BMT: Qlobal istiləşmə təhlükəli həddə yaxınlaşır

BMT: Qlobal istiləşmə təhlükəli həddə yaxınlaşır
Əriməkdə olan Sermeq buzlağının havadan görüntüsü. Nuuk, Qrenlandiya, 11 sentyabr 2021-ci il.
Reuters

BMT-nin hesabatına görə, beynəlxalq öhdəliklərə baxmayaraq, qlobal istiləşmənin Paris Sazişində müəyyən edilmiş təhlükəli həddi aşması qaçılmaz görünür. İstixana qazlarının emissiyası rekord səviyyəyə çatıb, qlobal temperatur artımını 1,5°C ilə məhdudlaşdırmaq isə getdikcə çətinləşir.

BMT-nin Ətraf Mühit Proqramının (UNEP) son hesabatına görə, qlobal istiləşmənin Paris Sazişində nəzərdə tutulan 1,5°C həddini aşması artıq qaçılmaz görünür. Bu, hökumətlərin iqlimlə bağlı verdikləri vədlərlə iqlim dəyişikliyinin ən ağır fəsadlarının qarşısını almaq üçün görülməli tədbirlər arasında fərqin getdikcə böyüdüyünü göstərir.

Bu xəbərdarlıq dünyada istixana qazlarının emissiyasının artmaqda davam etdiyi bir vaxtda səsləndirilib. Halbuki ölkələr uzun illərdir qalıq yanacaqlardan istifadənin azaldılması və təmiz enerjiyə keçidin sürətləndirilməsi barədə danışıqlar aparırlar.

UNEP-in hesablamalarına görə, ölkələr iqlimlə bağlı hazırkı öhdəliklərini tam yerinə yetirsələr belə, əsrin sonuna qədər qlobal temperatur sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 2,3–2,5°C arta bilər. Yalnız hökumətlərin hazırda həyata keçirdiyi siyasət nəzərə alınarsa, temperatur artımı təxminən 2,8°C-yə çata bilər.

Hər iki ssenaridə temperatur artımı 2015-ci ildə qəbul edilmiş Paris Sazişinin hədəflərini xeyli aşır.

Paris Sazişinin hədəflərinə çatmaq çətinləşir

Paris Sazişinə əsasən, ölkələr qlobal temperatur artımını sənayeləşmədən əvvəlki dövrlə müqayisədə 2°C-dən xeyli aşağı saxlamağı və artımı 1,5°C ilə məhdudlaşdırmaq üçün səy göstərməyi öhdələrinə götürüblər.

Alimlər uzun müddətdir xəbərdarlıq edirlər ki, temperaturun hətta dərəcənin onda biri qədər artması ciddi fəsadlara səbəb ola bilər. İqlim dəyişikliyinin təsirləri müəyyən həddə çatdıqda qəfil deyil, istiləşmə artdıqca tədricən güclənir. Bununla belə, araşdırmalar göstərir ki, qlobal istiləşmənin 1,5°C həddini aşması təbiət, ərzaq və su ehtiyatları, sahilyanı yaşayış məntəqələri və insanların sağlamlığı üçün ciddi təhlükələr yaradır.

UNEP-in icraçı direktoru İnqer Andersen xəbərdarlıq edib ki, elmi araşdırmalar və təmiz enerji texnologiyaları sahəsində əldə olunan irəliləyişlərə baxmayaraq, ölkələrin indiyədək götürdükləri iqlim öhdəlikləri istixana qazlarının emissiyasını lazımi səviyyədə azaltmaq üçün kifayət etməyib.

İstixana qazlarının emissiyası rekord həddə çatıb
Nant şəhəri yaxınlığındakı Kordeme kommunasında yerləşən EDF şirkətinə məxsus kömürlə işləyən elektrik stansiyasının bacasından tüstü qalxır. Fransa, 20 yanvar 2022-ci il.
Reuters

2024-cü ildə dünyada istixana qazlarının emissiyası rekord səviyyəyə çatıb. Bu, hökumətlərin iqlim dəyişikliyi ilə mübarizədə nə qədər ciddi çətinliklərlə üzləşdiyini göstərir.

Qlobal istiləşməni 1,5°C ilə məhdudlaşdırmaq üçün növbəti onillikdə istixana qazlarının emissiyası kəskin azaldılmalıdır. UNEP-in hesablamalarına görə, 2035-ci ilə qədər qlobal emissiyalar 2019-cu illə müqayisədə yarıdan çox azaldılmalıdır.

Hətta temperatur artımını 2°C ilə məhdudlaşdırmaq üçün də hazırkı siyasətdə nəzərdə tutulandan daha ciddi tədbirlər görülməlidir.

Hesabat göstərir ki, hökumətlərin iqlimlə bağlı verdikləri vədlərlə bu məqsədlərə çatmaq üçün görülən tədbirlər arasında ciddi fərq qalır.

Yer kürəsində artıq istiləşmənin təsirləri hiss edilir

BMT-nin xəbərdarlığı Yer kürəsində rekord istiləşmənin müşahidə olunduğu bir dövrə təsadüf edir.

Ümumdünya Meteorologiya Təşkilatının (WMO) məlumatına görə, son illər meteoroloji müşahidələr tarixinin ən isti illəri sırasında yer alıb. Qlobal orta temperatur dəfələrlə rekord səviyyəyə çatıb.

Okean sularının temperaturu da rekord səviyyəyə yüksəlib. Okeanlar istixana qazlarının atmosferdə saxladığı əlavə istiliyin böyük hissəsini udur. Suyun istiləşməsi dənizdə istilik dalğalarının güclənməsinə, mərcan riflərinin ağarmasına və ekstremal hava hadisələrinin şiddətlənməsinə səbəb olur.

Alimlər bildirirlər ki, ayrı-ayrı illərdə qlobal temperatur artımının 1,5°C həddini aşması Paris Sazişinin hədəfinin artıq pozulduğu demək deyil. Çünki bu hədəfə nail olunması bir ilin deyil, uzunmüddətli dövrün orta temperatur göstəriciləri əsasında qiymətləndirilir.

Lakin rekord yüksək temperaturun getdikcə daha tez-tez qeydə alınması qlobal istiləşmənin uzunmüddətli dövrdə 1,5°C həddini aşacağı ilə bağlı narahatlıqları artırır.

Qlobal temperatur artımı proqnozları niyə dəyişib?

UNEP-in son proqnozlarında qlobal temperatur artımı ilə bağlı göstəricilər əvvəlki bəzi hesablamalardan bir qədər aşağıdır. Lakin ekspertlərin fikrincə, bu, iqlim dəyişikliyi ilə mübarizədə ciddi irəliləyiş əldə edildiyi demək deyil.

Proqnozlardakı dəyişikliklərin bir hissəsi istixana qazlarının emissiyasının azalması ilə deyil, elmi hesablama metodlarının yenilənməsi ilə bağlıdır.

Siyasi proseslər də vəziyyəti mürəkkəbləşdirib. ABŞ-nin 2026-cı ilin əvvəlində Paris Sazişindən çıxması bu ölkədə gözlənilən emissiya azalmalarının qlobal proqnozlarda nəzərə alınmamasına səbəb olub.

Bundan başqa, bir sıra ölkələr qarşıdakı onillik üçün daha iddialı iqlim planlarını hələ də təqdim etməyiblər. Bu isə gələcək beynəlxalq danışıqlar ərəfəsində narahatlıqları artırır.

Bərpaolunan enerji inkişaf etsə də, qalıq yanacaqlar üstünlüyünü qoruyur
Buğda tarlasında quraşdırılmış günəş paneli. Merredin şəhəri, Avstraliya, 14 may 2025-ci il.
Reuters

İqlimlə bağlı narahatedici proqnozlara baxmayaraq, bərpaolunan enerji sektorunun sürətli inkişafı müəyyən ümidlər yaradır.

İnvestisiyaların artması nəticəsində dünyanın bir çox bölgəsində günəş və külək enerjisindən istifadə genişlənir. Beynəlxalq Enerji Agentliyinin (IEA) proqnozlarına görə, bərpaolunan enerji qlobal enerji sisteminin ən sürətlə inkişaf edən sahəsi olaraq qalacaq.

Bununla belə, təmiz enerji istehsalının artım tempi beynəlxalq iqlim hədəflərinə çatmaq üçün qalıq yanacaqları lazımi miqyasda əvəz etməyə kifayət etmir.

Kömür, neft və təbii qaz bir çox ölkənin iqtisadiyyatında mühüm rol oynamağa davam edir. Eyni zamanda həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə enerjiyə tələbat artır.

Maliyyə çatışmazlığı da əsas problemlərdən biridir. Bu, xüsusilə aşağıgəlirli ölkələr üçün ciddi çətinlik yaradır. İnkişaf etməkdə olan ölkələr dəfələrlə bildiriblər ki, beynəlxalq maliyyə dəstəyinin kifayət qədər olmaması emissiyaların azaldılmasını və iqlim dəyişikliyinin təsirlərinə uyğunlaşma tədbirlərini ləngidir.

Qarşıda hansı çətinliklər var?

Alimlər qlobal istiləşmənin 1,5°C həddini müvəqqəti aşacağını getdikcə daha real hesab edirlər. Əsas sual temperaturun bu həddi nə qədər aşacağı, həmin səviyyədə nə qədər qalacağı və emissiyaların sürətlə azaldılması hesabına istiləşməni yenidən 1,5°C həddinə endirməyin mümkünlüyüdür.

UNEP bildirir ki, qarşıdakı onillikdə istixana qazlarının emissiyasının kəskin azaldılması uzunmüddətli istiləşməni hələ də məhdudlaşdıra bilər. Bu, əsrin sonuna qədər qlobal temperatur artımını Paris Sazişinin 1,5°C hədəfinə yaxınlaşdırmaq imkanını da artırar.

Ekspertlər vurğulayırlar ki, tədbir görmək üçün vaxt getdikcə azalsa da, temperaturun 1,6°C, 2°C və ya 3°C artması arasında ciddi fərq var. İstiləşmənin hansı səviyyəyə çatacağı onun dünya iqtisadiyyatına, təbiətə və insanların həyatına nə dərəcədə ağır təsir göstərəcəyini müəyyən edəcək.

BMT-nin son qiymətləndirməsinə görə, iqlim dəyişikliyinin bəzi fəsadlarının qarşısını almaq artıq mümkün deyil. Lakin gələcəkdə bu fəsadların nə qədər ağır olacağı hökumətlərin, şirkətlərin və insanların qarşıdakı onillikdə atacaqları addımlardan asılıdır.

Teqlər