaların və təcrid cəhdlərinin hədəfinə çevrilmiş tərəf kimi təqdim edir.

Rəsmi Pekin isə daha strukturlaşdırılmış yanaşma nümayiş etdirir. Çin mövcud beynəlxalq sistemdəki problemləri ABŞ-nin hərbi gücü, maliyyə təsiri və müttəfiqlik şəbəkələri vasitəsilə üstünlük qazanması ilə əlaqələndirir.

İki ölkə arasındakı yaxınlaşma ideoloji oxşarlıqdan daha çox, Qərbin universal yanaşmalarına qarşı formalaşmış ortaq mövqeyə əsaslanır.

Əhəmiyyətli məqamlardan biri də odur ki, “çoxqütblülük” anlayışı artıq yalnız nəzəri termin deyil, eyni zamanda siyasi layihəyə çevrilib. Bu səbəbdən müzakirələr təkcə ikitərəfli münasibətlərlə məhdudlaşmayıb, həm də nüvə təhlükəsizliyi, süni intellekt, sanksiyalar, Yaxın Şərqdə sabitlik və NATO-nun genişlənməsi kimi daha geniş məsələləri əhatə edib. Tərəfdaşlıq artıq sırf texniki xarakter daşımır. Məqsəd qlobal qaydaların formalaşmasına təsir göstərməkdir.

Bununla belə, tərəflər arasında ziddiyyətlər qalmaqdadır. Çin qlobal iqtisadi sistemlə dərin inteqrasiyasını qoruyur və mövcud beynəlxalq strukturlardan əhəmiyyətli dərəcədə faydalanır. Moskva isə sanksiyalar və Rusiya–Ukrayna müharibəsi fonunda daha radikal mövqeyə yönəlib.

Beləliklə, hər iki tərəf çoxqütblülükdən danışır. Lakin onlar bu anlayışın eyni modelini deyil, fərqli formalarını nəzərdə tuturlar.

Putinin Çinə səfəri ikitərəfli diplomatiya çərçivəsini aşaraq daha geniş geosiyasi reallığı - klassik böyük güc siyasətinin geri dönüşünü ortaya qoydu. Dünya artıq Soyuq müharibədən sonrakı nisbi təkqütblü mərhələdən uzaqlaşır. Bunun əvəzində daha çevik, lakin daha qeyri-sabit beynəlxalq sistem formalaşır.

Əsas sual isə budur: Çin–Rusiya münasibətləri həqiqi strateji tərəfdaşlıq olaraq qalır, yoxsa getdikcə iyerarxik münasibətlər sisteminə çevrilir?

Kreml üçün Çin həyati əhəmiyyət daşıyır. Pekin Rusiya üçün iri ixrac bazarı, texnologiya mənbəyi, ticarət kanalı, BMT-də diplomatik dəstək vasitəsi və beynəlxalq təcridin təsirlərini azaltmağa kömək edən mühüm tərəfdaşdır.

Çin üçün isə Rusiya strateji tərəfdaş, enerji təchizatçısı və ABŞ-yə münasibətdə geosiyasi balansın mühüm elementidir. Lakin rəsmi Pekin Rusiyaya tam bərabər tərəf kimi yanaşmır.

Rusiya rəsmiləri “bərabər tərəfdaşlıq” və “misilsiz etimad” ifadələrini işlətməyə davam edirlər. Amma 2022-ci ildən sonra Rusiyanın iqtisadi və texnoloji asılılığı nəzərəçarpacaq dərəcədə artıb. Qərb şirkətlərinin Rusiya bazarını tərk etməsindən sonra yaranan boşluğu əsasən Çin şirkətləri doldurub. Çinin ödəniş sistemləri və ticarət kanalları da sanksiyaların təsiri altında olan Rusiya iqtisadiyyatı üçün daha böyük əhəmiyyət kəsb etməyə başlayıb.

Eyni zamanda, Çin ehtiyatlı davranır. Pekin Qərb bazarlarına çıxışını riskə atacaq addımlardan yayınır və sanksiyaları açıq şəkildə pozmur. O, Rusiyanı dəstəkləsə də, Qərblə birbaşa qarşıdurmaya girməmək üçün bu dəstəyi diqqətlə tarazlaşdırır. Bu kontekstdə Tramp–Si danışıqları da Çinin belə balanslı siyasətinin növbəti nümunələrindən biri kimi qiymətləndirilir.

Bu yanaşma Çinin daha geniş geosiyasi yetkinliyini və tarixən formalaşmış praqmatizmini nümayiş etdirir. Rəsmi Pekin Kremldən fərqli olaraq beynəlxalq nizamı yenidən qurmağa çalışır. Buna baxmayaraq, o, mövcud beynəlxalq institutlar və mexanizmlər çərçivəsində fəaliyyətini davam etdirir.

Bir məqam getdikcə daha aydın görünür: Qərbin qlobal güc balansını təkbaşına müəyyən etdiyi dövr tədricən sona yaxınlaşır. Həm Rusiya, həm də Çin bu keçidi sürətləndirmək niyyətindədir. Lakin sual ondan ibarətdir ki, yaranmaqda olan yeni beynəlxalq nizam sabit, yoxsa daha çox qarşıdurmalı olacaq.

 

Teqlər